Daxili turizm tərəddüd edir: Qiymətlərlə nə etməli...

Daxili turizm tərəddüd edir: Qiymətlərlə nə etməli...

Ölkə daxilində istirahət məkanlarının müştərilərə hansı qiymətləri təklif edəcəyi barədə birmənalı rəy yoxdur

 

Koronavirus pandemiyasının ən ağır zərbə vurduğu sahələrdən biri turizmdir. Belə ki, karantin tətbiq olunan gündən sərhədlər, turizm obyektləri bağlıdır, turizm agentlikləri işləmir. Artıq yay mövsümü – turizm üçün ən gəlirli dönəm gəlir. Bu mövsümdə turizm sahəsində nə kimi dəyişikliklər gözlənilir, qiymətlərdə artım və ya azalma olacaqmı?

 

Azərbaycan Turizm Assosiasiyası (ATA) İdarə Heyətinin sədri Əhməd Qurbanov AYNA-ya dediyinə görə, koronavirus səbəbindən dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda turizm sektoruna ciddi ziyan dəyib: “Sərhədlərin bağlanması, eyni zamanda ölkə daxilində gediş-gəlişin dayanması vəziyyəti daha da ağırlaşdırıb. Turizm çöküb. Biz gözləyirik ki, yaxın vaxtlarda yumşaldılma olarsa, heç olmasa, daxili turizmin bir qədər dirçəlməsinə şərait yaranacaq”.

 

“Hətta, yerli turizmin müxtəlif növlərinin inkişafı da nəzərdə tutulur. Yerli turizmin inkişafında isə birinci şərt qiymətlər olacaq. Hər il yay fəslində turizm sahəsində qiymətlərdə artım müşahidə olunurdu. Amma bu il koronavirusa görə turist axını olmadığından, yerli əhali bir qədər ehtiyat etdiyindən vəziyyət fərqli ola bilər. Qiymətlərin necə tənzimlənməsini isə zaman göstərəcək”, - müsahibimiz deyib.

 

O, ATA tərəfindən konsepsiya hazırlandığını qeyd edib: “Konsepsiyada qiymətlərin tənzimlənməsi ilə bağlı bəzi məsələlər nəzərdə tutulub. Nəzərə alaq ki, Azərbaycanda azad bazar iqtisadiyyatıdır və sahibkarlar istədikləri qiymətlərlə müştərilərinə xidmət göstərə bilərlər. Amma biz Assosiasiya olaraq sahibkarlarla danışıb, daha münasib qiymətlər təklif etmələrinə çalışırıq”.

 

Ə.Qurbanov əlavə edib ki, turizm məkanları da karantin müddətini nəzərə alaraq xidmət qiymətlərinə yenidən nəzər salmalı olacaq: “Qiymətlərdə müəyyən dərəcədə endirimlər olacaq. Amma çox yüksək qiymət enməsi də müşahidə olunmayacaq. Bu mövsümdə turizm şirkətlərinin üzərinə böyük yük düşür. Onlar yeni turizm marşrutlarını işləyib təqdim etməlidirlər. Artıq 2 günlük yox, ən azı 5-6 günlük turizm marşrutları olmalıdır. Bunların da sərfəli qiyməti olmalıdır ki, müştəriləri cəlb edə bilsinlər”.

 

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev də AYNA-ya açıqlamasında pandemiyanın turizm sahəsini iflic vəziyyətinə saldığını söyləyib: “İlkin hesablamalara görə, koronavirus dünyada 2 trilyon dollara yaxın vəsaitin turizm dövriyyəsindən çıxmasına, 100 milyon iş yerinin bağlanmasına səbəb olacaqdı, təxminən elə də oldu. Avropa ölkələrinin əksəriyyətində sentyabrın sonuna kimi sərhədlər bağlı olacaq. Hansı ki, bu ölkələrə gedən turistlərin sayı çox idi. Ona görə də biz artıq daxili turizmin inkişafına fokslanırıq”.

 

“Karantin başa çatandan sonra ölkə daxilində səyahət edənlərin sayı həddindən artıq çox olacaq. Kənd yaşıl turizmi daha da inkişaf etdirmək olar və turizmin xilası bu gün həmin turizmə bağlıdır. O ki qaldı qiymətlərə, daxili turizmə ehtiyac həddindən artıq çox olacaq. Bu da qiymətlərin tədricən artmasına səbəb olacaq”, - deyə Ruslan Quliyev bildirib.

Müəllif: Təranə Xudabaxşiyeva      30 May 2020 21:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin