“Belə yanaşma elm adına utancdır”

“Belə yanaşma elm adına utancdır”

“Müəllimlər illərlə bakalavrda oxuduqları “Mən necə jurnalist oldum?” mühazirələrini magistraturada təkrar oxuyurlar”

 

Junalistika kənardan çox əyləncəli, lap ulduzların al-əlvan həyatları kimi gözqamaşdıran görünür. Buna görədir ki, cəmiyyətdə, az qala ulduz olmaq istəyən qədər, junalist olmaq istəyən də var. Hətta, bakalavr pilləsi üzrə bu sahəyə gəlməkdə bəxti gətirməyənlər, magistratura pilləsində şanslarını sınayır, jurnalist olmaqda israr edirlər.

 

Bəs, görəsən, magistratura pilləsi üzrə alınan təhsil jurnalist kimi yetişməyə bəs edirmi? Bu sualdan yola çıxıb, AYNA-nın müsahibi ilə jurnalistika ixtisası üzrə təhsildə bir sıra qaranlıq məqamları aydınlatmağa çalışmışıq. Beləliklə, həmsöhbətimiz Türkiyə Atatürk Universiteti Jurnalistika kafedrasının doktorantı Nurlan Ağadır (Salamov).

 

- Azərbaycanda magistratura pilləsində təhsildə keyfiyyət və nəticədən şikayətlənənlər çoxdur. Siz burada təhsil almısınız, ilk olaraq istərdim, bu barədə təəssüratınızı bölüşəsiniz. Sizi qane etdimi? Avantaj və dezavantajları nələr idi?

 

- Magistr təhsilimi fakültə birincisi olaraq, fərqlənmə diplomu ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tamamlamışam. Bu, mənim öz arzu və istəyim olub. Deyə bilərəm ki, fakültə və universitet o vaxtlar, sanki daha başqa ab-havada idi. Xüsusən ixtisasım olan beynəlxalq jurnalistika mənim üçün vazkeçilməz idi. Ümumiyyətlə, orijinallıq cəhətdən Beynəlxalq jurnalistika kafedrası, ikinci yerdə isə Mətbuat tarixi öndədir deyə bilərəm. Lakin üstümdə çox böyük yük var idi. Elmə, təhsilə fərdi marağım olmasaydı, mən də əksəriyyət kimi iki ilin sonunda yalnızca rənglənmiş kağızdan başqa bir şey qazanmayacaqdım. Bunun belə olmaması üçün çox çalışdım. Əsas problem burada başlayır: məcbursan ki, çox şeyi təkbaşına, kiminsə yönləndirməsi olmadan edəsən. Özüm konfranslar axtarıb tapır, məqalələr yazır, jurnallarla əlaqə saxlayıb dərc elətdirirdim. Çünki bakalavriaturadan müəyyən mənada fərqli olaraq magistraturada yönləndirən yox, “başından eləmək” istəyən çox olur. Təbii ki, bu, hər kəsə aid deyil. Öyrətməyi, paylaşmağı sevən, magistrantla işləməyi bacaranlar da var. Magistraturada bu hal daha çox qeyri-ixtisas müəllimlərində sezilir. Magistr təhsilimdəki xarici dil, psixologiya dərslərimiz maraqlı, öyrədici keçirdi, məsələn.

 

- Sosial mediadakı paylaşımlarınızdan Pərvanə xanımla (Pərvanə İbrahimova, BDU-nun müəllimi, Mətbuat və informasiya şöbəsinin keçmiş rəhbəri – red.) tələbə-müəllim münasibətiniz diqqət çəkir...

 

- Magistraturaya qəbul olduğumu öyrəndiyim gün Pərvanə xanımla danışaraq, dərs yükündə mütləq elmi rəhbərlik götürməsini xahiş etdim. Hazırda Beynəlxalq jurnalistika kafedrasının dosenti olan Pərvanə İbrahimova mənim həm bakalavr buraxılışımda, həm də magistraturada elmi rəhbərim olub. Niyə onun rəhbər olması üçün israr edirdim? Çünki mənimlə, sözün əsl mənasında işləyirdi, həm akademik olaraq yönləndirir, həm də çox yaxşı, akademik anlamda motivasiya edirdi. Hətta, ortaq məqaləmiz BDU-nun əsas elmi jurnalında yayımlanmışdı. Onun kimi başqa örnəklər də var, amma təəssüf ki, azlıq təşkil edirlər, ya da əvvəl-axır mühitə dözə bilməyib, bezib gedirlər. Elə bura toxunmuşkən, deyək ki, ən böyük dezavantajlardan biri elmi rəhbər-tələbə münasibətləridir. Əslində, bu, təkcə magistraturaya yox, bütün pillələrə, eyni zamanda Azərbaycana yox, bir sıra ölkələrə, bəlkə də hamısına məxsus olan, akademik etikanın pozulmağına gətirib çıxaran problemdir. Elmi rəhbərlərin magistrantlardan xəbəri olmurdu. Rəhbəri ilə problem yaşayan çox magistrant yoldaşım və tanışım olub, adlarını çəkməyim etik olmadığı üçün demirəm. Bir magistrant yoldaşım demişdi ki, “sənin elmi rəhbərin adi elmi məqaləni iki saata oxuyub geri dönüş edir, mən isə dissertasiyamı müdafiəyə buraxdırmaq üçün həftələrdir rəhbərimin dalınca sürünürəm, amma tapa bilmirəm”. Bu, çox acınacaqlı vəziyyətdir. Rəhbəri ilə bir təhsil həyatının başlanğıcında, bir də müdafiədə görüşənlər tanıyıram. Bundan əlavə, tələbələrin işlərinə “şərik” olmaq istəyənlərin varlığı da problemdir. AMEA-nın bir professoru var - İdris Abbasov, bir dəfə sosial mediada çox gözəl paylaşım etmişdi: “Əkəndə yox, biçəndə yox, yeyəndə elmi rəhbər”. Bəli, magistrant və ya doktorantların işləri nəticələnəndə nədənsə yadlarına “elmi rəhbər” olduqları düşür. Boşluqları saymaqla bitməz. Ən böyük boşluq fənlərdə və onların tərkiblərindədir. O qədər təkrarçı, ət maşınından 800 dəfə keçmiş mövzular var ki. Mən Atatürk Universitetində təhsilə başlayanda bilgi şoku keçirmişdim. Hələ BDU Jurnalistikanın marka tələbəsi olmağıma, hər zaman orijinal, keyfiyyətli, tam iş görməyimə baxmayaraq, bilmədiyim, mənə öyrədilməyən (birinin öyrətməsi üçün o şeyi bilməsi şərtdir), hətta haqqında azacıq belə, bəhs edilməyən o qədər mövzu var idi ki…

- Vəsaitin azlığından, hətta yoxluqdan şikayətlənən tələbələr çoxdur. İstəyirəm, bu haqda bir də sizdən eşidək, Jurnalistikada vəziyyət necədir?

 

- “Düzməcə” dərslərin çoxunun vəsaiti yoxdur. Bilmirəm, müəllimlər bunu özləri gizlədirdilər, ya yox, amma neçə fənnin heç bir kitabı, materialı olmurdu, “Vikipediya”dan imtahana hazırlaşırdıq. “Tədris-metodik vəsait” deyilən bir “düzməcə” toplu olur. Haradasa, 60-70 səhifə həcmində kiçik bir kitabça. Materialı olmayan dərslər üçün (anlamıram ki, bir dərsin kifayət qədər adekvat və tədris dilində materialı olmadan o dərs necə açılır?) bu toplunu məsləhət görürlər. İçi fənnin tematik planı, sillabus, mövzu ilə əlaqəsi olmayan, əsasən “avtoritet alimlər”in nəşrləri olan ədəbiyyat siyahısı, imtahan sualları və digər protokol sənədləri ilə doldurulmuş kağızlar. Birbaşa mövzuya toxunan hissəsi 10 səhifə olardı, ya yox. O da hər mövzu haqqında açar sözlər və ifadələr şəklində kiçik informasiyalar, heç informasiya deməyə də dilim gəlmir. Tutalım, İsveçrə mətbuatı ilə bağlı həmin ölkədə nəşr olunan 2-3 qəzetin adı çəkilir. Belə dərs materialı nəşrinin sahibi olub alim olmağa və ya nəşr bioqrafiyası artırmağa nə var ki? Düşünürəm, kartof qızartmaq TMV nəşr elətdirməkdən daha çox əmək tələb edən işdir.

 

- Azərbaycan dilində materialın azlığından şikayətlənən tələbələrə xarici dildə olan materiallardan istifadə etmələrini tövsiyə edirlər. Buna münasibətiniz necədir?

 

- Hər pillədə bəzi müəllimlər tələbələrə irad tuturlar ki, xarici dildə materiallar tapıb oxuyun. Qətiyyən! Dərs sahibinin fənni açdığı tədris dilində kifayət qədər materialı yoxdursa, o dərs, ümumiyyətlə olmamalıdır. Mənim öz tədris dilimdə material tələb etmək ən təbii hüququmdur, rus və ya ingilis dillərində materiallardan rahat istifadə etsəydim, onda Azərbaycan bölməsində nə işim var idi? Bu problem ingilis bölməsində də var, tələbələr öz dilimizdəki materialları oxuyub imtahanda tərcümə edərək yazırlar.

 

- Nurlan, dediniz ki, magistratura elmi pillədir. İndi məni düşündürür ki, bu qədər çatışmazlıqların fonunda buradakı magistratura pilləsi elmi nəticə verirmi?

 

- Elmi nəticə yoxdur. Fənn açıldı, dərsə girdik, A4-lərə yenə məlumatlar yazıb imtahan verdik, bitdi. Bunu bakalavriaturada da edirik də, nə fərqi oldu ki? Magistraturada klassik müəllim-tələbə münasibətləri, dərsə girdim, qayıb almadım, imtahan kağızını doldurdum çox da önəmli deyil, magistraturada tələbənin fənn üzrə elmi nəticəsi – məqaləsi olmalıdır. Pedaqoqlar bu pillədə tələbələrdən daha çox bu gözləntidə olmalıdırlar. Müdafiəyə buraxılmaq üçün (bildiyim qədərilə rəsmi olmasa da), iki məqalə və ya tezis dərci şərti var idi. 1,5 il ərzində müəllimlər tələbələrlə bu sahədə iş aparmadıqlarına görə, eyni zamanda tələbələrdə də məqsəd, həvəs aydın olmadığı üçün, adətən müdafiəyə çox az qalmış bir zamanda bu məqalələr dərc olunurdu. Amma bir o məqalələrin keyfiyyətinə baxın, keçən dəfə jurnala göz atdım, elm adına utandım rəsmən. Çünki bu elmdə keyfiyyət yox, kəmiyyət və pul qazanmaq qayğısı var. Belə yanaşma elm adına utancdır.

 

- Bakalavr pilləsində jurnalistika üzrə təhsil alanların magistraturada başqa ixtisası seçməsi üçün şans azdır. Buna münasibətiniz: Bir az ədalətsizlik olmurmu?

 

- Mənim vaxtımda, yəni üç il öncə Jurnalistika məzunları magistraturada səhv etmirəmsə, Fəlsəfə, Sosial iş və Biznesin idarə edilməsi üzrə magistr proqramlarını (MBA) seçə bilirdilər. Təbii ki, bu istiqamətə yönələnlər az idi, arasında adətən minimum balı keçə bilməyənlər MBA proqramına gedirdilər, həm də bizim düşüncəyə görə, o ixtisas alternativ olaraq sanballı görünür. Bu məsələdə DİM-in məntiqi belədir: Jurnalistika məzunu Tarix üzrə magistr təhsili ala bilməz, çünki Tarix iki ildə (hətta dərs müddətinin 1,5 il olduğunu nəzərə alsaq) ixtisaslaşması mümkün olan bir sahə deyil. Amma Tarixi bitirən Jurnalistika üzrə magistratura oxuya bilər, çünki Jurnalistika böyük bir elm deyil, qısa müddətə öyrənmək mümkündür. Əslində yanaşma doğrudur. Jurnalistika yeganə elm sahəsidir ki, özünün xüsusi istiqaməti çox dardır. Problemin biri də buradadır: Jurnalistika fakültəsi yox, Kommunikasiya fakültəsi! Çünki jurnalistika fakültə olacaq dərəcədə böyük sferaya və orijinal elmi tədqiqat müstəvisinə malik deyil. Müasir dövrdə ali jurnalistika təhsili və tədqiqatı üç əsas bazada aparılır: 1) Texnologiya olaraq jurnalistika – yəni informatika, texnika elmləri, data, kibernetika və s.-lə məşğul olan sahə; 2) Sosiologiya olaraq jurnalistika – fəlsəfə, sosiologiya, psixologiya, məntiq, gender məsələləri, mədəniyyətşünaslıq dərsləri və s. Yəni jurnalistika bir sosial hadisə olduğu üçün həm də sosial elmdir; 3) Dil və ədəbiyyat olaraq jurnalistika – yazı, qrammatika, söz bazası, nitq və s. də bura daxildir. Gördüyünüz kimi, jurnalistika bütün sosial-bəşəri elmlərin kəsişmə nöqtəsidir, sırf özünəməxsus araşdırma tələb edən sahəsi məhduddur. Ona görə də Jurnalistika kafedrası yaradılmalı, hazırkı kafedralar onun tərkibindəki ixtisaslara çevrilməli, fakültə isə Kommunikasiya olmalıdır. Əlavə olaraq bura Kino, radio və televiziya (kino deyərkən aktyor-aktrisa olmaq, ya da kino çəkmək yox, kino bir kommunikasiya vasitəsi olduğu üçün tədqiqat aparmaq nəzərdə tutulur), İctimaiyyətlə əlaqələr və təqdimat kafedraları əlavə edilməlidir. Bu, ən müasir beynəlxalq təcrübədir, həll olunsa, digər problemlər də aradan qalxar.

Müəllif: Banu Çiçək      19 İyun 2020 10:36
Cəmiyyət bölməsinə aid digər xəbərlər
13 Avqust
23:02
“Azərişıq” vətəndaşları heyrətə salıb: BU QƏDƏR DƏ YOX!
13 Avqust
20:43
“Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - İlham Əliyev
13 Avqust
20:03
Baş infeksionist: “Dənizdə virus yoluxmur, amma...”
13 Avqust
18:09
Səfir Eldar Həsənov həbs edilib – RƏSMİ
13 Avqust
17:18
“Bölgəmiz genişmiqyaslı hərbi əməliyyatlara doğru gedir” – TOFİQ ZÜLFÜQAROV
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin