Putin xalqı fakt qarşısında qoymağa çalışır: Ya hamısı, ya heç biri

Putin xalqı fakt qarşısında qoymağa çalışır:   Ya hamısı, ya heç biri

Dmitri Nekrasov: “Hər zaman bir inqilabi ssenari ehtimalı var, bu, hazırda imkansız görünsə belə”

 

Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı referendum iyunun 25-də başlayıb və demək olar ki, bir həftə - iyulun 1-dək davam edəcək. Bu referendumda ölkənin Əsas Qanununun 22 maddəsinə dəyişiklik edilməsi təklif olunur, lakin ruslar dəyişikliklərin bütün paketin ya lehinə, ya da əleyhinə səs verə biləcəklər.

 

Bundan əvvəl dəyişikliklər artıq Dövlət Duması, Federasiya Şurası, regional parlamentlər və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmişdi. Mövzunu AYNA-ya şərh edən rusiyalı iqtisadçı və siyasətçi Dmitri Nekrasovun sözlərinə görə, Rusiyada konstitusiya dəyişikliklərinin əsas qayəsini Putinin hakimiyyətdə məhdudiyyətsiz qalması təşkil edir.

 

“Bütün digər maddələr bu düzəlişlərin əsas məzmunu ətrafında yaradılan fondur. Bəli, 22 maddənin içərisində Kremlə lazım olanları çoxdur, amma onlar Putinin hakimiyyət vaxtının sıfırlanması qədər vacib deyil. Bu dəyişikliklərdə nə dərin məna var, nə də hər hansı bir iqtisadi komponent. Aydındır ki, mənim bu dəyişikliklərə paket halda “Xeyr” deməyim məqsədəuyğundur, amma bu səsin nəyisə dəyişəcəyi böyük sual altındadır. Buna görə də mən heç kəsi bu paketin leyhinə və ya əleyhinə səs verməyə çağırmıram”, - müsahibimiz deyib.

Кто такой политолог Дмитрий Некрасов? | Жизнь замечательных ...

Analitik iddia edir ki, bu düzəlişlərlə bağlı əhalinin münasibəti bərabər, yəni 50=50 nisbətindədir: “Digər tərəfdən, aydındır ki, düzəlişlərin əleyhinə səs vermək istəyənlərin çoxu, sadəcə məntəqələrə gəlməyəcək. Təbii ki, saxtalaşdırma amilini unutmaq olmaz. Düzdür, hər şey saxtalaşdırılmayacaq, amma onsuz da mümkün olmayacaq. Məsələn, Moskvada və ya Sankt-Peterburqda Çeçenistandan daha az saxtalaşdırma olacaq”.

 

Nekrasov hesab edir ki, Putin özünün fəaliyyət imkanları bitənə qədər hakimiyyətdə qalmaq istəyir: “Ancaq hər zaman bir inqilabi ssenari ehtimalı qalır. Bəli, indi bu ehtimal əhəmiyyətsiz görünür, lakin bu amili tam olaraq hesabdan silmək olmaz. Bu gün mövcud hökumətin uzun müddət hakimiyyət sükanı arxasında olacağını güman edə bilərik”.

 

“Rusiyadakı vəziyyət inqilab ola biləcəyindən xəbər verirmi” sualını cavablandıran ekspert bildirib ki, bütün inqilablar olduqca gözlənilmədən baş verib: “1989-cu ildə çox az adam deyə bilərdi ki, SSRİ dağılacaq. Və ya polisin axmaq davranışı 1905-ci il inqilabı ilə nəticələndi. Bir çox inqilabi aksiyalar spontan olaraq baş verir. Buna görə də indi inqilabın baş verməsi üçün bir komponentin çatışmadığını düşünmək, vəziyyətin iki ildən sonra dəyişə bilməyəcəyi anlamına gəlmir. Ehtimal, şübhəsiz ki, yüksək deyil, amma həmişə var”.

 

Siyasətçinin fikrincə, rejimin təhlükəsizlik hüdudları çox yüksəkdir və hansısa "qara qaranquş" və ya qeyri-müəyyən bir vəziyyət olmadan bu vəziyyət sabit qalacaq: “Rejimin təhlükəsizlik həddi, təxminən 10-20 il davam edəcək. Dediyim kimi, hər zaman bir inqilab şansı var, amma bu gün bu şansı son dərəcə aşağı qiymətləndirərdim. Bu gün müxalifətin də gücü o qədər deyil ki, hansısa inqilabdan danışaq. Müxalifətin proseslərə təsiri minimaldır, amma bu, hansısa proseslərin baş verəcəyi halda situasiyanın dəyişməyəcəyi anlamına gəlmir”.

 

Bununla yanaşı, Nekrasov əlavə edib ki, inqilab məsələsi müxalifətin necə işləməsindən asılı deyil: “İnqilab üçün baza şərtləri və insanların şüurunda gözlənilməz dəyişikliklər olmalıdır. “Qanlı bazar” günü əllərində çarın portretləri olan insanları güllələmişdilər və bu amil insanların şüurunda hərəkətverici bir amilə çevrildi. Və ya ABŞ-dakı son iğtişaşları götürək. Yəni bir inqilab müəyyən sistemsiz hadisələrdən təsirlənə və güclənə bilər. Bütün bunları müxalifət etmir. İnqilabı təsadüfi bir amil də başlada bilər. Müxalifət öz növbəsində, ya bu hərəkatı idarə edə bilir, da da ümumiyyətlə idarə edə bilmir”.

Müəllif: Nicat Hacıyev      29 İyun 2020 14:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin