“Diriliş Ərtoğrul” Pakistanda mübahisələrə səbəb oldu

“Diriliş Ərtoğrul” Pakistanda mübahisələrə səbəb oldu

Baş Nazirin qərarını dəstəkləyənlər də var, ddəstəkləməyənlər də

 

Pakistanda populyarlığı hər gün daha da artan Türkiyə kino sənayesinin istehsalı olan “Diriliş Ərtoğrul” serialı ölkədə mübahisələrə səbəb olub. AYNA xarici mediaya istinadən bildirir ki, Pakistanın Baş Naziri İmran Xanın tələbi ilə dövlət televiziyası PTV-də yayımlanan seriala etiraz edənlər var.

 

Ölkənin Təhsil və Texnologiya naziri Favad Çaudri açıqlamasında deyib ki, PTV-nin başqa ölkələrin əsərlərini yayımlamasına məhəttəl qalıb. “Əcnəbi seriallar Pakistan kino və serial sənayesinə zərər verir. Fikrimizi əsas yerli film istehsalına yönəltməliyik. Xarici məhsulu idxal etmək ucuz başa gəlsə də, öz sənayemizə ziyan verir”, - deyə nazir vurğulayıb.

 

Pakistanda Çaudri kimi düşünənlər olsa da, serial sektorunda çalışan bir çox şəxs Baş Nazirin qərarını dəstəkləyir. Məsələn Pakistanın tanınmış aktyorları Osman Xalid But, Bilal Əşrəf və Məhviş Həyat “Diriliş Ərtoğrul” serialını tərifləyənlər sırasındadır. Bu aktyorlar həmçinin Pakistanın da oxşar seriallar istehsal etməsinin gərəkli olduğunu qeyd edirlər.

 

Qeyd edək ki, Türkiyə və Rəcəb Tayyip Ərdoğan pərəstişkarı olan Baş Nazir İmran Xan, “Hollywood” və “Bollywood” kimi əcnəbi mədəniyyətləri yayan seriallar, filmlər əvəzinə, Pakistan mədəniyyətini təmsil edən, İslam dəyərlərinə sahib Türkiyə seriallarını üstün tutduğunu bildirmişdi. Xanın fikrincə ABŞ və Hindistan istehsalı film və seriallar ailə dəyərlərinə zərər verir və narkotika, cinsi istismar kimi cinayətləri tərifləyir.

Müəllif: Ayna.az      2 İyun 2020 11:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin