Deputatlar “asıb-kəsmək” havasında: Bəlkə, başqa çıxış yolu var...

Deputatlar “asıb-kəsmək” havasında: Bəlkə, başqa çıxış yolu var...

“Onlar belə dərs alıblar, hesab edirlər ki, dövlət ancaq zor aparatıdır”

 

Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması və karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Milli Məclisin iyunun 29-dakı plenar iclasında bəzi millət vəkillərinin səsləndirdiyi fikirlər ictimaiyyət arasında birmənalı qarşlanmadı və sərt tənqidlərə səbəb oldu. Məsələn, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun “Pandemiya yoxdur, oyundur deyənlər və ictimai yerlərdə, avtobuslarda, qapalı məkanlarda maska taxılmaması ilə bağlı təbliğat aparanlar cərimələnməlidir”, İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirovun “Karantin qaydalarını pozan şəxslərə qarşı tətbiq edilən cərimələrin məbləği 1000 dollara qədər artırılsın”, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının “Karantin rejimi daha da sərtləşdirilməli, karantin rejiminin qaydalarına riayət etməyənlərə qarşı ən sərt tədbirlər, ciddi cəzalar görülməlidir” fikirləri insanların narazılığı ilə qarşılandı.

 

Bu gün cəmiyyəti bu sual düşündürür: Cəza tədbirlərinin sərtəşdirilməsi problemdən çıxış üçün nə qədər adekvat tədbirdir və virusla mübarizə aparmaq üçün daha əlverişli vasitələr yoxdurmu?

Bakupost.az - Elmlər namizədi olan partiya sədri əsri yarıladı ...

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev AYNA-ya açıqlamasında deyib ki, deputatların son günlər bu formada fəallaşması koronavirusla bağlı məsələdə hökumətin tədbirlərinin fiaskoya uğramasına görədir: “Pandemiyanın ikinci dalğası Azərbaycanı ağuşuna alıb. Hazırkı göstəricilər, təxminən, birinci dalğadan 7-8 dəfə yüksəkdir. İlin əvvəlindən başlayan səhiyyə islahatları hələ də davam edir. Tibbi sığortaya keçmək üçün verilən söz yerinə yetirilmədi, əksinə, Səhiyyə Nazirliyi bütövlükdə iflic edildi. Və mübarizənin ən qızğın vaxtında karantin rejimi aradan qaldırıldı. Bu da öz “bəhrəsini” verdi”.

 

“Ona görə də həmin deputatlar İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik ediblər. Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişiklik həyata keçirilib, cərimələr artırılıb. Lakin onlar anlamırlar ki, bu yolla xəstəliyin qarşısını almaq mümkün deyil. Ölkədə maariflənmə tədbirləri həyata keçirilməlidir, əhalinin sosial sığortası təmin edilməlidir, insanlara çörəkpulu verilməlidir. Cəmiyyət üç aydır ki, iflic vəziyyətdədir”, - Əliyev bildirib.

 

VİP sədri vurğulayıb ki, karantinə görə cərmilərin yüksək olduğu ölkələrin əksəriyyətində işləməyən vətəndaşlara yüksək maddi yardımlar göstərilir: “Əyilib-dikələ bilməyən adamlar deyirlər ki, “ABŞ-da cərimələr 1000 dollardan başlayır, biz də cərimələri o səviyyəyə qaldırmalıyıq”. O adamlara başa salan lazımdır ki, Amerika Birləşmiş Ştatlarında pandemiya dövründə rifahın yüksək olmasına baxmayaraq, işləməyən şəxslərin hər birinə 2000 dollar, işləyənlərə 1200 dollar, uşaqların saxlanılması üçünsə 700 dollar vəsait ayrılıb. Ətrafımızdakı dövlətlərin hər birində insanlara sosial yardım göstərilib. Ondan sonra isə cərimələrin məbləği artırılıb ki, insanlar məsuliyyətli olsunlar”.

 

“Yəni onların evdə qalması üçün təminat həyata keçirildikdən sonra, pandemiyanın qarşısının alınması üçün çox sərt karantin rejimi tətbiq edilib. Mən də hesab edirəm ki, bu gün ölkədə fövqəladə vəziyyət elan olunmalıdır. Çünki hazırkı karantin rejimi xəstəliyin qarşısını almaq üçün yetərli olmayacaq. Lakin fövqəladə vəziyyətin elan olunmasından qabaq hər bir ölkə vətəndaşına adbaad yardım göstrilməlidir”, - Ə.Əliyev əlavə edib.

İqbal Ağazadə deputatlığa namizəd olacaq - Hamı Qarabağlıdır, bizi ...

Ümid Partiyasının sədri İqbal Ağazadə də AYNA-ya açıqlamasında, sərtləşdirmədən danışan deputatları tənqid edib: “Onlar dərslərini vaxtında yaxşı öyrənmədikləri üçün indi belə danışırlar. Dövlət idarəçiliyini, dövlətin nə üçün olduğunu bilmirlər. Elə bilirlər ki, dövlət ancaq zor aparatıdır. Lakin anlamaq lazımdır ki, dövlət zor aparatı yox, xalqa xidmət etmək aparatıdır. Bunlar klassik “Lenin modeli”ndən kənara çıxa bilmirlər, öyrəndikləri də odur. Elə bilirlər ki, dövlət ancaq vətəndaşı məcburiyyət qarşısında qoymaqdan ibarətdir. Ona görə də yanaşmaları ancaq bu formadadır”.

 

“Lakin düşünmürlər ki, vətəndaşın maska almağa pulu yoxdur. Vətəndaş ayda 9 manat maskaya pul versə, bu, onun aylıq çörəkpulu edir. Düşünmək lazmdır ki, vətəndaş onu ala bilir, yoxsa yox? Düşünmək lazımdır ki, maskanın pulsuz paylanılması təklif olunsun. Axı, pandemiyanı vətəndaş yaratmayıb ki, özü öz müalicəsiylə məşğul olsun. Lakin görünən odur ki, həmin deputatların Parlamentdə xalqın ziyanına fikirlər səsləndirməkdən başqa missiyaları yoxdur”, - Ağazadə deyib.

AVCİYA-nın “Sərsəng SOS” layihəsinin əlaqələndiricisi, tanınmış ...

Hüquqşünas Samir İsayev isə nisbtən fərqli fikirdədir. O, AYNA-ya şərhində bildirib ki, həm mətbuatda, həm dövlət tərəfindən, həm də ictimai-siyasi xadimlər tərəfindən pandemiya ilə bağlı yüksək maarifləndirmə işləri aparılır: “Ona göə də yalnız cəzanın sərtləşdirilməsi üsulu ilə bağlı işlər görülmür. Sadəcə olaraq qabaqlayıcı tədbirlər sırasında qanun ən mühüm tədbirlərdən biridir. Bu baxımdan, Milli Məclisdə karantin rejimi ilə bağlı normativ sənədlərin qəbul olunması və sanksiyaların sərtləşdirilməsi ilə bağlı qəbul olunan qərarlar müsbət haldır. Çünki insanlar çəkinməlidirlər”.

 

“Lakin mən cərimə ilə bağlı səslənən fikirləri də tam doğru hesab etmirəm. Guya ki, cərimə az olanda az, çox olanda çox effekt verir? Sadəcə, qanunun sərtləşdirilməsi heç də insanları cəzalandırmaq məqsədi güdmür, bunun, əsasən qabaqlayıcı məqsədləri var ki, insanlar rejimi pozsalar, cəzalanacaqlarını bilsinlər və cinayət məsuliyyətinə cəlb olunmaqdan çəkinsinlər. Mən hesab etmirəm ki, inzibati məsuliyyətə cəlb etmə, cərimənin 100 manat əvəzinə 500 manat olması hanssa məqsədə yardım edəcək. Sözsüz ki, kiminsə cəzalanması çıxış yolu deyil”, - müsahibimiz vurğulayıb.

 

İsayev onu da əlavə edib ki, sanksiyanın ağırlığı insanların maddi durumunu nəzərə alaraq ödəyəcəyi vəsaitə, cəza çəkməsinə xidmət etmir: “Qanun o məqəsədə xidmət edir ki, insanlar qanunun sərtliyini görüb pozuntudan çəkinsinlər. Əsas hədəf budur. Çünki qaydaların pozulması cəmiyyət üçün böyük təhlükədir”.

Müəllif: Mərahim Nəsib      30 İyun 2020 17:06
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin