Canavarların savaşı: İlk hücum əmrini Hitler yox, Stalin versəydi...

Canavarların savaşı: İlk hücum əmrini Hitler yox, Stalin versəydi...

“Almaniyaya hücum planları ortada idi və mən onlardan 13-nü saymışam”

 

Yenə 22 iyun və bu tarix bütün insanlara, əslində 1941-ci ilin bu faciəli tarixinin arxasında real olaraq nə olduğunu bir daha xatırlatmaq üçün daha bir səbəbdir. Bu gün biz bu imkandan istifadə edərək, Almaniyanın SSRİ-yə gözlənilməz xəyantkar hücumu barədə uşaqlıqdan bizim beynimizə yeridilən bir fikrin həqiqətə nə qədər yaxın olub-olmaması barədə danışacağıq.

 

Stalin və Hitler kimi canavarlar arasında bir-birinə güvəndən təbii ki, heç söhbət də gedə bilməzdi. Bu anormalların hər birini yalnız sonunda tək liderliyin dayandığı ümumdünya ağalığı maraqlandırırdı. Əlbəttə ki, bəşər tarixinin inkişafı üçün belə bir variantın reallaşması arzuolunmaz bir dalana gətirib çıxara bilərdi, amma onlar tipli təkəbbürlü insanları bu məsələlər ümumiyyətlə düşündürmür.

 

Onlar bir-birindən dünya hökmranlığına sahib olmaq uğrunda mübarizə aparmaq üçün bir tramplin kimi istifadə edirdi – rəqibin əli ilə mümkün qədər çox rəqibləri aradan götürmək, sonda isə əsas rəqibin dərsini vermək. Və hər biri digərinin niyyətlərini dəqiq bilirdi. Elə bu amil də hələ ABŞ və Böyük Britaniya kimi güc mərkəzlərinin işini bitirməmiş, Stalin və Hitleri tələsik qoşunlarını bir-birlərinin sərhədlərinə çəkməyə vadar etdi.

 

Stalinin Almaniyaya hücumla cəmi 1-2 həftə gecikməsinə dair çoxlu sayda arxiv sənədləri var. Hitler sadəcə olaraq onu bir az qabaqladı.

 

Məsələn, müharibənin araşdırmaçılarından olan məşhur rus tarixçisi Mark Solonin “Azadlıq Radiosu”na deyilənləri belə izah edir:

 

“Əlbəttə ki, ilk zərbəni alman ordusu vurdu. Strateji sürpriz haqqında danışmaq prinsipcə mümkün deyil, çünki hər iki ölkə, ən azı hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl bir-birlərini düşmən hesab edirdi - mücərrəd, potensial düşmən deyil, sonunda döyüşün labüd olacağı bir düşmən. Və bu müharibəyə ciddi hazırlıq gedirdi. Müharibə heç Stalinin planladığı şəkildə başlamadı, heç əməliyyatlar da onun gözlədiyi ssenari ilə getmədi. Buna görə deyə bilərik ki, almanların qəfil əməliyyat keçirməsi cəfəngiyyat idi. Taktiki sürprizin təsiri bir sərhəd forpostu üçün ölümcül ola bilər. Sovet İttifaqının xəritəsini vizual olaraq xatırlayaq və misal üçün mənim sonuncu kitabım olan “41 iyun. Son diaqnoz” kitabını vərəqləyək. Orada Sovet İttifaqının Avropa hissəsinin xəritəsi var. Bu xəritədə Belçika, Hollandiya ərazilərinin konturları və Fransanın şimal-şərq hissəsi, yəni almanların 40-cı ilin may ayında aldığı ərazilər qeyd edilib. Bu kiçik sahələr Rusiyanın geniş əraziləri arasında yoxa çıxır. Hələ bu, yalnız Rusiyanın Avropa hissəsidir! Buna görə də ciddi şəkildə deyim ki, belə miqyaslı bir ölkədən, belə bir miqyaslı ordudan söhbət gedirsə, heç bir gözlənilməzlikdən söhbət belə gedə bilməz. Xatırladım ki, o vaxt Sovet Qızıl Ordusu 300 diviziyadan ibarət idi. Yalnız bilavasitə əməliyyat teatrına yerləşdirilən 12 min tank, qərb rayonlarında yerləşdirilən 9 min döyüş təyyarəsi, vardı yüzlərlə aerodrom hazırlanmışdı.

 

Viktor Suvorovun "Buzqıran" filminin yayımlanmasından 30 ildən çox vaxt keçir. Artıq hər şey aydındır, amma elmi və tarixi problem başa çatsa da, mənəvi və siyasi problem əxlaq və siyasət dəyişməyincə, yəqin ki, heç vaxt bitməyəcək. Sovet İttifaqında Almaniyaya hücum planları var idi – bu, başadüşülən həqiqətdir. Üstəlik, artıq 99.99% ehtimalla deyə bilərəm ki, otuz il ərzində heç kim başqa bir plan tapmayıb. Yəni döyüşgən Qızıl Ordunun istifadəsi üçün otuz ildə heç kim başqa bir plan tapmadı, bir vərəq belə! Ancaq Almaniyaya hücum planları ortada idi və mən onlardan 13-nü saymışam. Bunlar ümumi planın beş variantı, yəni 40-c ilin avqustu ilə 41-ci ilin mayı arasında bütün Qızıl Ordu üçün strateji fəaliyyət planı, cəbhəyə çevrilən sərhəd rayonlarının hər biri üçün ayrıca sənədlər idi.

 

Üstəlik, bu sənədlərin bəziləri məhz Xalq Müdafiə Komissarının, məsələn, Qərb Xüsusi Hərbi Dairəsinin komandirinin göstərişləridir. Yəni bunlar bəzi fərziyyələr, mülahizələr, nəzərdən keçirilmək üçün məlumatlar deyil. Bu, xalq komissarının göstərişidir – belə əmrlər müzakirə edilmir, sadəcə yerinə yetirilir.

 

Mən bu sənədlərin hamısının şəklini çəkdim, kitablarımda və veb-saytımda yerləşdirdim. Bu sənədlər arasında Qızıl Ordunun hücum edəcəyi nöqtələr, hücüm isitqamətləri göstərilib: Lyublino, Krakov, Katovisə uzanan oxlar… Digər xəritələrdə də uzanan bu oxlar onu sübut edir ki, SSRİ 1941-ci ilin may-iyun aylarına hesablanmış bir hücum planı hazırlamışdı və hətta, bunun üçün qoşunların gizli strateji yerləşdirilməsi prosesinə də start verilmişdi.

 

Bu, çox vacib bir məqamdır! Strateji yerləşdirmə üçün bir az vaxt tələb olunur. Sənədlərdə çox dəqiq bir müddət var: bəzi hissələr və birləşmələr üçün on gün, bəziləri üçün on beş, bəziləri üçün beş, bəziləri üçün yeddi. İyul ayının ilk ongünlüyündə bu yerləşdirmə sona çatmalı idi. Sənədlərdə qeyd edilən bölgələrə gətirilən və hücum əməliyyatı üçün cəmlənmiş milyonlarla insan kütləsi, xalq təsərrüfatından alınan yüz minlərlə traktor və avtomobillərlə birgə yalnız hərbi manevrlər üçün bir müddət meşədə qala bilməzdi. Axı həmin insanlarsız və texnikasız start götürən taxıl yığımı da məhv edilmiş sayılırdı. Yəni strateji yerləşdirilmənin başlanğıcı əslində müharibənin başlanğıcı idi.

 

Mənim fikrimin həqiqət olduğunu sübut edən daha bir məqam: mən hələ 22 iyundan da xeyli əvvəl komandirlərin birinin o birilərinə göndərdiyi “Döyüş hesabatı” adlı yüzlərlə sənədə rast gəldim. Təqvim ilinin ortalarında “Döyüş hesabatı №1” adlı sənəd onu sübut edir ki, ordu artıq döyüşür. Bu barədə hələ radioda elan verməmişdilər, Molotov hələ məhşur çıxışını etməmişdi, amma komadirlər artıq döyüş əmri verirdilər”.

 

Qeyd edək ki, bu reportajda SSRİ-nin Avropaya və Almaniyaya hücum etmək planının olmasına hələ də şübhə edənlər üçün çox maraqlı faktlar var. Lakin Solonin bir şeyi açıq şəkildə sübut edir: "böyük dahi" Stalinin rəhbərlik etdiyi çoxmilyonluq ordu, Avropaya qalib gəlməyə hazırlaşaraq sərhədə doğru yol almışdı. İndi yaşayanların heç biri müharibənin Hitler yox, Stalin tərəfindən başlaması halında dünyanın sonunun necə olacağını təxmin belə, edə bilməz. Odur ki, iki canavardan birinin digəri üzərində qələbəsinin nə dərəcədə bayram hesab edilməsinin məntiqliliyi sualı açıq olaraq qalır.

Müəllif: Rauf Orucov      22 İyun 2020 15:57
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin