Uyğurlar türk deyil, yaxud qatıq qaradır

Uyğurlar türk deyil, yaxud qatıq qaradır

Toğrul İsmayıl: “SSRİ də milli-mənəvi dəyərlərinə sahib çıxmağa çalışan insanlara pantürkizm, panturanizm damğası vururdu”

 

Xəbər verdiyimiz kimi, Çin hökuməti uyğurların türk olmadıqlarını iddia edən bəyanat yayıb. “Uyğurlar türk mənşəli deyillər. Onlar türkçü və islamçı qruplaşmaların oyuncağına çevrilərək, Çin dövlətinə qarşı düşmənçilik edirlər”, - deyə bəyanatda deyilir.

 

“Uyğurlar Çin dövlətçiliyinə düşmənçilik edən qüvvələrə fürsət verməməlidirlər. Çünki Sincan-Uyğur Muxtar Vilayətinin Çin torpaqlarından ayrılması mümkün deyil”, - Çin hökuməti bəyan edir.

 

AYNA əməkdaşı məsələ ətrafında, Türkiyədə yaşayan azərbaycanlı professor, beynəlxalq münasibətlər üzrə ekspert Toğrul İsmayıl ilə həmsöhbət olub.

- Toğrul bəy, uyğurların türk olmadıqlarını iddia etmək nə deməkdir?

 

- Uyğurlar dünya tarixində türk toplumu olaraq bilinən, dövlətçilik mədəniyyəti, adət-ənənələri olan bir xalqdır. Çingiz xan belə, imperiya qurarkən uyğur dövlətçilik ənənələrindən çox faydalanıb. Və xatırlayaq ki, uyğur türklərinin 1949-cu ilə qədər müstəqil dövləti olub. Lakin SSRİ-nin dəstəyi ilə Çin tərəfindən işğal edilib.

 

Bilirsiniz ki, İranda da eyni hal baş verib. Farslar burada yaşayan türklərin daha sonra türkləşdirildiklərini iddia edirdilər. Yəni uyğurların türk olub-olmaması müzakirəsi absurddur. Dünyanın istənilən ölkəsinə aid tarix ensklopediyasına müraciət etsək, görərik ki, uyğurların mənşəyi nədir.

 

Və bütün dünyaya məlumdur ki, Çin dövlətinin sərhədləri daxilində yalnız Çin milləti yaşamır. Xüsusilə, kommunist Çin hökuməti bir sıra bölgələri də işğal edib, burada yaşayan xalqları özünə tabe edərək, SSRİ kimi, bu toplumları görməzdən gəlir.

- Çin hökuməti uyğurların türkçü və islamçı qüvvələrin maşasına çevrildiyini iddia edir. Bu iddianın kökündə nə dayanır?

 

- SSRİ-də Stalinin ölümündən sonra siyasi ab-havada bir qədər yumşalma baş verdi. Bu zaman insanlar öz milli-mənəvi dəyərlərinə sahib çıxmağa, unudulan adət-ənənələri dirçəltməyə çalışırdılar. SSRİ hökuməti isə insanların bu istəyini, bu tələbini pantürkizm, panturanizm adlandırıb onları cəzalandırmağa başladı. Çində də eyni hadisələr baş verir. İnsanlar milli-dini dəyərlərinə sahib çıxmağa çalışır, hökumət isə onlara işgəncə verir, öldürür. Və uyğurlara bu qədər təzyiq göstərildiyi üçün onlar da eyni dərəcədə etiraz edirlər, radikallaşırlar.

 

- Uyğurlara kənar dəstəkdən söhbət gedirsə, burada Türkiyədən başqa hansısa ölkə ağıla gəlmir. O da, əsasən Ərdoğan hakimiyyəti dönəmində... Bəs başqa hansı türk, müsəlman ölkələri uyğurlara dəstək verir?

 

- Doğrudur, Ərdoğan hakimiyyəti dönəmində uyğur türkləri məsələsi daha çox aktullaşıb. Çünki, Çin hökumətinin uyğurlara qarşı törətdiyi cinayətlər daha da çoxalıb. Amma uyğur məsələsi hər zaman Türkiyə hökumətinin gündəmində olub. Ən azından, Çin hökumətinin təzyiqlərinə, işgəncələrinə dözməyən insanlar qaçıb Türkiyəyə sığınıblar. Onlar bu gün Türkiyə vətəndaşları olsalar da, bu problemi gündəmdə saxlayır və onları torpaqlarından digərgin salmış Çin hökumətinə qarşı sivil mübarizə aparırlar.

 

Türkiyə Çinlə münasibətlərini yaxşılaşdırmağa çalışır. İki ölkə arasında prezidentlər səviyyəsində siyasi səfərlər gerçəkləşdirilir, ticarət razılaşmaları imzalanır. Amma bir tərəfdən də uyğur türklərinin başına gətirilən fəlakətlər var. Ona görə də Türkiyə bu məsələdə çox həssas davranır. Digər müsəlman ölkələri bu məsələyə heç bir şəkildə reaksiya vermir. Lakin Yaponiya dövləti – hansı ki, onlar nə türk, nə də müsəlmandırlar - uyğur türklərinə fəal dəstək verir.

 

- Əslində, uyğurlar nə istəyirlər: Çindən ayrılmış müstəqil dövlət, yoxsa Çin daxilində real muxtariyyət?

 

- Müxtəlif qruplar var. Onlardan bəziləri müstəqillik istəyir, bəziləri muxtariyyət. Müstəqillik istəyən uyğurlar da öz tələblərində haqlıdır, çünki 1949-cu ildə Çin tərəfindən işğala məruz qalıblar. Lakin mənim tanıdığım uyğurların əsas istəyi odur ki, xalqları Çin tərəfindən məruz qaldığı assimilyasiyadan qurtulsun, inkişaf etmiş dünyada digər xalqlar kimi azad, rahat yaşasın. Bir məsələni də nəzərə almaq lazımdır ki, qeyri-rəsmi məlumatlara görə, 20 milyondan artıq uyğur türkü bu gün Çin əsarətində yaşayır. Bu, heç də kiçik rəqəm deyil.