Xaçmaz sakinləri Bakıda uşaq sığınacağına necə hücum etdilər – KARANTİN MÜƏMMASI

Xaçmaz sakinləri Bakıda uşaq sığınacağına necə hücum etdilər –       KARANTİN MÜƏMMASI

“Baş verənlər təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və hüquq mühafizə orqanlarına təqdim ediləcək”

 

Hər gün Dövlət Yol Polisi (DYP) sərt karantin rejimini pozaraq, Bakıya girməyə çalışanların sayı barədə məlumat yayır. Məsələn, 24 iyun 2020-ci il tarixində DYP-nin yaydığı məlumata görə, tətbiq olunan sərtləşdirilmiş karantin rejimini pozduğuna görə, 23 iyun saat 00:00-dan 24 iyun saat 00:00-dək 1082 nəfər inzibati məsuliyyətə cəlb edilib. 866 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (taksilərdə və avtobuslarda fərdi mühafizə vasitələrindən istifadə etmədiklərinə görə), iki nəfər 211.3-cü maddəsi (bu hərəkətləri təkrar etdiyinə görə) ilə məsuliyyətə cəlb olunub.

 

Bir sözlə, bu rəqəmlərlə polislər öz postlarında möhkəm olduqlarını göstərir və postları hansısa yolla keçməyə çalışanların mütləq şəkildə cazalandırıldığını nümayiş etdirirlər. Lakin Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadənin rəhbərlik etdiyi uşaq sığınacağına edilən gecə hücumu polis postlarının etibarlılığını şübhə altına alır.

 

Ağazadənin AYNA-ya dediyinə görə, bir ay əvvəl polis əməkdaşları 17 yaşlı bir qızı sığınacağa yerləşdiriblər: “İyunun 23-dən 24-nə keçən gecə saat 01:00-da qızın qohumları - xalası və onun qızı sığınacağa hücum etdilər. Onlar hay-küy salır, sığınacağın əməkdaşlarını təhqir edirdilər”.

Əsl dalğanı onlar Bakıya gələndə görəcəyik

AUB rəhbəri hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə məlumat verdikdən qısa müddət sonra hadisə yerinə polislər gəliblər: “Bu vəziyyət sığınacaqdakı uşaqlara mənfi təsir göstərdi. Əlbəttə ki, bütün baş verənlər təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Videokadrlar da hüquq mühafizə orqanlarına təqdim ediləcək”.

 

“Bu qız sığınacağa bir ay əvvəl çox pis vəziyyətdə gətirilmişdi. Dedi ki, ana əvəzi olan xalası onu mütəmadi olaraq döyür. İndi qohumları qızı ifadəsini dəyişdirməyə məcbur etmək istəyirlər. Qeyd edim ki, hər iki şəxs Xaçmaz rayonunun sakinləridir. Məm öyrəndim ki, son hadisə qızın evdən xalasının zülmünə görə ilk qaçışı deyil. Bu hal bir neçə dəfə təkrar edilib. Atası öləndən sonra bu qızın anası başqa ailə qurduğu üçün, baxmaq üçün xalasının himayəsinə verilib. Qız isə, dediyim kimi, xalasının evində daim döyüldüyünü iddia edir”, - K.Ağazadə qeyd edib.

 

O, sığınacağa hücum edən qadının Nərgiz Xələfova olduğunu bildirib: “Mən polisə şikayət etdim. Karantin zamanı onların Xaçmazdan Bakıya necə gələ bildiklərini başa düşmürəm. Bu faktla əlaqədar araşdırma 10-cu polis bölməsinin müstəntiqi Orxan Ocaqova tapşırılıb. Ümid edirəm ki, istintaq bu ailənin karantin zamanı Bakıya necə gələ biləcəyi ilə bağlı suala cavab verəcək”.

 

Sözügedən insidenti araşdıran Bakı şəhəri üzrə 10-cu polis bölməsinin müstəntiqi Orxan Ocaqov isə AYNA-nın sorğusuna cavab olaraq deyib ki, qız ondan bir neçə yaş böyük bir oğlanla evdən qaçıb: “Qohumlarının polisə şikayəti əsasında onu tapıb Azərbaycan Uşaqlar Birliyinin sığınacağına göndərdim. Qızın özünün də istəyi belə idi. O ki, qaldı qızın qohumlarının Xaçmazdan Bakıya karantin zamanı necə keçə bildiklərinə, şübhəsiz ki, bu məsələ dəqiqləşdiriləcək”.

 

Məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsi ilə də əlaqə saxladıq. Şöbənin Bayramov soyadlı növbətçisi bildirdi ki, Xaçmaz-Bakı yolundakı Yaşma dəmiryol stansiyasında polis postu yaradılıb. Onun ehtimalına görə, Nərgiz Xələfova Bakıya sərt karantin rejimi tətbiq olunmazdan əvvəl daxil olub.

 

Lakin Kəmalə Ağazadə polisin versiyasını təkzib edir. Onun dediyinə görə, hücum günü, yəni iyunun 24-ü gecə saat 1-də Nərgiz Xələfova özü Bakıya iyunun 23-də gəldiyini bildirib. Ağazadə haqlı çıxsa və Nərgiz Xələfovanın Xaçmazdan Bakıya həqiqətən də karantin zamanı gəldiyi bəlli olsa, bu faktın özü polislərin gündəlik xəbərlərinin heç də həqiqəti əks etdirmədiyinin sübutu olacaq. Bu məsələ isə bir çox suallar doğurur...

Müəllif: Rəşad Rüstəmov      24 İyun 2020 21:46
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin