Pandemiya əsəbləri tarıma çəkib

Pandemiya əsəbləri tarıma çəkib

Karantin insanların psixologiyasına zərbə vurub, amma...

 

Mart ayında, ölkədə ilk dəfə sərt təcrid tədbirləri tətbiq edildikdə, əksəriyyət bunun uzun sürməyəcəyinə əmin idi. Hamı deyirdi ki, bugünlərdə bitəcək və yayda baş verənləri bir kabus kimi xatırlayacaqlar. Artıq iyunun sonlarıdır, amma koronavirusa yoluxanların sayı artır və karantin davam edir.

 

Karantin rejiminin iyulun 5-dən sonra uzadılacağı da istisna deyil. Artıq insanlar bu günlərin heç zaman bitməyəcəyini düşünürlər. Və belə əhval-ruhiyyənin nəticəsi kimi vətəndaşlar getdikcə əsəbilikdən, narahatlıqdan, aqressivlikdən şikayətlənir, bunun karantinin təsirləri olduğunu qeyd edirlər.

 

Adətən, yayın əvvəllərində insanlar daha az əsəbləşirlər, əksinə, rahat vəziyyətdə olurlar, istirahət edir və ya səbirsizliklə qarşıdakı tətili gözləyirlər. Bu yay vəziyyət fərqlidir. İndi soyuq havalardan fərqli olaraq, dörd divar arasında oturmaq çətindir, çimərliyə, təbiətə, təmiz havaya getmək istəyirsən. Lakin insanlar heç yerə gedə bilmirlər. Onlar krantin səbəbiylə məyusluq yaşayırlar, planları pozulub və ən əsası, sabah onları nə gözlədiyini bilmirlər.

 

“Vətəndaşların müəyyən faizi iş yerlərini itirib, iqtisadi itkilərə məruz qalıb. Bütün bunlar narahatlıq və əsəb pozğunluğun artmasına səbəb olur”.

 

Bunu AYNA-ya şərhində Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılov deyib. Bildirib ki, hazırda müşahidə olunan vəziyyət narahatlıq doğurur.

Fuad İsmayılov: “Erkən nikah bağlayan insanlar buna hazır deyillər”

“Məhz pandemiyanın insanlara vurduğu psixoloji zərbələrdən danışsaq, deyə bilərəm ki, çox ciddi hallarla qarşılaşmağa başlamışıq. Məsələn, koronavirus xəstələrinin yatdığı reanimasiya şöbəsində 10 gün ardıcıl işləyən bir tibb bacısı bizə müraciət etmişdi. Günlərlə gördüyü neqativ mənzərə ona pis təsir etmişdi: ağır xəstələr, ölüm halları... O xanım bizə böhran vəziyyətində gəlmişdi. Və bu tip müraciətlərin sayı artmaqdadır”, - İsmayılıov qeyd edib.

 

Onun sözlərinə görə, Mərkəzə tez-tez stres və əsəbi narahatlıq pozğunluğu ilə müraciətlər artıb: “Kimisi vəziyyətin qeyri-müəyyənliyindən narahatdır, kimisi koronavirusa yaxın qohumunun tutulmasından stres keçirib. Onların hamsının ixtisaslı mütəxəssislərin köməyinə ehtiyacı var”.

 

Psixiatr əsəbilik və narahatlıq ilə necə mübarizə aparmağın yollarını da göstərib: "Ən əsası, günün düzgün rejimini formalaşdırmaqdır. Əgər faydalı bir işlə məşğul olsan, neqativ düşüncələrə və narahatlıqlara vaxt qalmaz. İndi yeni şeylər öyrənmək üçün yaxşı fürsətdir, niyə də bu məqamdan istifadə etməyəsiz?! Əvvəcədən SMS ilə icazə alaraq gəzintiyə gündə ən azı bir saat vaxt ayırmağa dəyər. İndi parkların açılması yaxşı haldır. Fiziki aktivlik insan psixikasına da müsabət təsir edir. İnformasiya texnologiyasından istifadə etməklə də qohumlar və dostlarla daha çox ünsiyyət qurmağa dəyər. Videokamera şəxsi ünsiyyəti əvəz etməyəcək, amma canlı iştirak effektini yaradacaq”.

 

Mütəxəssis bir çoxunun narahatlıqları olduğu təqdirdə, zərərsiz vasitələr, məsələn, “Valerian ekstrakt”, “Korvalol” kimi vasitələrlə özünü müalicə etməyin qəti şəkildə əleyhinədir: “Məsələn, “Korvalol”un tərkibində asılılıq yaradan fenobarbital maddəsi var. Əgər problem psixoloji xarakter daşıyırsa, o dərman vasitələri ilə deyil, yalnız psixoloji üsullardan istifadə edərək aradan qaldırıla bilər. Heç bir halda özbaşına antidepressantlardan isitfadə etməməlisiniz. Dərmanların klinik əlamətləri var. Bəzi antidepressantlar yuxu gətirir və onlardan istifadə edən insanlar sükan arxasına oturmamlıdırlar. Digər vasitələr yuxusuzluğa səbəb ola bilər. Bir şəxs bir neçə dərmandan istifadə edərsə, onların bir-biri ilə uyğunsuzluğu da ola bilər”.

 

İntiharlardan danışarkən, Fuad İsmayılovun sözlərinə görə, onların sayında ciddi artım olması barədə danışmaq olmaz: “İnsan həyatı üçün güclü bir təhlükə olduqda - hansına ki, COVID-19 da daxildir - bir çoxunda qoruyucu mexanizm işə düşür. Ancaq təbii ki, stress, məişət münaqişələri intihar əhval-ruhiyyəsinə səbəb ola bilər”.

Psixoanalitik:

Psixoloq, psixoanalitik Eldar Haqverdi də AYNA-ya açıqlamasında mövcud gərginlikdən danışıb. Deyib ki, karantin səbəbindən əhali arasında narahatlıqlar artıb: “Lakin həftəsonu baş vermiş tam təcridlər insanların mövcud karantin rejimindən daha çox narahatlığına səbəb olurdu. Əvvəl iki gün ərzində ümumiyyətlə evdən çıxmaq mümkün deyildi, indi SMS-lə olsa da, mümkündür”.

 

“İstilər zamanı bir çox insanlar özlərini yaxşı hiss etmir, qan təzyiqi qalxır, gözləri qaralır və bütün bunlar narahatlıq əlaməti olaraq qəbul edilir. İnsanlar stress də daxil olmaqla, hər şeyə öyrəşirlər və uyğunlaşırlar. İnsanlıq 2 dünya müharibəsindən, çoxsaylı epidemiyalardan qurtula bilib”, - ekspert bildirib.

 

“Əlbətdə ki, müasir insanın əvvəlkilərdən daha zəif olduğunu və onun üçün bir çox həyat situasiyalarının stress yaratdığını unutmamalıyıq. Ancaq keçmişin nümunələrindən güc almağı, bundan daha çətin günlərin olduğunu başa düşməyi məsləhət görərdim. Karantin o qədər də qorxulu deyil. Hər şey ona necə reaksiya verdiyinizdən asılıdır”, - Haqverdi əlavə edib.

Müəllif: Elya Belskaya      29 İyun 2020 17:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin