Tələbələrin tələbləri haqlıdırmı: Bir nazirlik dinləyir, digəri cərimələyir – VİDEO

Tələbələrin tələbləri haqlıdırmı: Bir nazirlik dinləyir, digəri cərimələyir –     VİDEO

Təhsil Nazirliyi: Narazı qalan tələbələr təhsil aldıqları universitetlərə müraciət edə bilərlər

 

Xəbər verdiyimiz kimi, bu günlərdə Bakıda bir qrup tələbə, pandemiya səbəbi ilə ənənəvi formada dərs keçirilməyən ikinci semestr üçün təhsil haqqının və imtahanların ləğv olunması tələbi ilə aksiya keçirib. Təhsil Nazirliyi etirazçıların bir neçəsini qəbul edib və istəklərini dinləyib. Bundan sonra etirazçılardan bəziləri polis tərəfindən saxlanılıb və cərimə ediliblər. Bir nəfər tələbə isə 15 sutka inzibati qaydada həbs olunub.

 

Aksiyadan bəri bir çox tələbə sosial media hesabından öz etirazını bildirməyə davam edir. Onlar həbs olunan tələbənin azad olunmasını, tələblərinin yerinə yetirilməsini istəyirlər. 15 sutka həbs olunan Rüstəm İsmayılbəyliyə isə türkiyəli tələbələrdən də dəstək gəlməkdə davam edir. “freeRustem” həştəqi “Twitter”də Türkiyə trendinə daxil olub.

 

Bu arada, Təhsil Nazirliyi tələbələr binadan çıxarkən qeydə alınan görüntü yayıb. Bundan əlavə, Təhsil nazirinin müşaviri Elnur Məmmədov da məsələyə münasibət bildirib. Hadisənin necə cərəyan etdiyi haqda danışan müşavirin sözlərinə görə, hazırkı vəziyyətlə bağlı vətəndaşların əyani qəbulu dayandırılıb.

 

“Buna baxmayaraq, etirazçı tələbələr həmin gün qəbul edilib və dinlənilib. 20 dəqiqə çəkən qəbulda üç tələbə iştirak edib. “Biz bütün tələbələri təmsil edirik” və “imtahanları və ödənişi ləğv edin” deyən tələbələri Nazirliyin məsul şəxsləri qəbul edərək, onların təhsil aldıqları Bakı Dövlət Universiteti, UNEC və ADU-da təşkil edilmiş məsafədən tədrisə qoşulmaq imkanının olub-olmamasına, olmadıqda, hansı səbəbdən olmamasına, onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək həssas əhali qrupuna aid olan ailələrin üzvü olub-olmamasına və bu kimi digər suallara aydınlıq gətirməyə çalışıb. Tələbələr bu suallara əhəmiyyət verməyib, əvəzində imzasız çağırışı təqdim edərək, “biz bütün tələbələri təmsil edirik” və “hamısı ləğv olunsun” şüarını israrla təkrarlayıblar”, - Nazirlik rəsmi vurğulayıb.

 

“Səbəbindən və şəraitindən asılı olmayaraq, istənilən tələbənin inzibati və ya digər məsuliyyətə cəlb edilməsi arzu olunan hal deyil deyən. Tələbənin yeri bir qayda olaraq auditoriya və kitabxana olmalıdır, təcridxana yox”, – deyə Məmmədov əlavə edib.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz sosial media hesabından məsələyə münasibət bildirərək, indiki məqamda polisin məsələyə belə sərt yanaşmasına lüzum görmədiyini qeyd edib: “Düşünürəm ki, indiki məqamda polisin bu formada sərt yanaşmasına elə də lüzum yox idi. Xüsusən də etirazçıları bir dövlət qurumu qəbul etdikdən sonra digər bir dövlət qurumunun bu formada davranış sərgilənməsi bir qədər anlaşılan deyil”.

 

Bu semestr tələbələr onlayn formada təhsil alıb, lakin tələbə ilə universitet arasında bağlanan müqavilədə təhsil forması əyani olaraq nəzərdə tutulub. Onlayn və distant təhsilin isə hüququ əsaslarının mövcud olmadığını deyən O.Gündüz bəzi universitetlərin bu formada tədrisə hazırlıqlı olduqları halda, bəzilərində tədrisin formal xarakter daşıdığını bildirib: “Universitetin hazırlıqsızlığı ilə yanaşı, tələbələrin evində yetərli texnoloji imkanın olmaması da problem yaradıb. Bu situasiya üçün tələbələr günahkar deyil, hüquqi baxımdan onlar haqlıdırlar. Bir daha vurğulayıram ki, bir sıra universitetlər və müəllimlər çətinliklə olsa da, tələbələrə onlayn mühitdə bilik, istiqamət verməyə çalışıb. Məhz bu cür şərait yarandığından hökumət həssas qrupa daxil olan bu tip tələbələrin təhsil haqqını ödəmək üçün 40 milyon manat vəsait ayırıb. Düşünürəm ki, tələbələrin təhsil haqlarının bir hissəsi hansısa formada universitetlər tərəfindən həll oluna bilər. Universitetlər tələbələrə bir xeyli ciddi güzəştlər ediblər. Təhsil haqqı ilə də bağlı bu cür addımın atılması məntiqli olardı. İmtahanların tam ləğvi tələbi isə, fikrimcə, doğru yanaşma deyil”.

 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AYNA-ya açıqlamasında bildirdi ki, onlayn keçirilən dərslərdən narazı qalan tələbələr təhsil aldıqları universitetə müraciət edərək, avqust-sentyabr aylarında əyani dərslərdə iştiak edə və bundan sonra imtahan verə bilərlər: “Bununla bağlı heç bir problem yoxdur”.

Müəllif: Aləmdə Nəsib      4 İyun 2020 19:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin