Dövlət başçısı: "İndiki şəraitdə biz gücümüzü daha da artırmalıyıq və artırırıq"

Dövlət başçısı: "İndiki şəraitdə biz gücümüzü daha da artırmalıyıq və artırırıq"

İlham Əliyev hərbi hissəsinin açılışında çıxış edib 

 

"İndiki şəraitdə biz gücümüzü daha da artırmalıyıq və artırırıq. Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü".

 

AYNA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında bildirib.

 

Dövlət başçısı deyib: “Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir”.

Müəllif: Ayna.az      25 İyun 2020 22:56
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin