Daş, çubuq və iki düşmən: Yeni qlobal müharibə təhlükəsi

Daş, çubuq və iki düşmən: Yeni qlobal müharibə təhlükəsi

Hindistan və Çin yenidən döyüşür: Nüvə güclərinin uzunmüddətli qarşıdurmasına necə son qoymaq olar?

 

Hindistan və Çin yenidən müharibə ərəfəsindədir. Ölkələr arasındakı sərhədin mübahisəli hissəsində Hindistan və Çin hərbçiləri arasında baş verən toqquşma dünyanın diqqətini yenidən bu istiqamətə yönəldib. Qarşıdurma tərəflərinin nüvə silahına malik olması gərginliyin miqyasını qeyri-adi dərəcədə artırır. Çünki belə bir müharibənin nəticələri qlobal fəlakətlə nəticələnə bilər. Üstəlik, bu dəfə gələn məlumatlar başqadır. Son hadisə sərhəddə müntəzəm olaraq baş verən ənənəvi xırda atışmalardan deyil. Çünki, bu dəfə qurbanların sayı onlarla nəfərə çatdı.

 

Rusiyanın “Lenta.ru” informasiya portalı Hindistan və Çinin Himalay dağlarında nələri bölüşə bilmədiyini və sərhəddə baş verən bu xoşagəlməz hadisənin necə sonuclana biləcəyini araşdırıb. Rus jurnalist Vladimir Kulaqinin araşdırmasını AYNA Azərbaycan dilinə çevirərək, oxucularına təqdim edir:

 

Çin-Hindistan sərhədinin mübahisəli hissəsində toqquşma iyunun 16-na keçən gecə Ladax bölgəsində baş verib. Hər iki tərəfdən itkilərin sayı yalnız ertəsi gün məlum oldu. Əvvəl mediaya sızan məlumatlarda onlarla qurban olduğu bildirilsə də, tezliklə Hindistan Müdafiə Nazirliyi 20 nəfərin öldüyünü açıqladı. Çin tərəfi isə zərərləri barədə məlumatları rəsmi olaraq yayımlamadı. Hindistanın “ANI” Agentliyinin məlumatlarında isə ölən və ağır yaralananlar da daxil olmaqla 43 çinlinin zərər gördüyünü yazdı.

 

Əsas sual budur ki, cəmi iki həftə əvvəl qoşunları sərhəddən çəkməyə razılıq verən tərəflər bu qədər itki yaşadan qarşıdurmaya necə yol verdi? Axı, hər iki ölkənin hərbi qüvvələri əsgərlərin həyatını qorumaq üçün odlu silahdan imtina etmişdi… Aydındır ki, cavab hər iki tərəfdə baş verən hadisələrin miqyasındadır: döyüşdə təxminən 500 nəfər iştirak edib. Üstəlik, münaqişə axşam saatlarında başlayıb və qaranlıq vəziyyəti daha da ağırlaşdırıb.

 

"Arda-Conson xətti" və "Mak Maqon xətti"

 

Hindistan və Çinin sərhədi yalnız iki yerdə - Nepal və Butanın aralarında olduğu yerlərdə kəsişir. Eyni zamanda, Ladax mübahisələrin ortaya çıxdığı yeganə yer deyil. Hər iki tərəfin iddia etdiyi başqa bir torpaq sahəsi Şərqi Himalay bölgəsində yerləşir və demək olar ki, tamamilə Hindistanın Arunakal Pradeş əyalətinə düşür. İki ölkə arasındakı mübahisəli ərazilər məsələsi hələ Hindistan Britaniya İmperiyasının müstəmləkəsi olduğu zamandan mövcuddur. O zamanlar ingilis Hindistanını və Çini ayıran iki şərti xətt çəkilib - "Arda-Conson xətti" və "Mak Maqon xətti".

 

O zaman Hindistan və Tibet sərhədi tanıdı, lakin Çin buna qarşı çıxdı. Çinlilər bu “xətlər” səbəbdən böyük ərazilərini itirdiklərini iddia etdilər və 1959-cu ildə hətta diplomatik nota ilə öz etirazlarını bildirdilər. 1962-ci ildə sərhəddə əsl müharibə başladı. Qısa, lakin qanlı bir qarşıdurma nəticəsində Hindistan ordusu sarsıdıcı məğlubiyyətə uğradı. Çinlilər qərb sərhədində yerləşən strateji əhəmiyyətli Aksayçin bölgəsini işğal etdilər. Bu da iki ən sabit olmayan bölgələri - Tibet və Sincanı birləşdirməyə imkan yaratdı.

 

Hindistan isə bu bölgəni Ladaxın bir hissəsi hesab edir. Münaqişədən sonra cızılan sərhədlər indi faktiki “nəzarət xətti” adlanır. Bundan sonra mübahisəli ərazinin problemini həll etmək üçün dəfələrlə cəhdlər edilib. 1993-cü ildən 1996-cı ilə qədər Çinlə Hindistan arasında imzalanan 2 müqavilə də mübahisənin həllinə təsir etməyib. Nəticədə, hər iki tərəf bu şərti “sərhədi” öz anlamında doğru hesab edir. Ona görə də, burada müntəzəm olaraq müxtəlif insidentlərin yaranması təəccüblü deyil.

 

Bu məqamda tərəflər arasında 2017-ci ildə baş verən insidenti də qeyd etmək lazımdır. Belə ki, Çinlilər Dolam yaylası boyunca - Hindistan, Çin və Butan ərazilərinin qovşağında yol çəkməyə qərar verdilər. Hindistan isə bu planı qəbul etmədi və tikintiyə müdaxilə etmək qərarına gəldi. Hindistan əsgərləri hücuma keçdi, Çin tərəfi onlara cavab verdi və nəticədə geniş miqyaslı savaş başladı. Bu savaşda silahlar yox, ənənəvi olaraq polad çubuqlar və dırnaqları olan dəyənəklərdən istifadə edildi. Savaşda heç bir tərəfdən ölən olmadı.

 

Kövrək balans

 

Yeni Dehli hesab edir ki, hazırkı atışma Çin tərəfinin status-kvonu birtərəfli qaydada dəyişdirmək cəhdi nəticəsində baş verib. Rəsmi Pekin də öz növbəsində Hindistanı müqavilələri pozmaqda günahlandırır. Ancaq rəsmi Dehli dərhal bəyan etdi ki, münaqişəni davam etdirmək istəmir. Hindistanın Baş Naziri Narendra Modi çıxışında ölkəsinin müharibə istəmədiyini, ancaq fitnəkarlara layiqli cavab verməyə hazır olduqlarını söylədi.

 

İndi Hindistan hakimiyyəti bu hadisəni ölkə müxalifəti ilə müzakirə edir. Əsas müxalif qüvvənin rəhbəri, Hindistan Milli Konqresinin lideri Rahul Qandi, Modinin sakit bəyanatını qəbul etmir. “Bizim üçün kifayətdir. Çin əsgərlərimizi öldürməyə necə cəsarət edir?", - deyə müxalif lider söyləyib. Lakin müxalifətin çağırışlarından sonra da hərbi əməliyyatlar gözlənilmir. Amma Hindistanın bütün sərhəd boyu infrastrukturu yenidən quracağını və yeni hava hücumundan müdafiə texnikalarının alınmasını sürətləndirəcəyini güman etmək mümkündür. Məhz bu addımlar Hindistanın ata biləcəyi maksimumdur. Çünki, Çinlə müharibə hazırkı məqamda heç bir siyasi qüvvənin planlarına daxil deyil.

 

Rəsmi Pekin də müharibə etməyə tələsmir. Çin mümkün müharibədə əsassız itkilərin böyük olacağını anlayır. Ölkələr arasında son razılaşmalar olmasa da, Çin və Hindistanın Xarici İşlər nazirləri Vang Yi və Subramanyam Jaişankar sərhəddəki çətin vəziyyəti ədalətli şəkildə həll etmək, gərginliyi azaltmaq və bölgədə sülh və əmin-amanlığı təşviq etmək barədə razılığa gəliblər. Bu fonda çinlilər insident zamanı tutulan 10 Hindistan əsgərini sərbəst buraxdı. Vəziyyətlə bağlı müzakirələr Rusiyanın vasitəçiliyi ilə planlaşdırılır.

 

İnformasiya müharibəsi

 

Unutmayaq ki, Hindistanda hökumət “partlayan” ictimai rəyi nəzərə almır. Münaqişədən sonra ölkədə qisas almaq istəyi ilə həyəcanlı çağırışlar səsləndi. "Hindistan cavab verməlidir. Çin əsgərlərimizi öldürə bilməz”, - deyə Hindistan mətbuatında məqalələr yazıldı. Məqalə müəllifləri hökuməti ən azından Çindən idxala sanksiya tətbiq etməyə çağırdılar.

 

Hindistan mediası hələ aprel ayında baş verə biləcəklərlə bağlı həyəcan təbili çalmışdı. Buna səbəb Çinin  “Map World” xidmətinin yeni xəritələri idi. Xəritədə Hindistanın Arunaçal Pradeş bölgəsinin Çinə aid olduğu göstərildi. Sonra, hakimiyyətin səssizcə reaksiya verdiyi sərhəddəki daimi kiçik atışmaların üstü fəal şəkildə örtüldü.

 

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası zamanı Çin dəfələrlə ərazi genişləndirilməsini həm kağızda, həm də praktikada həyata keçirməyə çalışdığına görə qınanıb. Məsələn, aprelin 19-da mübahisəli Parasel adaları və Spratli Arxipelaqında iki yeni Çin inzibati bölgəsinin meydana çıxdığı açıqlandı. Bu bölgələrin Çin hökumətinin 2012-ci ildə yaratdığı Hainan əyalətinin Sanşa şəhərinin bir hissəsi olacağı bildirildi. Vyetnam buna etiraz etsə də, rəsmi Pekin heç bir reaksiya vermədi.

 

Daha bir həyəcan təbili isə ABŞ Silahlı Qüvvələrinin Yaponiyadakı komandiri general-leytenant Kevin Şneyderdən gəldi. O, Pekinin iddia etdiyi sularda Çin hərbi gəmiləri və sahil mühafizəçilərinin getdikcə daha çox göründüklərini qeyd etdi. Çin dəniz qüvvələrinin fəallığının artması Şərqi Çin dənizində də müşahidə edildi. Burada Yaponiya ilə ərazi mübahisəsi olan Senkaku Arxipelaqı yerləşir. Şneyder qeyd etmişdi ki, Çin bu əməlləri ilə digər dövlətləri qorxutmağa çalışır.

 

Çin siyasi rəhbərliyi isə hesab edir ki, daxili polemikalara nəzarət etmək üçün daha çox imkanlara sahibdir. Lakin ölkə daxilində müzakirələri dayandırmır. Pekin Hindistanla sərhəddəki son toqquşma zamanı itkilər barədə məlumatları yaymaqdan imtina etməsinin arxasında isə müharibə əhval-ruhiyyəsini qızışdırmamaq məqsədi güddüyünü açıqlayır. Bununla belə, rəsmi mətbu orqanlarda yox, müstəqil nəşrlərdə, bloqlarda müzakirələr aparılır.

 

Çin mediası xatırladır ki, son vaxtlar Hindistanın Nepal və Pakistanla sərhədlərində də bir neçə oxşar hadisə yaşanıb. Məsələn, Nepal tərəfi mübahisəli bölgədən biri üzərində suverenliyini təsdiqləyən bəyanat verdikdən sonra orada atışmalar başladı və iyunun 12-də iki nəfər sərhəddə öldü. İyunun 16-da mübahisəli Kəşmir bölgəsində Pakistanla sərhəddə də atışma olub. Çin ehtimala söykənərək bəyan edir ki, bütün bu qarşıdurmalarla Hindistan hökuməti diqqəti daxili problemlərdən, ilk növbədə koronavirus pandemiyasından yayındırmağa çalışır.

 

Qeyd edək ki, Hindistan COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada dördüncü yeri tutub.

 

Bütün hallarda Çin ilə qarşıdurma Hindistan üçün arzuolunmazdır. Çünki ölkə çox ölçülü-biçili və müstəqil xarici siyasət aparmaq istəyir. Amma ABŞ rəsmi Dehlini birmənalı olaraq Pekin əleyhinə bloka qoşmağa çalışır. Hətta, məqsədinə nail olmaq üçün Vaşinqton beynəlxalq konsepsiyasında bölgənin adını dəyişdirib – sənədlərdə Asiya-Sakit okean bölgəsi ifadəsini Hind-Sakit okean bölgəsi edib.

 

Pekin ilə mürəkkəb münasibətlərin qədim tarixi, görünür ki, hindliləri açıq bir seçimə məcbur edir. Çin ilə açıq düşmənçiliyə keçid Hindistanı ABŞ-a daha çox bağlayacaq və ABŞ Hindistanın müstəqil mövqeyinə imkan verməyəcək.

 

Qeyd: Tərcümə AYNA-ya məxsusdur

Müəllif: Ayna.az      22 İyun 2020 17:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin