Dünyanın koronavirus mənzərəsi dəyişməyə başlayıb

Dünyanın koronavirus mənzərəsi dəyişməyə başlayıb

Əksər ölkələrdə karantin tədbirləri yumşaldılır, amma ikinci dalğaya hazırlaşanlar da var

 

Azərbaycanda son zamanlar koronavirus (COVID-19) infeksiyasına günlük yoluxma sayı 300-ün üzərindədir. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah sərtləşdirilmiş karantin rejiminə keçib. Ötən və bu həftələrin son günlərində evdən çıxmaq qadağan edilib.

 

AYNA əməkdaşı xaricdə yaşayan bir neçə həmvətənimizlə, həmin ölkələrdəki vəziyyətə dair söhbətləşib.

 

ABŞ-da yaşayan Elgün Xanoğlanlı: “Artıq Birləşmiş Ştatlarda koronavirus məsələsi arxa plana keçib: “ABŞ-da ağdərilər ilə qaradərililərin arasında baş verən mübarizə koronavirusdan daha təhlükəli vəziyyət alıb. Üsyan koronavirusdan daha böyük problemlər yaradıb. Hər kəsin başı daxili çaxnaşmaya qarışıb. Etirazlar başlayana qədər virus barəsində hər gün məlumat verilirdi. Artıq bir neçə gündür, koronavirusla bağlı heç bir rəsmi məlumat verilmir”.

 

Türkiyədə yaşayan Lalə Həsənova-Atakan: “Burada iyunun 1-dən etibarən dəniz kənarlarına getməyə icazə verilib: “Daxili uçuşlar bərpa olunub. Restoranlar, kafelər, ticarət mərkəzləri, parklar açılıb. Ancaq yaşı 18-dən aşağı olan şəxslər həftənin çərşənbə və cümə günləri 14:00-20:00 arasında piyada gedə biləcəkləri məsafədə ailələri ilə açıq havada gəzə bilərlər. Yaşlılara da, həmçinin uşaqlar kimi həftədə iki dəfə çölə çıxmaq icazəsi verilir. Maska taxılmalıdır. Bir sözlə, Türkiyədə ciddi yumşaldılma var”.

 

Rusiyada yaşayan Qənirə Cəlilova: “1 iyundan etibarən ticarət obyektlərini açdılar. Maska və əlcək taxmaq mütləqdir. Nəzarət güclüdür. Hələ də mesaj ilə icazə alıb evdən çıxmaq lazımdır. Hətta işə gedənlər də mesaj ilə icazə almalıdırlar. Moskvada gözəllik salonları işləmir. Karantin rejimi uzadılıb. Vəziyyət normallaşmağa doğru gedir. Amma hamını koronavirus testini eləyirlər. Hətta bunu məcburi tətbiq edirlər”.

 

Nigeriyada yaşayan Billurə Bernard: “Avropada xəstəlik günü-gündən azalır. Çünki insanlar ara məsafəsinə diqqət edirlər. Maskasız evdən çıxmırlar, qaydalara ciddi riayət edirlər. Hətta, Avropada maska taxmayanlar qaydanı bir neçə dəfə pozanda həbs də edilə bilərlər. Deyirlər ki, ikinci dalğa da gözlənilir. Amma yaşadığım Nigeriyanın karantin müddətində iqtisadiyyatı, demək olar, məhv olmaq həddində idi. Ona görə karantini yumşaltdılar. Nigeriyada küçəyə çıxmaq 06:00-20:00-a kimidir. 16:00-a kimi mağazalar işləyir. İnsanlar ciddi rejimə riayət edirlər. Hər kəs maska taxır. İnsanlar bir-birinə toxunmurlar”.

 

İndoneziyada yaşayan Ziya Rəcəbov: “İndoneziyada koronavirus yoxdur. Sadəcə uçuşlar dayanıb. Həyat isə həmişəki kimi davam edir”.

 

Almaniyada yaşayan Gülşən Əhmədli: “Almaniyada vəziyyət keçmişə baxanda yaxşılaşıb. Xəstələrin sayında azalma var. Məhz buna görə də karantin rejimi yumşaldılıb. Amma hər yerdə mütləq maska taxılmalıdır. Uşaqlar da məktəbə gedəndə maska taxmalıdırlar. Hər kəs də buna əməl edir. Maska taxmayanları da cərimələyirlər. Heç kimlə əllə görüşmürlər, öpüşmürlər. Bunlara mütləq əməl edilməlidir. Amma karantin yumşaldılsa da, ikinci dalğanın gələcəyindən qorxurlar və ona hazırlaşırlar”.

Müəllif: Təranə Xudabaxşiyeva      12 İyun 2020 23:59
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin