Yasamal və Dağıstandakı azərbaycanlılar haqqında: Gəlin, təəccüblənməyək

Yasamal və Dağıstandakı azərbaycanlılar haqqında:           Gəlin, təəccüblənməyək

Sənin özünə hörmətin yoxdursa, başqasından hörmət gözləyə bilməzsən

 

Ötən həftə Rusiya-Azərbaycan sərhədində baş verənlər heç də təəccüblü deyil. Buna qəzəblənən şəxslərin qəzəbi də mənə qeyri-səmimi görünür. Əvvəla, ona görə ki, qəzəblənmək problemin həlli deyil. Qəzəblənmək ilkin emosional reaksiya ola bilər, lakin özündən sonra hər hansı bir əməl tələb etməlidir. Əgər sən bir məsələyə sadəcə qəzəblənirsənsə və onun həllinə dair heç bir iş görmürsənsə, deməli, sadə dildə desək, sən özünü göstərməyə çalışırsan.

 

Digər tərəfdən kütləvi qəzəb ona görə qeyri-səmimi görünür ki, eyni qəzəbi bundan əvvəl Yasamal hadisəsi zamanı baş verən polis zorakılığına qarşı da gördük. Yasamal hadisəsində Azərbaycan polisi öz vətəndaşının məhrəminə girdi. İnsanların mənzil toxunulmazlığı hüququ ölkənin hüquq mühafizəçiləri tərəfindən ən kobud formada pozuldu. Bu, təkcə Yasamal sakinlərinə qarşı deyil, bütün Azərbaycan xalqına sayğısızlıq, hörmətsizlik, daha dəqiq desək, təhqir idi. Ölkə əhalisi buna da qəzəbləndi. Bəzi şəxslər müəyyən formada etirazlar da etdilər. Amma ümumi nəticə nə oldu? Sadəcə heç nə.

 

İndi bir toplum olaraq biz öz ölkəmizdə, öz cəmiyyətimizdə özümüzü qoruya bilmiriksə, ən məhrəm yerimizə - yatağımıza hücum çəkib bizi lüt-üryan biabır edə bilirlərsə, biz öz ən təməl haqlarımızın bərpası uğruna mübarizə apara bilmiriksə, bizimlə öz içimizdə hər yerindən duran istədiyi kimi davrana bilirsə, Rusiyadan, Rusiya polisindən özümüzə qarşı hansı diqqəti, mədəniyyəti, sayğını, hüquqi normanı gözləyə bilərik ki?!

Ombudsman Yasamalda baş verənlər haqqında məlumat yaydı | AzTimes

Dilimizdə maraqlı bir ifadə var: “filankəs özünə hörmət etmir”. Sənin özünə hörmətin yoxdursa, başqasından hörmət gözləyə bilməzsən. Ümumiyyətlə, karantin dönəmində ölkədə tətbiq edilən qaydalar da, baş verən digər hadisələr də bizim özünəhörmət məsələsindən xəbərsiz olduğumuzu, ümumi toplumumuza da, ayrı-ayrı fərdlərimizə də sayğımızın olmadığını göstərdi.

 

Rusiya sərhədində qalıb ölkəyə qayıda bilməyən soydaşlarımıza gəlincə, bu barədə şəxsi qənaətim belədir ki, onlar əvvəlcədən ölkəyə qayıtmaq barədə düşünməməli idilər. Ona görə yox ki, özləri ilə ölkəyə virus gətirə bilərlər, yaxud AzTV-nin dili ilə desək, ölkə səhiyyəsinə əlavə yük olacaqlar və s. Ona görə ki, sən onsuz da bir yolunu tapıb buralardan qurtulmusan, başqa yerdə birdəfəlik bərqərar olub yaxınlarını da apar öz yanına və bu hörmətsizliyin, sayğısızlığın bir parçasına çevrilib təhqir olunma.

 

O məsələyə toxunmaq da istəmirəm ki, hökumət öz vətəndaşlarının sağ-salamat ölkəyə qaytarılması üçün müəyyən addımlar atmalı, onların ya olduqları yerdə rifahlarını təmin etməli ya da ölkəyə gətirib qayğılarına qalmalıdır. İndiki halda bu proseslərdən söhbət gedə bilməz, çünki bu, sərhada su, bataqlıqda gül axtarmağa bənzəyər.

 

Bütün bunları süzgəcdən keçirdikdə bir məşhur ifadənin doğruluğuna əmin olursan: “Hər xalq layiq olduğu taleyi yaşayır”. Məhz bu məqamda İlahi ədalət bizi də buna layiq bilib. Layiq bilib ki, özümüzkü də, özgə də üzümüzə söysün, bizi lüt-üryan yatağımızdan çıxarsın, üzqoylu yerə uzadıb əllərimizi bağlasın və şəkillərimizi, videolarımızı çəkib yaysınlar. Kütləvi köləliyə Haqq bu cəzanı göndərib. Hər imdadı arsızca umduğumuzu o ulu dərgahın nəzərində yerimiz budur. Acı həqiqətdir, amma ən sadə həqiqətdir.

Müəllif: Bünyamin      22 İyun 2020 20:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin