Həmsədlər yenə 3 meymunu oynadılar

Həmsədlər yenə 3 meymunu oynadılar

Həmsədrləri Ermənistanın işğal altındakı torpaqlar üzərindən Dağlıq Qarabağa qanunsuz çəkdiyi yol narahat etmir


Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri növbəti dəfə ATƏT-in Minsk Qrupu həmsədlərinin vasitəçiliyi ilə onlayn konfrans keçirdilər. Onlayn konfrans bir saat çəkdi. Həmsədrlərin konfransla bağlı yaydığı bəyanatda bir neçə məqam diqqəti çəkir. 

 

Birincisi, həmsədrlər bölgədəki nisbi sabitliyi müsbət qiymətləndiriblər. Həmsədrlər tərəflərin gərginliyin artmaması üçün mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə davam etmələrindən məmnunluqlarını ifadə ediblər.

 

İkincisi, həmsədrlər son təxribat xarakterli bəyanatların, təhrikedici ritorikanın münaqişənin nizamlanma prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd ediblər.

 

Üçüncüsü, həmsədrlər münaqişənin hərbi həllinin olmadığını bildiriblər. Onlar tərəfləri atəşkəs rejimini möhkəmləndirmək və xalqları sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırıblar.

 

Dördüncüsü, həmsədrlər şərtlər imkan verən kimi ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlərin yenidən bərpasının vacibliyini vurğulayıblar. 

 

Beşincisi, həmsədrlər və xarici İşlər nazirləri iyul ayında daha bir birgə videokonfrans keçirmək və ən qısa zamanda birbaşa görüş barədə razılığa gəliblər.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin onlayn konfrans barədə yaydığı bəyanatda nazir Elmar Məmmədyarovun Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırdığı bildirilib. Həmsədrlərin yazılı bəyanatında isə bu məsələ barədə bir cümlə də yoxdur. Başqa sözlə, həmsədrləri Ermənistanın işğal altındakı torpaqlar üzərindən Dağlıq Qarabağa qanunsuz çəkdiyi yol narahat etmir. Necə ki, həmsədləri erməni separatçıların Şuşa, Laçın və Kəlbəcəri məskunlaşdırmaları siyasəti narahat etmir. Halbuki, özlərinin hazırladıqları plana görə də Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı və azərbaycanlılar geri qayıtmalıdırlar. 

 

Həmsədrlər həmişəki kimi iki fikrin üzərində xüsusi dayanıblar: “Münaqişənin hərbi həll yoxdur” və “xalqları sülhə hazırlamaq lazımdır”. Ermənistanın baş nazirinin nümayişkənarə şəkildə Şuşaya gəlişləri, burada qondarma andiçmə mərasimi keçirməsi, o cümlədən məskunlaşdırma siyasətinin davam etdirilməsi müharibə ehtimalını ortadan qaldırmadığı kimi xalqları da sülhə yaxınlaşdırmır. Bunu həmsədrlər ya anlamaq istəmirlər, ya da üç meymunu oynamağa üstünlük verirlər.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi      30 İyun 2020 23:57
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin