Azərbaycanlı dahinin sümükləri otuz il bir yeşikdə qaldı

Azərbaycanlı dahinin sümükləri otuz il bir yeşikdə qaldı

         Bu gün Azərbaycanın Milli Mətbuatının yaranmasından 144 il ötür. Böyük maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin 1875-ci il 22 iyul tarixində “Əkinçi” qəzetinin ilk sayını buraxmasından etibarən, milli mətbuatımızın tarixi başlayır. Bu münasibətlə hər ilin 22 iyul tarixi ölkədə Milli Mətbuat Günü kimi qeyd olunur.

 

         Mətbuatın yaranmasında saysız-hesabsız əziyyətlər çəkmiş, ömrünü fəda etmiş Həsən bəy Zərdabi 1907-ci il, noybar ayının 28-də vəfat edir. Tarixi həqiqətlərə görə Həsən bəy Zərdabinin cənazəsi böyük bir izdihamla son mənzilə yola salınır. Vida mərasiminə yığışanlar cənazəni Bibiheybət məscidinə aparmaq üçün 10 km-dən artıq yolu piyada qət edirlər. Bu mərasimdə Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kimi dövrün böyük ziyalıları iştirak edirlər.

 

         Həsən bəy Zərdabinin nəşi Bibiheybət məzarlığında torpağa tapşırılır. Dəfn zamanı Əhməd bəy Ağaoğlunun dediyi fikirlər tarixin sonrakı bütün səhifələrində təkrarlanır: “Ey ali ruh, ora gedirsən, babalarımıza deyərsən, bu nə cür cəmiyyət idi ki, bizim üçün qoyub getdilər!?”  Onun məzarı başında Məmməd Əmin Rəsulzadə belə deyir: “Bu gün Azərbaycan mədəniyyətinin atası öldü”.

 

         1929-cu ildə Sovet İttifaqının apardığı yenidənqurma işlərinə görə Bibiheybət məzarlığı da dağıdılır. Bu zaman səlahiyyətli şəxslər əhaliyə xəbərdarlıq edir ki, məzarlıqda kimin yaxını varsa, gəlib aparıb başqa yerdə dəfn etsinlər. Həsən bəy Zərdabinin isə Qəribsoltan adlı kiçik qızından başqa Bakıda heç kimi yox idi. Böyük oğlu Müzəffər repressiyaya məruz qalmışdı. Böyük qızı Pəri xanım da (həyat yoldaşı Əlimərdan bəy Topçubaşovla birgə) Parisdə mühacirətdə idi. Kiçik oğlu Səffət Türkiyəyə mühacirət etmişdi.

 

         Qəribsoltan xanım atasının məzarından sümüklərini götürüb bir yeşiyə yığdırır və evinə gətirir. Daha sonra yenicə rəhmətə getmiş Hənifə xanım Məlikovanın məzarının ayaq tərəfində, yeşiklə birgə torpağa basdırır. Çünki Həsən bəy Zərdabi repressiya ailəsi hesab olunurdu və onun açıq-aşkar məzarını qurmaq təhlükəli idi.

 

         1957-ci ildə Həsən bəy Zərdabinin ölümünün 50 illiyinin qeyd olunması ilə bağlı Mərkəzi Komitə qərar verir. Bu qərara əsasən, Həsən bəy Zərdabinin məzarı başında büstünün qoyulması da nəzərdə tutulur. Lakin dövrün səlahiyyətli şəxsləri və ziyalıları Zərdabinin məzarını tapa bilmirlər. Abbas Zamanov, Cəfər Cəfərov, Şıxəli Qurbanov və başqa ziyalılar Zərdabinin məzarını tapmaq üçün onun Bakıda qalan yeganə varisi Qəribsoltan xanıma müraciət edirlər. Qəribsoltan xanım isə rejimə və həyata olan küskünlüyü ilə onları acıdil qarşılayır. Hətta, ayağındakı başmağı çıxararaq onların üstünə atır və “indi də sümüklərini aparmağa gəlmisiz?” deyə, hirsini tökür.

 

         Qəribsoltan xanım dövrün məşhur bəstəkarı Rauf Hacıyevin anasının evində qalırdı. Zərdabinin məzarını axtaran ziyalılar Qəribsoltan xanımı yola gətirmək üçün Rauf Hacıyevə müraciət edirlər. Rauf Hacıyevin xahişi ilə Qəribsoltan xanım Zərdabinin sümüklərinin Hənifə xanımın məzarının ayaq tərəfində olduğunu deyir. Bundan sonra bir qrup ziyalı və tələbələr məzarın ayaq tərəfini qazırlar. Abbas Zamanov öz xatirələrində deyir ki, Zərdabinin sümüklərini bir yeşiyin içində görəndə heç kim göz yaşlarını saxlaya bilməyib.

 

          1957-ci ildə Zərdabinin 30 il boyunca bir yeşikdə gizli qalan sümükləri I Fəxri Xiyabanda torpağa tapşırılır.  Mərkəzi Komitə Zərdabinin ölümünün 50 illiyi ilə bağlı qəbul etdiyi qərarda  büstünün qoyulması nəzərdə tutulsa da, sonradan bunun üçün vəsait ayrılmır. Böyük maarifçinin büstünü Səttar Zərdablı adlı bir şair öz şəxsi maşınını sataraq əldə etdiyi vəsait hesabına düzəltdirir.

 

Həsən bəy Zərdabinin dəfn mərasimi:

Həsən bəy Zərdabinin I Fəxri Xiyabandakı məzarı:

Картинки по запросу həsən bəy zərdabi məzarı

Müəllif: Orxan Bahadırsoy      22 İyul 2019 19:30
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin