Dövlət əlini ağır daşın altına qoymaq istəyir - Abşeron Vadisi

Dövlət əlini ağır daşın altına qoymaq istəyir -       Abşeron Vadisi

Ekspert: “Asiyanın Avropa ilə birləşməsi Bakıda baş tutacaq”

 

Bu günlərdə Prezident İlham Əliyev “Microsoft” şirkətinin rəhbərləri ilə videokonfrans keçirdi və bir sıra məsələlərin diqqətdə olduğunu vurğuladı. Söhbət zamanı qeyd olundu ki, Azərbaycanın regionda innovasiyaların mərkəzi olması üçün, Amerikadakı Silikon Vadisi kimi Abşeron Vadisi yaratmaq potensialı var.

 

Maraqlıdır, Azərbaycanda Slikon Vadisinə bənzər şəbəkə yaratmaq nə qədər mümkündür? Bu ideya perspektiv vəd edirmi?

 

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AYNA-ya deyib ki, yaxın perspektivdə Azərbaycan üçün böyük imkanlar nəzərdə tutan rəqəmsal layihələr var: “Bunlar reallaşandan sonra, istər-istəməz Azərbaycan belə bir infrastukturun yerinə yetirilməsinə diqqət yetirməlidir. Həmin layihələr hökumət səviyyəsində təsdiqlənib və söhbət bu müqavilələlərin icrasından gedir. “Azerbaijan Digital Hub” adlanan layihə var ki, “AzərTelecom” şirkəti bunu icra edir. Bu layihənin əsas hissəsi olaraq, Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkəmənistan arasında Xəzər dənizinin dibiylə nəhəng ötürücülük qabiliyyətinə malik hiberaktiv kanalın çəkilməsi nəzərdə tutulub. Bildiyimə görə, 30-40 ildir ki, buna cəhdlər olurdu və heç kəs bunu edə bilmirdi. Amma artıq Azərbaycan da daxil olmaqla, hökumətlər səviyyəsində müqavilələr təsdiqlənib, vəsaitlər ayrılıb ki, bir ucu Siyəzən-Aktao, bir ucu da Türkmənistan arasında xətt çəkilməlidir”.

Osman Gündüz: “Bu rüsum 3000 faizədək qaldırılıb” Yeni Sabah

“Bu isə artıq xətt demək deyil, Asiyanın Avropa ilə birləşməsi deməkdir. Bu birləşmə də Bakıda baş tutacaq. Əgər Bakıda baş tutacaqsa, bütün nəhəng rəqəmsal şirkətlər Bakıya ciddi maraq göstərib resurlarını Bakıya gətirəcək. Çünki bu layihələr gerçəkləşəndə Azərbaycan internetin əsas ölkələrindən birinə çevrilmək iddiasını ortaya qoymuş olacaq. Ona görə də düşünürəm ki, Silikon Vadisi, innovasiya, rəqəmsallaşma ilə bağlı səslənən fikirlər, əslində, ciddi, diqqət yetiriləsi məsələlədir. Ona görə də biz indidən bunun üçün hazırlıq görməliyik. Yəni ki, xarici şirkətlərin bura gəlməsi üçün normal qanunvericilik təminatı həll olmalıdır, zəmanət verilməlidir, risklər sığortalanmalıdır. Yəni onların bura gəlməsi üçün münbit şərait yaradılmalıdır. Bununla bağlı görüləsi işlər isə çoxdur”, - müsahibimiz bildirib.

 

O.Gündüz Azərbaycanda bu layihənin gerçəkləşməsi üçün internet və kadr imkanlarına da münasibət bildirib: “İndiki şəraitdən danışsaq, görərik ki, bizdə heç keyfiyyətli internet yoxdur. Hətta, ölkə Prezidenti bir müddət əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edəndə keyfiyyətli internetlə bağlı məsələyə diqqət yönəltmişdi. Deməli, problem ciddidir və bizdə birbaşa platformanın özündə problemlər var. Ona görə də biz həm problemləri həll etməli, həm də adını çəkdiyim layihələrin icrasından sonra Azərbaycanda yaranacaq rəqəmsal ekosistem üçün indidən öz hazırlıqlarımızı görməliyik. Bizdə devalvasiyaya qədər kadrlarla bağlı yetərincə yaxşı mühit var idi. Lakin devalvasiyadan sonra əksər şirkətlərdən xeyli sayda İT mütəxəssisləri ayrıldı və çalışmaq üçün başqa ölkələrə getdilər. Əgər biz ölkədə normal mühit yaratsaq, onlar qayıda bilərlər. Ona görə də indiki şəraitdə kadrlar məsələsini məqbul hesab etmək olmaz”.

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda Silikon Vadisinin bənzərini yaratmaq ilk baxışdan əla ideya olsa da, hökumət işin fəlsəfəsini doğru-düzgün anlamayıb: “Dünyada Silikon Vadisi ideyası keçən əsrin sonlarına yaxın yaranıb, bu yolla gedən bir neçə örnək var. Bunlardan ən uğurlusu Amerikanın Kaliforniya ştatındakı Silikon Vadisidir. Bundan başqa, Hindistanda, Çində, hətta Rusiyada belə mərkəzlər var. Bu örnəkləri öyrənərkən məlum olur ki, Silikon Vadisinin yaradılması texniki baxımdan o qədər də çətin deyil. Problem ilkin olaraq onun alt yapısını yaratmaq üçün mütəxəssislərin toplanmasıdır”.

Natiq Cəfərli: “Elmə ağılla qoyulan hər dollardan bir milyon ...

“Koliforniyada Silikon Vadisi ona görə uğurlu alındı ki, universitetlər, təxminən ötən əsrin 80-ci illərindən başlayaraq, İT sahəsinə, yüksək texnologiyalar sahəsinə aid mütəxəssislər yetişdirməyə başladı. Təqribən bir neçə ildən sonra, otən əsrin sonu-indiki əsrin əvvəllərində bu, ciddi effekt verməyə başladı. Çünki böyük mütəxəssis ordusu var idi, bizneslə Silikon Vadisinin çox gözəl münasibətləri formalaşdı, bu sahənin maliyyələşməsinin çox böyük bir hissəsini biznes öz üzərinə götürdü. Bunun nəticəsində Silikon Vadisinin dəyəri artdı, oradakı texnologiyaların dünyaya yayılması prosesi baş verdi”, - ekspert vurğulayıb.

 

Cəfərlinin sözlərinə görə, Silikon Vadisi üçün ilk və ən önəmli məsələ təhsildir: “Məktəbdən tutmuş universitetlərə qədər ciddi bir təhsil infrastrukturu olmalıdır. Doğrudur, çox sayda azərbaycanlılar son zamanlar böyük və nüfuzlu universitetlərdə mütəxəssis kimi yetişiblər. Onların içində hazırda xaricdə yaşayanlar da var. Bir azərbaycanlı İT mütəxəssisi elə “Microsoft”un işçisi olaraq bir proqram yaradıb 5 milyon dollardan baha satmışdı. Mütəxəssislər var, sadəcə onları ölkəyə cəlb etmək çətin görünür. Azərbaycanda həm əhali sayı, həm bazarın həcmi nəzərə alınmalıdır, həm də yeni başlayacaq bir sahə olduğundan güclü mütəxəssisləri Azərbaycana cəlb etmək o qədər də asan olmayacaq. Onlar Amerikanı, Avropanı qoyub Azərbaycana gəlməyəcəklər. Ona görə də, hədəf olaraq Azərbaycanda Silikon Vadisinin olması çox yaxşıdır, ölkədə innovativ texnologiyalarla bağlı, rəqəmsal iqtisadiyyata keçidlə bağlı, süni intellektin tətbiqi ilə bağlı ciddi addımlar atılmalıdır. Dünya bu yolla gedir. Ancaq biz bunu dövlət büdcəsindən böyük vəsaitlər ayıraraq həyata keçirsək və ciddi effekt verməsə, pul itkiləri ilə müşahidə olunacaq ki, bu da doğru olmaz”.

 

“Bu, tam təbii şəkildə baş verməlidir, biznes buna can atmalıdır. Tez zamanda həyata keçiriləcək bir layihə deyil. Azərbaycan bu gün başlasa və hətta işini doğru qursa, 10 ildən sonra effektini görə bilər. Yəni uzun zaman lazımdır. Amerika nümunəsində Silikon Vadisinin yaranmasında biznes maraqlı idi, burada dövlət sərmayəsi yoxdur. Bizdə isə bu layihənin xərclərini dövlət öz üzərinə götürmək istəyir. Bu, doğru model deyil. İlkin startap olaraq dövlət maliyyələşdirmə həyata keçirə bilər, layihələr təqdim edə bilər. Ancaq biznesin də buna marağı olmalıdır. Bunun üçün isə Azərbaycanda böyük şirkətlər və onların innovativ layihələri olmalıdır. Azərbaycanda belə şirkətlər yoxdur. Ən böyük şirkətimiz dövlət şirkəti olan SOCAR-dır. Ondan başqa hansısa şirkətin bu sahəyə iri yatırımlar edə biləcəyi inandırıcı görünmür”, - iqtisadçı əlavə edib.

 

Ekspertin sözlərinə görə, “Microsoft” şirkətinin məqsədi Azərbaycanda Silikon Vadisi yaratmaq, mütəxəssis yetişdirmək yox, hökumətdən layihə alıb, onmilyonlarla pul qazanmaqdır: “Çünki bizim hökumətin düşüncə tərzini yaxşı bilirlər, anlayırlar ki, bizimkilərin əsas məqsədi qlamur PR-dır, bunun üçün pul xərcləyirlər, son məqsədə hesablanmış plan-proqramları olmur. Ona görə də, ilkin olaraq yaxşı ideya olan məsələni primitiv yanaşma ilə puç etmək, bu məsələni də büdcə pullarının göyə sovrulması layihəsinə çevirmək olmaz”.

 

Qeyd edək ki, Silikon Vadisi (Silicon Valley) ABŞ-ın Kaliforniya ştatının şimalında (San-Fransisko ilə San-Xose arasında) yerləşən ərazidir. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə “Electronic News” jurnalının müxbiri Don Höfler bu rayonu Silikon Vadisi adlandırıb. Silikon Vadisinin bazası Stenford Universitetində yerləşir.

 

Kompüterlər üçün proqram təminatı buraxan, internet vasitəsilə mal və xidmətlər satan çoxlu müəssisələrin burada cəmləşməsini nəzərə alaraq, son zamanlar bu regionu İnternet Vadisi də adlandırırlar. Burada bir çox böyük şirkətin mərkəzi yerləşir: “Intel”, “Cisco”, “Google”, HP, “Maxtor”, “Softway Solutions”, “Apple”, “Microsoft”, “Oracle”, “Nvidia”, AMD, “Facebook”, “Twitter”, “Mozilla”, “Yahoo”.

Müəllif: Mərahim Nəsib      23 İyun 2020 10:26
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin