“İmtahana hazırlaşdığımız materiallardan kənar suallar vardı”

“İmtahana hazırlaşdığımız materiallardan kənar suallar vardı”

Yaxud: “Bütün sualları düzgün cavablandırdığımı düşünürdüm, lakin məlum oldu ki, 2 bal az toplamışam”

                      

Xəbər verdiyimiz kimi, bir neçə gündür Azərbaycan məktəblərində vakant yerlərə qəbul imtahanı keçirilir. Bunun üçün müəllimliyə namizədlər test imtahanından keçirlər. İmtahandan yaxşı bal toplayanlar da olur, az bal toplayanlar da.

 

Artıq imtahanların təşkilindən, gedişindən narazı olan namizədlər meydana çıxıb. Onlardan bəziləri, imtahan suallarını düz cavablandırdığı halda, kompüterdə səhv kimi göstərilməsindən, bəziləri imhatan suallarının çətinliyindən, bir qismi isə bəzi kompüterlərin xüsusi olaraq kimlər üçünsə “rezerv” edilməsindən şikayət edirlər.

 

Təhsil Nazirliyinin (TN) mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə AYNA-ya deyib ki, bu cür şikayətlər çox olsa da, ortada fakt yoxdur: “Hətta sosial şəbəkələrdə də imtahanlar müzakirə olunur. İmtahanların şəffaf keçirildiyini əminliklə deyə bilərəm. Hətta media nümayəndələri də imtahanın gedişatını izləyiblər. Zalda 22 müşahidə kamerası var. Bu vəziyyətdə kim saxtakarlıq edə bilər?!”

 

AYNA əməkdaşı məsələni daha da araşdırmaq üçün iyulun 23-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə keçirilən qəbul imtahanında iştirak edən namizədlərlə həmsöhbət olub. İmtahanın keçirildiyi Azərbaycan Texniki Universitetinin binası qarşısında söhbətləşdiyimiz, imtahandan çıxan namizədlər proseslə bağlı fərqli fikirlər səsləndiriblər.