Komfort, yoxsa sağlıq – Birini seçməli

Komfort, yoxsa sağlıq –     Birini seçməli

Maskadan istifadə insanlarda narahatlıq hissi yaradır, lakin başqa çarə yoxdur

 

Hava isindikcə virusun yoxa çıxacağına dair fərziyyələr dolaşırdı. Hər kəs dilə gətirməsə də, bu fərziyənin özünü doğrultmasına bir ümid var idi. Budur, artıq yay günləri başlayır, hava günü-gündən isinir, lakin virusa yoluxanların sayı da artmaqda davam edir. Hətta, əvvəlki günlərlə müqayisədə ölkəmizdə yoluxma və ölüm halları da çoxalıb.

 

Virusa qarşı vaksinin tapılmaması bizi onunla mübarizə şəraitində yaşamağa və bunu həyat tərzimizə çevirməyə vadar edir. Buna görə də bir sıra iş yerlərinin, ictimai-iaşə obyektlərinin açılması, insanların aktiv həyata geri dönməsi virusun bitdiyi anlamına gəlmir. Sosial məsafənin qorunması, şəxsi gigiyena qaydalarına riayət etmək və maskadan istifadə zəruri hal olaraq qalmaqdadır.

 

Lakin isti havada maska taxmağın da öz çətinliyi var. Bəziləri maskada nəfəs ala bilmədiyini, təngnəfəslik yaşadıqlarını deyirlər. Halbuki, artıq ölkədə maskadan istifadə edilməməyə görə cərimələr təsdiqlənib. Fiziki şəxsləri 50, vəzifəli şəxsləri 100, hüquqi şəxsləri 200 manat məbləğində cərimə gözləyir.

 

AYNA “Maska taxırsınızmı və isti havada maska taxmağın çətinliyi ondan istifadə etməmək üçün bəhanə ola bilərmi?” sualı ətrafında sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Beləliklə:

 

Tural Qarayev (21 yaş): “Əlbəttə, istifadə edirəm. Elə də diskomfort hiss etmirəm. Hər halda, maskanın narahatlığı virusdan güclü deyil”.

 

Lalə Mustafayeva (31 yaş): “Nə qədər isti olsa da, taxıram. Dözülməz tərəfi çox tərlətməyidir, amma sağlamlığımı qorumağım öz əlimdədir və bu, çox önəmlidir”.

 

Xalid Əbdülbağıyev (35 yaş): “Üstümdə tibbi maska gəzdirirəm, ehtiyac olanda, sıxlıq yerlərdə, daha çox ictimai nəqliyyatda taxıram”.

 

Rüfət Mustafazadə (20 yaş): “Maskanın virusdan qorumasına inanmıram, cərimə məcburiyyəti olmasa, istifadə etmərəm. Hava da istidir, maskada nəfəs almaq olmur, boğuluram”.

 

Aytəkin Sadıqova (20 yaş): “Bəli, tibbi maskadan istifadə edirəm, amma düzünü desəm, cərimə yazılmasın deyə məcburiyyətdən taxıram. Hava isinib, nəfəs almaq çox çətin olur. Bilirəm, bu, bəhanə ola bilməz, amma nə edəsən? Boğulanda məcbur qalıb çıxarırsan”.

 

Ülkər Zamanlı (17 yaş): “Bəli, taxıram, narahatlıq olmağına olur, ancaq həm özümü, həm də ətrafımdakı insanları düşünüb istifadə edirəm. Heç kəs sğortalanmayıb, diqqətli olmalıyıq”.

 

Gülçin Cəmil (18 yaş): “Tibbi maskadan istifadə edirəm və bunu məni cərimə edəcəklər deyə etmirəm, özümün, ətrafımdakıların, xüsusilə ailəmin sağlamlığını düşündüyüm üçün istifadə edirəm. Narahatlıq hiss edirəm, nəfəs ala bilmirəm, buna havanın isti olması da təsir edir, amma bunlar əsas vermir ki, mən maska taxmayam. Özümüzü nə qədər narahat hiss etsək də, taxmalıyıq. Məncə, kiminsə halı pisləşəndə insanlardan aralı məsafədə maskanı çıxarıb 1-2 dəqiqə nəfəs ala bilər”.

 

Nuriyyə Quliyeva (36 yaş): “Bəli, istifadə edirəm. Hava çox isti olanda nəfəs almaq çətinləşir, amma virusdan qorunmaq üçün qapalı məkanlarda, sıxlıq olan yerlərdə mütləq istifadə edirəm. Düşünürəm, hava isindikcə maskadan istifadə daha da çətinləşəcək”.

 

Gülər Seymurqızı (19 yaş): “İnsanların sıx olduğu yerlərdə istifadə edirəm”.

 

Sahib Altay (31 yaş): “İctimai nəqliyyat xaricində istifadə etmirəm. Çünki çox istidir, nəfəs almaq olmur. Azərbaycan istehsalı maskaların da rəngi çıxır, narahatedici qoxusu olur”.

 

Sadiq Əzizov (25 yaş): “Maska taxıram, heç bir narahatlıq hiss etmirəm”.

 

Hökümə Həmidova (20 yaş): “Xüsusi karantin rejimi elan olunandan bəri 3 dəfə evdən çıxmışdım, hər dəfə də maska və əlcəkdən istifadə etmişəm. İndi ancaq maska taxıram. Hava isinib, çox tərlədir, boğulursan, belə olanda da məcbur qalıb maskanı çıxarmalı olursan. Ona görə də məcbur olmadıqca evdən çıxmasaq, yaxşıdır”.

Müəllif: Aləmdə Nəsib      4 İyun 2020 15:52
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin