Nə qədər ki, “Ku-kluks-klan” başınızın üstünü kəsdirməyib, hərəkətə keçin - AXI NİYƏ?!

Nə qədər ki, “Ku-kluks-klan” başınızın üstünü kəsdirməyib, hərəkətə keçin -   AXI NİYƏ?!

Bir dirijor çubuğu ilə idarə olunan bu xaos kimlərin maraqlarına xidmət edir?

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Əslində, ötən yazımda bu məsələyə toxunmuşdum. Qeyd etmişdim ki, deyəsən, kommunizmin liderlərinin bütün ömrü boyu çalışdıqları, lakin nail ola bilmədiklərini – Qərb sisteminin çökməsini – bu sistemin öz daşıyıcıları reallaşdıracaqlar. O zaman yazmışdım ki, dünyanın gözü qaralır, amma bu dəfə əlavə etməliyəm ki, gözü qaralan dünyanın başı da xarab olur.

 

Söhbət ABŞ-da Corc Floydun ölümündən sonra başlayan və bütün düynyanı bürüyən bir dalğadan gedir. İlk əvvəl bu dalğa qaradərili insanların polis vəhşiliyinə etirazı kimi qələmə verilsə də, sonra baş verənlər məsələdə daha dərin gizlinlərin olduğunu üzə çıxarır.

Protests Today—Cities Where George Floyd Demonstrations Are Set to ...

Heykəllərlə davadan, özü də irqçiliklə mübarizə aparan insanların heykəllərinin uçurulmasından yazmışdıq. Qeyd etmişdik ki, bu davada bir məntiqsizlik var. Yazıdan keçən bir həftə ərzində baş verənlərə müşahidə edərkən, guya ki, rassizmə qarşı hərəkat adlandırılan bir nəsnənin, əslində heç bir mübarizə olmadığı, əksinə dünyada yenidən irqçiliyi alovlandıracağı qənaətindəyəm. Bir müddət keçəcək və bütün dünyada tarixi baxımdan dizləri üstə yenicə durmuş qaradərililəri elə onların öz əlləri ilə məhv edəcəklər. Təbii ki, söhbət təkcə fiziki məhvdən getmir, nəticədə “qaraların” yüzilliklər ərzində qazandığı nailiyyətlər də puç olub gedəcək. Baş verənlər “ağların” “qaraları” əzməsi, özü də haqlı olaraq əzməsi ilə bitəcək.

 

İndi söhbət bu “haqqın” qazanılmasına aparan yoldan gedir. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Xristofor Kolumbun heykəllərinin uçurulması ilə başlayan müharibə, artıq məntiqdən o qədər uzaqlaşıb ki, heç kələfin ucunu tapmaq belə, mümkün deyil. ABŞ vətəndaş müharibəsinin qəhrəmanı olan, ölkənin 18-ci Prezidenti olmuş Uillis Qrantın heykəlini uçurmağın məntiqini yəqin ki, bu “qaradərili” hərəkatın başında dayananlar da izah edə bilməz. Adam vətəndaş müharibəsinin qəhrəmanı olmaqla yanaşı, irqçi “Ku-kluks-klan” təşkilatının ləğvinə və qaradərili insanların yüksək vəzifələrə təyin edilməsinə nail olur.

 

Yaxud 20-ci əsrdə, yəni irqçiliyin ləğvindən sonra yaşayan Teodor Ruzveltin, ya da qaradərilililərin ümumiyyətlə yaşamadığı Alyaskada rus qəsəbələrinin başçısı olmuş Aleksandr Baranovun heykəlləri ilə müharibə aparmaq nəyə xidmət edir? Mən hələ məşhur ispan klassik yazıçısı, hamımızın sevə-sevə oxuduğu “Don Kixot”un müəllifi olan Migel De Servantesin heykəlini demirəm. Eyni dərəcədə gülməli, məntiqsiz və təhlükəlidir.

 

Amma indi çəkəcəyim misal isə, məntiqsizliyin başında gəlir. “Qaradərili hərəkatın” liderlərindən biri, keçmiş pastor Şon King təklif (əslində tələb) edir ki, bütün dünyada, xristianlıqda Allahın oğlu sayılan İsa Məsihin şəkilləri sökülsün və yeni şəkillərdə, freskalarda o, qaradərili kimi təsvir edilsin... Şon King İsa Məsihin şəklinin ağ adam kimi verilməsinin “ağların şovinizmi” olduğunu qeyd edir. “Ağ İsa Məsih - yalandır”, - deyən pastor İsanın anasının və dostlarının da ağ şəkillərini yığışdırmağı tələb edir. Və maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri onun fikrini dəstəkləyiblər.

 

Yəni deyilənlərdən gördüyünüz kimi, hələ ki, bu “qara dalğa” dünyanı məntiqsizcəsinə ağuşuna almaqdadır. Amma unutmaq olmaz ki, biri çıxıb bu məntiqsizliyiə dur deyəcək. Artıq ABŞ küçələrində qaradərililər özlərini qanqster filmlərindəki kimi aparır, yoldan keçən ağdərili insana sataşır, şapalaq vurub keçirlər – bunu mətbuat yazır. Hələ ki, Floydun ölümündən sonra polislər də onların hərəkətinə mane olmurlar. Amma buna bir “dur” deyən tapılacaq və bu “dur” deyənin norveçli Breyviq kimi hansısa ultra-millətçi olacağı da isitisna deyil.

 

Bir azdan heykəllərin uçurulduğu, ağların diz üstə çökdürüldüyü ağ-qara cəbhəsində silahlar danışmağa başlaya bilər. Sanki, kimlərsə, bir dirijor çubuğu ilə idarə olunan bu xaosun yaranmasını qarşıya məqsəd qoyub. Təsir əks təsirə bərabərdir – irqçiliyə qarşı qalxan qaradərililərin əli ilə həyata keçirilən absurdlar reallığı dəyişəcək və yeni bir dalğa gələcək. “Qaraların” artıq ağ insan üçün həyati təhlükəli bir duruma düşməsi halında polisə, orduya müstəsna səlahiyyət verilə bilər ki, küçədə özbaşınalıq edən istənilən adamı vur. Yadınıza yuxarıda dediyim o “haqqı” salıram. Bəlkə elə dirijora da bu dalğa lazımdır?

 

21-ci əsrə informasiya texnologiyaları əsri deyirdilər. Amma bu gün dünyanın ən azad platforması sayılan “Facebook” belə, təhlükə qarşısındadır. İri şirkətlər bu sosial şəbəkədə yazılan irqçi statuslar, kommentlər səbəbindən, burada reklam verməkdən imtina edir. Söhbət dərisinin rəngi bilinməyən bəzi insanların sosial şəbəkədə baş verənləri pisləməsindən sonra qalxıb. Yəni, əslində, informasiya əsrində azad fikrin boğulması kimi bir faktla üz-üzəyik. Və bu boğulmanı da qaradərililərin əli ilə edirlər.

 

Zənnimcə, təcili şəkildə prosesin qarşısını almaq lazımdır: dünyaca məşhur bir qaradərili və bir ağdərili insan birlikdə çıxıb irqçiliyin təkcə birtərəfli olmamasını kütləyə başa salmalıdırlar. Onlar ABŞ-ın bütün meydanlarında çıxış etməli, telekanallara çıxmalıdırlar. Bunu tez etmək lazımdır. Nə qədər ki, qaradərililər tərəfindən heykəli uçurulan Uillis Qrantın ləğv etdiyi “Ku-kluks-klan” yenidən öz qanadlarını ABŞ üzərində tam açmayıb, başlamaq lazımdır...

Müəllif: Yoldaş Mircəfər      29 İyun 2020 10:20
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin