Dünyanın gözü qaralıb, başı hərlənir – AXİ NİYƏ?!

Dünyanın gözü qaralıb, başı hərlənir –       AXİ NİYƏ?!

Sarı saçlı, mavi gözlü xanımlar qaradərililərin qarşısında diz çökür və ağdərili doğulduqlarına görə özlərindən zəhlələri getdiyini söyləyirlər

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Sovet dövrünün uşaqları olaraq bizim çoxumuz kosmonavt olmaq istəyirdik. Bəli, bəli! Biz indiki məktəblilərdən fərqli olaraq, müğənniyə, biznesmenə, nə bilim “vor zakona” yox, məhz kosmonavtlara bənzəməyi, göyləri fəth edərək, vətənimiz olan SSRİ-nin adını hər yerdə uca tutmağı arzu edirdik. Hələ o zaman kosmonavtlar, qalaktika, raketlər, peyklər barədə barədə əlimizə nə keçdi, oxuyurduq.

 

Yadımda qalan bir məlumatı sizinlə bölüşüm: insandan əvvəl kosmosa “Layka” adlı itin uçması faktı yəqin ki, çoxlarınıza məlumdur. Amma çox az adamın yadında qalıb ki, sonunun ölüm olacağı bəlli olan uçuşa itin göndərilməsinə etiraz edən bir qrup amerikalı BMT-yə məktub yazmışdı. Məktubda ABŞ-ın Missisipi ştatının heyvan müdafiəçiləri yazırdılar ki, “Elm naminə olsa belə, dördayaqlı dostlarımızı ölümə göndərmək olmaz. Əgər elm qurban tələb edirsə, bizim şəhərdə çoxlu zənci balaları dolaşır, onlarda istifadə edin”.

 

Bu hadisə məndə qəribə bir hiss yaratmışdı. Sovet ideologiyasının bizə aşıladığı dünya görüşünə görə, “çürüyən Qərb”dən bundan artığını gözləmək olmazdı da. Biz – SSRİ vətəndaşları Qərbin tam olaraq, çürüyüb iflas edəcəyi günün yaxında olduğuna inanırdıq. Amma bu, belə olmadı. Əvəzində elə SSRİ özü çürüdü və mən hesab edirəm ki, Qərb sisteminin də məhv olacağı gün uzaqda deyil.

 

Yəqin, bu fikirlərə görə, o zaman pioner dəstə rəhbərimiz məni tərifləyər və sıranın qabağında Leninin şəklini daşımağı həvalə edərdi. Amma mən doğrudan da düşünürəm ki, artıq Qərb liberal dəyərləri öz pik həddinə çatıb və bundan sonra çöküşə doğru gedir – yəni sistem özü-özünü məhv edir. Axı niyə belə düşünürəm? İzah edim.

 

İnsanın dərisinin rəngi, onun milliyyəti heç zaman mənim üçün önəmli olmayıb. Heç uşaq vaxtı da “AZİ”də oxuyan qərədərili tələbələri küçədə görəndə, onlara baxıb “şokolad-şokolad” deyə qışqıraraq qaçmamışam. İndi ABŞ-da baş verənlərə nəzər saldıqda, bir çoxları kimi bunu əsrlərlə qul olmuş zəncilərin ağlardan intiqam alması kimi qəbul etmirəm. Bakılılar demiş, bu, nəsə alayı söhbətdir və qaradərili insanın ölümü burada aysberqin görünən hissəsidir.

 

Əvvəla deyim ki, polisin qaradərili Corc Floyda etdiklərini qınayıram, amma polislərin bunu Floyd qaradərili olduğu üçün etdiklərini düşünmürəm. Axı, Floyd kim idi ki, ona qarşı edilən zorakılığa görə bütün dünya ayağa qalxdı?!

Özünüz baxın, adam bir neçə dəfə soyğunçuluq, narkoticarət və xuliqanlığa görə həbs edilib. İndi heç Con Kennedinin belə, layiq görülmədiyi qızıl tabutda təmtəraqla basdırılan Floydun, vaxtı ilə soyğunçuluq edərkən, hamilə qadının üstünə tapança çəkməsini və ya 5 illik həbsdən sonra saxta 20 dollarlıq əskinasla alver etmək istədiyini xatırlayan varmı? Təbii ki, yox. Çünki, bu, müəyyən qüvvələrə sərf etmir. Əvəzində Co Baydenin dediyi kimi, Floyd – dünyanı dəyişdirən adam adlandırılır. Və ABŞ, sonra isə Avropada elə məntiqəzidd hadisələr cərəyan etməyə başlayır ki, doğurdan da SSRİ rəhbərliyinin arzusunun çin olmasına inanmağa başlayırsan – Qərb dünyası çürüyür.

 

Amerika Senatının sədri Nensi Pellosinin 9 dəqiqə (rəsmi versiyaya görə, polis dizi ilə Floydun boğazını məhz 9 dəqiqə sıxıb) dizi üstə durmasından sonra Nyu-Yorkun bir çox şirkətlərində də Floydu anmaq üçün işçiləri 9 dəqiqə diz çökməyə vadar edirlər. Etiraz edənləri isə işdən qovurlar.

 

ABŞ-da və Fransada artıq polislərə cinayətkarları saxlayarkən, boğma fəndindən istifadəni qadağan edirlər. Hətta, bəzi ştatlarda polis sisteminin ümumiyyətlə buraxılmasını tələb edirlər. Soyğunçuluq və maradyorluq kimi cinayətlərin üstünlük təşkil etdiyi bu ştatların da əhalisinin əksəriyyəti qaradərili insanlardır...

 

Heykəllərlə mübarizə başlayır. Əvvəlcə ABŞ-ın bir neçə ştatında məşhur səyyah Xristofor Kolumbun heykəlləri dağıdılır. Çünki, Kolumb Amerikanı kəşf etməsəydi, ora Afrikadan qaradərili qullar gəlməyəcəkdi – cəfəngiyyat kimi səslənir, amma heykəlyıxanların “arqumentləri” budur. Kütlə o qədər azğınlaşır ki, artıq onu idarə edənlərin nəyi isə izah etməsinə ehtiyac qalmır – kütlə sadəcə yerinə yetirir.

 

Nəticədə ABŞ-ın yaradıcı atalarının heykəlləri hər yerdən sökülür. Absurd o həddə çatır ki, ölkənin 16-cı Prezidenti, ABŞ-da quldarlığın kökünü kəsən, 1862-ci ildə quldarlığın ləğvi barədə qərar verən insanın – Avraam Linkolnun abidələrini sökməyə başlayıblar.

Və nəyə görəsə, heç bir səbəb olmadan, “qaradərili inqilab” Avropaya keçir. Uinston Çörçilin, Şarl de Qolun heykəlləri də təhlükəli siyahıya düşür.

 

Co Bayden bir şeyi düz deyir: Floyd dünyanı dəyişən adamdır. Latın Amerikasından Avstraliyaya qədər hər yerdə insanlar irqçiliyə qarşı aksiyalar keçirir və “qaraların” qarşısında ağlayır, üzr istəyirlər. İsveçin sarı saçlı, sərv qamətli, göy gözlü gözəlləri qaradərililərin qarşısında diz çökür və ağ doğulduqlarına görə özlərindən zəhlələri getdiyini söyləyirlər.

 

Azərbaycanda insan özünü pis hiss edəndə “gözüm qaraldı” deyir. Göz qaralması insanın hansısa xəstəliyindən, hansısa orqanının düz işləməməsindən xəbər verir. İndi doğrudan da Yer kürəsinin, Qərb dünyasının gözü qaralıb. Yəqin ki, indi SSRİ adlı dövlət yaşasaydı, Floydun ölümündən sonra bütün qəzetlər sevinclə belə bir başlıqla manşet verərdilər: Axı, biz demişdik ki, Qərb dünyası çürüyür...

Müəllif: Yoldaş Mircəfər      22 İyun 2020 10:22
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin