“Əhədi kəsilmiş atları güllələyirlər” və ya NƏ ETMƏLİ?

“Əhədi kəsilmiş atları güllələyirlər” və ya       NƏ ETMƏLİ?

Artıq Operativ Qərargahın buraxılıb-buraxılmaması qızğın müzakirə obyektinə çevrilib

 

Son zamanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın (OQ) qəbul etdiyi qərarlar, verilən açıqlamalar arasında bir təzad hökm sürür. Qərarsızlıq, çaşqınlıq, tərəddüd sezilir OQ üzvlərinin fikirlərində, davranışlarında. Brifinqlərdə jurnalsitlərin suallarından yayınmaq, alayarımçıq cavablar diqqətdən qaçmır. Belə anlaşılır ki, artıq yorulublar, nə etmək lazım olduğunu bilmirlər.

 

Vəziyyət belədirsə, OQ-ni buraxmaq və yeni, daha optimal qurum formalaşdırmaq olmazmı? Ya da çıxış yolu nədir? AYNA mövzu ətrafında ekspertlərlə həmsöhbət olub.

Əhməd Qəşəmoğlu: BMT əhali artımının sürətini azaltmaq üçün ...

Sosioloq Əhməd Qəşəmoğlunun xatırladır ki, Operativ Qərargah təşkil olunan ilk gündən bir çox mütəxəssislərdə belə bir sual yarandı: “Bu qərargah hansı prinsiplər əsasında qurulub?” Onun sözlərinə görə, cəmiyyət zaman-zaman mürəkkəbləşən bir sistemdir: “Belə bir cəmiyyətdə istənilən addım atmaq, istənilən bir işi uğurlu görmək üçün hökmən elmin tələblərindən istifadə etmək lazımdır. Bunları elmi metodlarla qurmaq lazımdır. Burda isə həmin elmi metod kənardan hiss olunmadı. Elmi metodla qurmaq çünü burda bir neçə məsələyə diqqət yetirmək lazım idi. Koronavirusla mübarizə aparan OQ əslində idarəetmə işi ilə məşğuldur. Bu idarəetmə nədir? Xəstəlik cəmiyyətdə yayılıb. Bunu elə idarə etmək lazımdır ki, xəstəlik get-gedə azalsın. Ona görə də bu qurum idarəetmə prinsipləri əsasında qurulmalıydı”.

 

Müsahibimiz deyir ki, əgər Qərargah elmi əsaslarla qurulsaydı, burada müxtəlif bölmələr olmalıydı: “Bölmələrdən biri əhali ilə işləyən qrup olmalı idi. Burada əhali ilə işləyən, indiki vaxtda əhalinin xəstəliyə münasibətini, xəstəliyə qarşı davranışını öyrənən bir qrup olmalı idi. Bu qrup sosioloqlardan formalaşmalıydı. İkinci qrupun tərkibində ölkənin tanınmış, peşəkar, ciddi virusoloqları olmalı idi. Digər qrupda xarici ölkələrin təcrübəsini öyrənən insanlar olmalı idi. Bu prosesləri öyrənmək üçün belə bir qruplar vacib idi. Və bu qrupun müəyyən səlahiyyətləri olmalı idi. Lakin biz bunların şahidi ola bilmədik”.

 

“Əvvəl sosioloqların olduğu qrupdakı insanların nə etməli olduqlarına nəzər yetirək. Onlar dərhal öyrənməli idilər ki, Azərbaycanda hazırda bu xəstəliyə inananların və inanmayanların sayı nə qədərdir? Bu xəstəlikdən özünü müdafiə edə bilmək istiqamətində əhalinin sağlamlıq mədəniyyəti hansı səviyyədədir? Əhali özü bu xəstəliyə qarşı mübarizə aparmağa nə dərəcədə hazırdır? Əgər hazır deyilsə, onu hansı istiqamətdə hazırlamaq lazımdır? Və yaxud əhalinin arasında hansı əks təbliğat aparılır? Bütün bunlar ciddi şəkildə öyrənilməli idi. Bunları öyrənmədən, 30-40 il bundan qabaqkı kimi bircə göstəriş ver, bununla da proseslər idarə olunacaq. Bu, gülünc məsələdir. İndiki vaxtda həmin idarəetmə deyir ki, hər hansı bir sosial sistemdə bir prosesi idarə etmək üçün o sosial sistemin özünün potensialını hərəkətə gətirmək lazımdır. O sosial sistem özü prosesdə iştirak etsin. Yoxsa, ona “bunu et”, “onu et”, “bunu etmə” deməklə heç bir şeyə nail olmaq mümkün deyil”, - sosioloq bildirir.

 

Qəşəmoğlunun fikrincə, bu istiqamətdə paytaxt və bölgələrdə heç bir iş görülmətib: “Sosioloqlar burada, adətən 4 qrup təyin edir. Məsələn, indi konkret olaraq məsələ koronavirusla bağlıdır: 1) Koronavirusun ciddi olduğuna inananlar - sağlamlıq mədəniyyəti, bu barədə bilgilərə sahib olan insanlar; 2) Yüz faiz olmasa da, müəyyən qədər hazır olan insanlar, müəyyən qədər şübhəli, əlavə informasiya almağa ehtiyacı olan insanlar; 3) Koronavirusa qarşı əks-təbliğat aparanlar, ona inanmayanlar, qəbul etməyənlər; 4) Etinadsız, bu işlərə əhəmiyyət verməyən insanlar, yəni avamcasına baxan insanlar. Bu dörd qrupun dördü də öyrənilməli idi və müəyyənləşməli idi ki, bunların sayı nə qədərdir. Bunları müəyyənləşdirmək çətin deyil, təcrübəli sosioloqlar bunu bir həftə ərzində öyrənə bilər. Daha sonra aydınlaşdırmaq lazım idi ki, bu cəmiyyətdə əks-təbliğat aparanlar kimlərdir. Müəyyən amillər var ki, onlar əks-təbliğata təsir edir. Həmin amillər də öyrənilməlidir”.

 

Həmsöhbətimiz hesab edir ki, OQ-də ictimai rəyə nəzarət qrupu hökmən olmalı idi: “Bunlar əhali ilə işləyirsə, əhalinin vəziyyəti, səviyyəsi öyrənilməli idi. Bunlar öyrəniləndən sonra demək olardı ki, vətəndaş yumşalmaya hazırdır, yoxsa, yox? Onlar hardan bildilər ki, yumşalmaya getmək olar? Həkim məsləhəti ilə qərar veriblər ki, yumşalma olar? Əgər cəmiyyətdə baş verən proseslərdən həkimin xəbəri yoxdursa, hardan bilir ki, yumşalma olar, yoxsa olmaz? Əvvəl həkimə bununla bağlı tövsiyələr verilməlidir, həkim məlumat toplamalıdır. Bir həkim bir bədən haqqında məlumatlar əldə etmədən, müalicə təyin edə bilərmi? Cəmiyyəti də öyrənmədən qərar vermək olmaz ki, filan işi etmək olar, filan işi etmək olmaz. Digər tərəfdən, konkret aydın olmalı idi ki, həmin maariflənməyi, ictimai rəyi öyrənməyi, ictimai rəyi formalaşdırmağı, Prezidentin qeyd etdiyi kimi ictimai qınağı nə cür təşkil etmək olar? TV-lərdən, KİV-dən necə istifadə etmək olar? Yəni prosesləri hərtərəfli analiz etmək lazım idi”.

Dünyada yeni iqtisadi tələblər yaranacaq

İqtisadçı-ekspert Ruslan Atakişiyev isə Operativ Qərargahın nəzdində ekspert şuralarının yaradılmalı olduğu düşüncəsindədir: “Həmin şuralara tanınmış, peşəkar iqtisadi, sosial, təhsil və s. sahələr üzrə ekspertlər cəlb edilməliydi. Bildiyimiz kimi, hazırda Qərargahın tərkibində nazirliklərin nümayəndələri fəaliyyət göstərir, hər hansı sualları isə həmin insanlar tez və operativ şəkildə cavablandıra bilmirlər. Ona görə də, istənilən qərar verilməmişdən əvvəl ekspertlərin rəyi, onların təhlilləri nəzərə alınmalı, bunun əsasında qərar verilməlidir. Bu, operativliyi saxlamaq baxımından da yaxşı olardı. Səhiyyə, hətta lazım gələrsə, hərbi sahənin ekspertləri də orada olsa, veriləcək qərarlara həmin ekspertlər daha tez reaksiya vermiş olarlar.  Hazırda qərarlar ona görə ləng gedir ki, qərar verənlərin üzvləri nazirliklərdir. Onlar da təhlil aparıb, nəzərdən keçirərkən xeyli vaxt getmiş olur”.

Əliməmməd Nuriyev seçkiyə qatılır - Dairəsini seçdi • Faktinfo.az

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, Operativ Qərargah ayrı-ayrı qurumlarla məsləhətləşmə prosesini genişləndirməlidir: “Eyni zamanda, vətəndaş cəmiyyətinin potensialından da istifadə edilməsi çox vacib məsələdir. Sanki vətəndaş cəmiyyəti bütövlükdə bu proseslərdən kənarda qalır. Halbuki öz potensialını ortaya qoya bilərdi. Ona görə də, Operativ Qərargah vətəndaş cəmiyyətini də məsləhətləşmələrə dəvət etsə, çox yaxşı olar. Hökumət bu sahədə böyük vəsait xərcləyir. Bu xərclərin monitorinqinin aparılmasına ehtiyac var. Böyük satınalmalar həyata keçirilir, bu proseslərə ictimai nəzarət zəruridir. Yenə də gec deyil, vətəndaş cəmiyyəti olaraq bu proseslərdə daha geniş miqyasda, daha sistemli iştirak edə bilərik”.

 

“Ölkə başçısı hər zaman vətəndaş cəmiyyətini ictimai nəzarətin əsası olaraq görür. Eyni zamanda, könüllülərin bu prosesə cəlb olunması da həyata keçirildi. DOST, ASAN könüllüləri, həmçinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” ictimai birliyi prosesə cəlb olundu. Amma bunu daha geniş miqyasda etmək olardı. Düzdür, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir çox təşəbbüslər səsləndi, həyata keçirildi, eyni zamanda bəzi media qurumları ilə həm maarifçilik istiqamətində, həm də konkret olaraq vətəndaşlara kömək məqsədilə işlər görüldü, minə yaxın şəxsə müxtəlif yardımlar göstərildi. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində videomonitorinqlərin aparılması üzrə vətəndaş cəmiyyətinin nümayəndələri cəlb olundu. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə vətəndaş cəmiyyətinin nümayəndləri birgə bir çox işlər gördülər. Amma yenə də gec deyil, vətəndaş cəmiyyəti olaraq bu proseslərə daha geniş miqyasda, daha sistemli yanaşmaları davam etdirə bilərik”, - Nuriyev vurğulayır.

Baş infeksionist həkim: “Azərbaycanda hələlik koronovirusa yoluxma ...

Ölkənin baş infeksionisti Cəlal İsayev isə qeyd edir ki, OQ tibb işçilərinin rəyini nəzərə alaraq qərar verir: “Qərargah özbaşına hər hansı qərarı vermir, bütün tibb işçilərinin rəyi nəzərə alınır, nəticələr təhlil edilərək bu qərarlar verilir. Dünya təcrübəsindən biz də yararlanırıq, müsbət şeylərdən yararlanmaq lazımdır. Halbuki, ilk karantin rejimini biz tətbiq etmişdik və bir çox ölkələr də bizdən götürdü”.

 

Həkimin sözlərinə görə, problem OQ-nin fəaliyyətsizliyi və ya düzgün qərarlar qəbul etməməsi ilə bağlı deyil, insanların tövsiyələrə əməl etməməsi ilə bağlıdır: “Hava damcı infeksiyasının qarşısının alınması çox çətin bir problemdir. Və bu infeksiyanın qarşısının alınmasında əsas rolu maskadan istifadə, sosial məsafənin gözlənilməsi və özünütəcrid oynayır. Bu tədbirlərə əməl edəriksə, indi qəbul edilən qərarlar kifayət edər ki, yoluxmaların sayı azalsın. Sadəcə, bu tövsiyələrə əməl etmək lazımdır. Operativ Qərargahı buraxmaq, yeni qurum yaratmaq, tərkibini dəyişmək lazım deyil. Operativ Qərargah kifayət qədər gərgin işləyir. Hesab edirəm ki, onların elə bir nöqsanları yoxdur. Sadəcə verilən qərarlara əməl olunmur”.

 

“İnsanlara tövsiyə edilir ki, maskalardan istifadə edilsin, insanlar tövsiyyələrə məhəl belə, qoymurlar. Polislərimiz isə çox humanist davranırlar. Mən insanlarımızın polis vasitəsilə məcbur edilməsini yox, insanlarımızın özlərinin başa düşməsini istəyirəm. İnsan hesab edə bilər ki, onun heç bir xəstəliyi yoxdur, amma əslində isə onda virus ola bilər və maskadan istifadə etmirsə, qarşısındakıları yoluxdura bilər. Biz bu xəstəliyi tam yox edə bilmərik, bu xəstəlik davam edəcək, gedəcək. Heç olmasa, xəstələnənlərin sayını azalda bilərik və ölkəmizin səhiyyə sisteminin buna tab gətirməsini, bunun öhdəsindən gəlməsini təmin edə bilərik”, - İsayev əlavə edir.

Müəllif: Ülviyyə Şahin      28 İyun 2020 15:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin