Mənzillərə verilən qazın “nəfəsini” niyə kəsiblər – “Azəriqaz” deyir ki...

Mənzillərə verilən qazın “nəfəsini” niyə kəsiblər –         “Azəriqaz” deyir ki...

Ceyhun Səfərov: “Kənar müdaxiləni aradan qaldırmaq üçün də qaz təchizatını dayandırmaq məcburiyyətində qalırıq”

 

Son günlər Bakı və paytaxtətrafı ərazilərdə yaşayan sakinlər mənzillərə verilən təbii qaz problemindən narazılıqlarını dilə gətirirlər. Xüsusilə, iyunun 21-də xüsusi karantin rejiminin sərtləşdirilməsindən bu yana qazın təzyiqi xeyli zəifləyib.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib ki, şikayət olunan ərazilərin tamamında qaz xəttinin verilməsi ilə bağlı problem olmur: “Yalnız ola bilər ki, konkret ünvan, hansısa küçə və məhəllədə belə problemlər olsun. Bu problemlər də o hallarda olur ki, biz yay mövsümündə qış mövsümünün hazırlıq proqramının icrasına başlayırıq, bütün kəmərlərimizdə kipliyə sınaq işləri aparırırq. Yəni ki, xətlərin saz vəziyyətdə olduğunu yoxlamaq üçün kəmərlərə müəyyən təzyiq altında hava vurulur və xətlərdəki kənar qoşulmalar, sızma yerləri, harada nasazlıq varsa, onu araşdırmaq üçün proses icra olunur. Bu, payız-qış mövsümünün başlanğıcına qədər icra olunmalıdır. Əks halda, bu, bizim üçün sonradan əlavə problemlər yarada bilər”.

Azəriqaz”: “Payız-qış mövsümündə təbii qaza olan gündəlik tələbat ...

“Bu proses icra olunarkən, kipləmədən sonra tənzimləməyə qayıdış olur. O hallarda texniki proseslər zamanı hansısa küçənin, məhəllənin xəttində təzyiqlə bağlı problem ortaya çıxa bilər. Adicə bir kənar müdaxiləni aradan qaldırmaq üçün də qaz təchizatını dayandırmaq məcburiyyətində qalırıq. Çünki xəttin özündə qaz saxlamaqla bu işi icra etmək çox təhlükəlidir. Hətta, bir nəfər sayğaca müdaxilə etsə belə, onun da işini icra etmək üçün həmin ərazidə yaşayan sakinlərin qaz təchizatı dayandırılır ki, nasazılıq aradan qaldırılsın”, - qurum sözçüsü bildirib.

 

Səfərov əlavə edib ki, belə hallarda konkret küçə və məhəllələrlə yanaşı, bütöv massivin də daşıyıcı xəttində problem ola bilər: “Əgər, elə bir problem varsa, həmin ərazilərdə yaşayan sakinlər bizə müraicət etsinlər, biz də problemi Bakı Regional Qaz İstimar Departamentinə ötürək. Departamentin əməkdaşları da problemə yerində baxsın və kömək etsinlər”.

Müəllif: Mərahim Nəsib      29 İyun 2020 22:42
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin