Restoranlarda ara məsafəsini gözləyə bilirikmi – SORĞU

Restoranlarda ara məsafəsini gözləyə bilirikmi –         SORĞU

“Restoran və kafelərə getmirəm, xəstəlik tam sovuşmayana kimi getmək fikrim də yoxdur”

 

Karantin rejiminin qismən yumşaldılması nəticəsindən kafe, restoran və çay evlərində müştərilərə yerində xidmətin saatı uzadılsa da (əvvəl saat 08.00-18.00 arası idi, sonra 08.00-22.00 oldu), ara məsafəsi məsələsinə əməl etmək tələb olunur. Belə ki, həmin ictimai iaşə obyektlərində yan masalar arasındakı məsafə 2 metrdən, eyni masa arxasındakı insanlar arasında məsafə 1 metrdən az olmamalıdır.

 

Bəs, bu qaydalara əməl edirikmi? Belə olan halda, nə kimi diskomfort yaranır? AYNA bu sualla sosial şəbəkə istifadəçilərinə müraciət edib.

 

Anar İbrahimli: “Ümumiyyətlə, çalışıram ki, restoran və kafelərə getməyim. Sözün düzü, 2 aydan çoxdur, belə məkanlara getmirəm. Dəvətləri isə qəbul etmirəm”.

 

Tərxan Paşazadə: “Restoran və kafelərə getmirəm”.

 

Sevinc Süleymanova: “18 martdan sonra restorana getməmişəm. Buna nə həvəsim, nə istəyim var. Müəssisə rəhbəri konkret qanun qoymasa, inanmıram ki, insanlar tələb edələr. Çünki istər metro, istər avtobuslarda sosial məsafə qorunması üçün ayrılmış yerlərdə insanlar oturur, hətta istəyirsən, yanında oturmasın, yenə gəlib otururlar”.

 

Nurlan Cəfəri: “Hal-hazırda bir-birinin ağzına girmiş stollarda oturduğumuzu nəzərə alsaq, xeyr, əməl etmirəm.  Nəzarət edən də yoxdur”.

 

Arzu Umut: “Virus yayılandan bəri belə məkanlara getmirəm”.

 

Elyar İslamoğlu: “Restoran və kafelərə getmirəm, xəstəlik tam sovuşmayana kimi getmək fikrim də yoxdur”.

 

Aqil Ələsgər: “Adam tapırıq ki, yan-yana da oturaq? Ümumiyyətlə, 08.00-18.00 rejimi restoran sektorunun belini qırmaqdır. Ən uyğunu 12.00-21.00-dır. Bu saatlar olsun, sosial məsafə yenə tələb olunsun”.

 

Ramin Mahmudov: “Hələ çay içməyə belə, getdiyim kafelərdə heç bir qayda tətbiq olunmur. Əvvəlki kimi bir-birinə bitişik divanlar, yan-yana əyləşmiş insanlar. Dəyişən iki şey var: qəlyan qadağan olunduğundan kafelərdə, çay evlərində bir az təmizlənmiş hava və bir də qaldırılmış qiymətlər. Sahibkarlar üçün önəmli olan qazanclarıdır. Vəssalam. Buna mütləq nəzarət artırılmalı və cərimələr tətbiq edilməlidir”.

 

İbrahim Kamiloğlu: “Masalar arasında məsafənin qorunması çətin deyil. Sifariş zamanı kassalarda böyük növbə olur. Bu məsələ həll edilməlidir. Onlayn menyulara ehtiyac var”.

 

Müşfiq Qədirov: “Xeyr, kənd adamıyıq, axşam yemək vaxtı güc-bəla bir yerə yığışırıq, 1-2 saatlıq. Kafeyə, restorana getmirik”.

 

Fərqanə Mehmanqızı: “Heç bir qaydaya əməl edilmir. Hətta, virus əşyalar üzərində uzun müddət yaşadığı üçün bu virusdan qorunmaq üçün kafe və restoranlara getməmək lazımdır”.

 

Vəfa Fərəc: “Bu qaydalara tək biz əməl etməli deyilik. Həmçinin, kafe və restoran rəhbərliyi də əməl etməlidir. Bir neçə kafe və restoranda bu qaydalar pozulur. Ötən gün gördüm, bir kafenin önündə iki cərgədə masalar yerləşdirilib, cərgələr arasında məsafə 2 metrə yaxın olar, eyni masa arxasında əyləşənlər arasında məsafə qorunur. Amma başqa bir kafedə məsafə gözlənilmirdi: açıq havada olan 3 cərgə yerləşdirilmiş masalar arasında məsafə isə heç 1 metr deyildi, eyni masa arxasında əyləşənlər isə loru dildə desək, "bir-birilərinin ağızlarına girirlər"”.

Müəllif: Təranə Xudabaxşiyeva      1 İyun 2020 13:34
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin