Ordumuzun dünəni və bu günü: Bircə “donuzu darıdan çıxarmaq” qalıb

Ordumuzun dünəni və bu günü: Bircə “donuzu darıdan çıxarmaq” qalıb

102 illik tarixi olan Azərbaycan Silahlı Qüvvələri bu gün bölgənin ən güclü ordusu sayılır

 

Bu gün Azərbaycan Milli Ordusunun yaradılmasından 102 il ötür. 1918-ci il 28 may tarixində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görməyə nail oldu. Belə ki, Milli Şura tərəfindən qəbul edilmiş İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı və özünün silahlı qüvvələrini yaratmalıdır.

 

Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə müstəqil ordu quruculuğunun ilkin mərhələsi sayılan və 5 min nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan Korpusu” yaradıldı. Bu qərar müsəlman Şərqində ilk demokratik dövlətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.

 

Bundan sonra, iyulun 11-də hökumətin fərmanı ilə ölkədə hərbi səfərbərlik elan edildi. 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağrıldılar. Avqustun 1-də Hərbi Nazirlik təsis olundu, Xosrov bəy Sultanov Azərbaycanın ilk Müdafiə naziri təyin edildi. Sonra onu nazir postunda general Səməd bəy Mehmandarov əvəzlədi, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildi.

 

Az bir vaxt ərzində milli ordu quruculuğunda ciddi nəticələr əldə olundu. Azərbaycan ordusu bolşevik-daşnak hərbi birləşmələrinin darmadağın edilməsində, Bakının azad edilməsində və erməni quldur dəstələrinə qarşı döyüşlərdə böyük şücaətlər göstərdi. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğal olunması ilə, Azərbaycanın Hərbi Nazirliyi rəsmən ləğv edildi.

 

Azərbaycan yenidən öz müstəqilliyini bərpa edildiikdən sonra, 1991-ci il 5 sentyabr tarixində Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə növbəti 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. Lakin müstəqilliyin ilk illərində ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Ordu həm struktur, həm də güc baxımından mövcud şəraitin tələblərinə cavab verə bilmədi. Ermənistanın ərazi iddiaları və xarici müdaxilə ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu.

 

Belə bir mürəkəb dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə ordu quruculuğunun yeni mərhələsi başladı. Qısa zaman ərzində həyata keçirilən ordunun yenidən formalaşdırılması geniş vüsət aldı. Tarixi varislik ənənəsinə uyğun olaraq Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

 

Zaman-zaman ordumuz gücləndi, müasir texniki-təchizatla təmin olundu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu prosesi davam etdirilir, ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.

 

Təbii ki, Azərbaycan Silahlı Qüvvələrində problemlər də olmamış deyil. Bu çatışmazlıqların aradan qaldırılması istiqamətində addımların atıldığı və ya atılmalı olduğunu deyən ekspertlər bildirirlər ki, ordumuz Azərbaycan üçün prioritet məsələdir. Çünki Azərbaycanın böyük əraziləri Ermənistanın işğalındadır. Ərazilərin işğaldan azad edilməsi bu ordunun boynunun borcudur. Hələlik sülh danışıqları gedir, amma əsas alternativ variant, bəlkə də son günlər deyildiyi kimi, elə yeganə variant da müharibədir.

 

Ordu ilə bağlı fikirlərini AYNA ilə bölüşən mütəxəssislər qeyd edirlər ki, Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordusudur.

Polkovnik Şair Ramaldanov: Ordumuz haqqında fikir söyləyənlər ...

Şair Ramaldanov: “Azərbaycan Cənubi Qafqazda ən güclü Silahlı Qüvvələri olan dövlətdir

 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov deyir ki, bu gün beynəlxalq qurumların silahlanma ilə bağlı bütün statistik məlumatlarında da qəbul olunub ki, Azərbaycan Cənubi Qafqazda ən güclü Silahlı Qüvvələri olan dövlətdir: “Azərbaycan Ordusu həm silahlanmaya, həm də yüksək peşəkarlığa görə güclü ordular sırasındadır. Ordumuzda olan silah-sursat, texnika, atəş sistemləri, artilleriya qurğuları ən müasir tələblərə cavab verir. Ordunun bütün qoşun növləri ən müasir silah və texnika ilə silahlanıb”.

 

“Ordumuzun kadr potensialı da demək olar ki, postsovet ölkələri arasında birincilər sırasındadır. Zabitlərimiz bütün beynəlxalq tədbirlərdə öz peşəkarlığı ilə seçilir. Bu gün Ordumuzun nümayəndələri NATO-nun, eləcə də inkişaf etmiş ölkələrin çoxsaylı tədbirlərinə qatılır və yüksək nailiyyətlər əldə edirlər. Azərbaycan hərbçiləri qardaş Türkiyə kimi böyük dövlətin NATO-nun tərkibindəki hərbçiləri ilə birgə fəaliyyət göstərmələri hərbi qulluqçularımızın, mütəxəssislərin peşəkarlığını nümayiş etdirir. Bunların hamısı Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsidir. Prezident, Ali Baş Komandan inamla qeyd edir ki, əgər Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, Azərbaycan torpaqlarını güc yolu ilə işğaldan azad edəcək”, - deyə Ramaldanov söyləyir.

 

Silahlı Qüvvələrimizin rəhbərliyinin daim cəbhə bölgəsində olduğunu, cəbhəyanı bölgədə böyük işlərin görüldüyünü vurğulayan polkovnik qeyd edir ki, yeni hərbi obyektlər açılır, əsgərlərin sosial vəziyyəti yaxşılaşdırılır, döyüş hazırlığı təkmilləşdirilir: “Döyüş hazırlığının keyfiyyətini yüksəltmək üçün lazım olan infrastruktur yaradılır. Azərbaycan Ordusu yüksək səviyyədə genişmiqyaslı təlimlər keçirir. Azərbaycan əsgərinin peşəkarlığını, ordumuzun təlimlərdə tətbiq etdiyi silahları bütün dünya görür. Azərbaycan Ordusunun irimiqyaslı təlimlərini görən Ermənistan rəhbərliyi vahiməyə düşür və dərhal hər yana səs salır ki, Azərbaycan silahlanır. Onlar bundan da dividend qazanmaq istəyirlər və dilənçi kimi, öz diasporlarına, havadarlarına müraciət edirlər ki, “bizə silah verin, kömək edin””.

 

“Bu gün Azərbaycan əsgərinin bir məqsədi və müqəddəs vəzifəsi var - torpaqlarımızı işğaldan azad etmək. Döyüş hazırlığını daim artıran Azərbaycan Ordusu həm mənəvi-psixoloji, həm maddi-texniki, həm də kadr potensialı cəhətdən düşməndən qat-qat üstündür. Ali Baş Komandanın dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızı qısa zamanda azad etməyə qadirdir”, - Ramaldanov vurğulayır.

Aqil Abbas: "Olimpiya kompleksleri varlilarin mekanina cevrilib"

Aqil Abbas: “Kim istəsə, apararam hərbi hissələrə, şahidi olarlar”

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbasın sözlərinə görə, özü şəxsən hərbi hissələrdə tez-tez olur, əsgər-zabit heyəti ilə görüşür, onlarla dərdləşir: “Bilirsiniz ki, sözü həmişə düz deyən adamam. Tam məsuliyyətimlə bildirə bilərəm ki, ordumuzda bu gün vəziyyət, əhval-ruhiyyə yüksəkdir. Təbii ki, iş olan yerdə problemlər də var. Amma əvvəlki illərlə müqayisədə indiki ordu tamam başqadır. Həm maddi-texniki təchizat baxımından, həm şəxsi heyətin döyüş əhval-ruhiyyəsi baxımından, həm də əsgər və zabitlərimizin döyüş peşəkarlığı baxımdan yüksəliş var. Siz də yəqin ki, keçirilən hərbi təlimləri görürsünüz, hərbçilərimiz necə peşəkarcasına tapşırıqları yerinə yetirirlər”.

 

“Əvvəl biz haray salırdıq ki, əsgərləri daşıyan maşınları təcrübəsiz əsgərlər sürürlər, qəzalar olur. Artıq o problem bu gün yoxdur. Şəxsi heyətin geyim məsələsi də əsas problemlərdən idi. Bu gün əsgərlərimiz vaxtlı-vaxtında yeni geyimlərlə təmin olunur. Eyni zamanda, şəxsi heyətə qulluq məsələsidir, yemək məsələləridir, bunlar da əsgərlərin öhdəsindən götürülüb. Hərbi hissələrə qadınlar cəlb edilib, xadimələr var, əsgər məişət məsələsinə özü baxmır, sırf döyüş hazırlığına köklənir. Sizi inandırım ki, bu gün əsgərlərə verilən yemək sanatoriyalarda verilən yeməklərdən fərqlənmir. Təmizkarlıq var, ərzaqlar təzədir. Kim istəsə, apararam hərbi hissələrə, gözləri ilə görərlər, şahidi olarlar. Bunları görməmək, dəyərləndirməmək insafsızlıq olardı”, - A.Abbas bildirir.

 

Millət vəkili xatırladır ki, vaxtilə hərbidə əsas bəlalardan biri “dedovşina” halları idi: “Bu gün heç bir hərbi hissədə belə fakta rast gəlmək mümkün deyil. Əsgərlərlə psixoloji söhbətlər aparılır, aidiyyəti zabitlər profilaktik maarifləndirici məşğələlər keçirlər, döyüş ruhu, vətənpərvərlik ruhu aşılanır, bir-birinə xoş münasibətlər formalaşdırılır. Ordumuzun əvvəlki vəziyyətindən indikini fərqlənən cəhətlərdən biri də budur”.

 

“Hesab edirəm ki, bu gün ordumuzun gücü, qüdrəti yerindədir. Azərbaycan Silahlı Qüvvələri istənilən an işğalda olan ərazilərimizi qısa müddətdə qaytarmaq gücündədir. Bircə qalır ki, dünyada siyasi oyunu udmaq. Bütün beynəlxalq aləmə demək ki, ermənilər işğal etdiyi ərazilərdən çıxmadılar, biz özümüz “donuzu darıdan çıxarırıq””, - deyə sonda deputat vurğulayır.

 

P.S. Biz də AYNA olaraq Azərbaycan Ordusunun şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, ordumuza Qarabağa zəfər bayrağını sancmağı arzulayırıq!

Müəllif: Anar Bayramoğlu      26 İyun 2020 19:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin