Pandemiyanın hələ çox fəsadları üzə çıxacaq - İki bəlaya tələbat artıb

Pandemiyanın hələ çox fəsadları üzə çıxacaq -   İki bəlaya tələbat artıb

“Məcburi yaranan boşluq səbəbindən insanlar siqaret və spirtli içki istehlakını artırıblar”

 

Koronavirus pandemiyası səbəbindən dünya ölkələrinin əhaliləri ciddi sıxıntılarla üz-üzə qaldı: İş yerlərinin itirilməsi, gəlirlərin azalması, evdən bayıra çıxa bilməmək məsələsi və s. Nəticədə məişət zorakılığının, boşanmaların, spirtli içki və siqaret istehlakının miqyası genişləndi.

 

Məsələn, Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, karantin zamanı siqaret çəkənlərin 27%-i bu vərdişini daha da irəlilədib. Bununla bağlı aparılan sorğunun nəticələri zamanı bəlli olub ki, respondentlərin 94%-i gündəlik daha 5 ədəd artıq siqaret çəkməyə başlayıb. Bildirilir ki, bunlar, ilk növbədə, 25-34 yaş arası gənclər (respondentlərin 41%-i) və evdən işləməyə davam edən insanlardır (37%).

 

Rusiyada TASS-ın sorğusu üzrə aparılan “Mail.ru Sağlamlıq Layihəsi” araşdırmasına görə, siqaret çəkənlərin demək olar ki, üçdə biri özünü təcrid edərkən vəziyyətdən çıxmağa çalışıb, lakin bir çoxları daha çox siqaret çəkməyə başlayıb və on nəfərdən yalnız biri tütün istifadəsini praktik olaraq dayandıra bilib.

 

Bu cür sorğular ölkəmizdə aparılmadı və buna görə vətəndaşlarımızın daha çox karantində siqaret çəkməyə başladığı və ya əksinə çoxlarının bu pis vərdişdən imtina etmək qərarına gəldiyi bilinmir. Bunu AYNA-ya Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ictimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev deyib: “Bəziləri hesab edirlər ki, siqaret çəkən insanların COVID-19-a yoluxma riski aşağıdır.  Lakin Ümumdünya Səhiyyə Təşkilatı bunu təkzib etdi. Yəni, hətta siqaret çəkənlər çəkməyənlərə nisbətən xəstəliyi daha ağır keçirirlər. Bildiyiniz kimi, ağciyər sistemi zədələnir və siqaret çəkənlərdə artıq zəifləmiş bir vəziyyətdə olduğu üçün onlar üçün vəziyyət daha ağır olur. Siqaret çəkmək koronavirusa yoluxma ilə kəskinləşən bir çox xəstəliyin ortaya çıxmasına səbəb olur. Buna görə də sizə şayiələrə inanmamağı və siqaret çəkməməyi məsləhət görərdim”.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin (DİTM) sədri Nəriman Ağayevin AYNA-ya dediyinə görə, Cənubi Afrika Respublikasında karantin zamanı siqaret və tütün məhsullarının satışına qadağa qoyulub: “Onları yalnız “qara bazar”da və inanılmaz dərəcədə yüksək məbləğ qarşılığında almaq olardı. Bunun səbəbi karantində insanların daha çox spirtli içki və siqaretə meyllənməsidir. Siqaret çəkənlər xəstəliyi daha ağır keçirirlər”.

 

“Ölkəmizdə çox sayda vətəndaş siqaret çəkir. Hər il 2 milyard manat dəyərində 11 milyard ədəd siqaret satılır. Məcburi yaranan boşluq səbəbindən insanlar daha çox siqaret çəkməyə başladılar və əvvəllər siqareti tərgidənlərin çoxu indi dörd divarda oturaraq bu pis vərdişə geri qayıtdı. Beləliklə, insanlar iş itkisi, qeyri-müəyyənlik və sabaha ümidsizlik nəticəsində yaranan stressdən bu cür azad olmağa çalışırlar”- Ağayev bildirib.

 

Onun sözlərinə görə, maarifləndirmə işləri aparılsa da, bu, siqaret çəkənlərin sayının azalmasına təsir göstərsə də, istənilən səviyyədə nəticə əldə olunmayıb: “Eyni zamanda, siqaret satışında, ilk növbədə, özlərini böyüklər kimi hiss etmək istəyən gənclər və yeniyetmələr hesabına ciddi geriləmə mümkün deyil. İqtisadi böhranlar dövründə çoxları özlərində spirtli içki və siqaretlə rahatlıq tapır. Buna görə də işsizliklə yanaşı alkoqolizm, tütündən istifadə və zorakılıq artmaqdadır. İşsizlik ildə 65 min insanın ölümünə səbəb olur. Kifayət qədər pul olmasa da, vətəndaşların müəyyən faizi, ən azı bir müddət özlərini yaxşı hiss etmələri üçün ən ucuz spirtli içki və ya bir qutu siqaret tapacaq”.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da əməkdaşımızla söhbətində deyib ki, karantin rejimi təbii olaraq siqaret və spirtli içki istehlakının artmasına səbəb olub: “Karantin zamanı spirtli içkidən zəhərlənənlərin sayı artdı. Bu, insanların daha tez-tez içməyə başladığını və bunun nə olduğunu əsla anlamadıqlarını göstərir. Spirtli içkidən istifadə və siqaret çəkmək çox vaxt paralel gedir. İstisnasız olaraq, bütün siqaretlər təhlükəlidir, hətta yüngül olsa belə, hamısı təhlükə mənbəyidir. Lakin bunların arasında xüsusilə təhlükəli olanlar var - bunlar filtersiz siqaretlər, elektron siqaretlər və təbii ki, ölkəyə qaçaqmal yolu ilə gətirilən siqaretlərdir”.

 

“Bir neçə ay əvvəl Azərbaycanda siqaretə görə vergi qaldırıldı və bu, siqaretə qarşı mübarizə tədbirlərindən biridir. Ancaq bu hərəkət daha çox qaçaqmalçılığa səbəb oldu. Təkcə 2017-ci ildə siqaret qaçaqmalçılığı ilə əlaqədar dövlət büdcəsinə 20 milyon manatdan az vəsait daxil olub. Digər ölkələrdə siqaretin qiymətini qaldırdıqda, bu, əvvəlcədən elan edilir. Bu, tütün şirkətlərinə imkan verir ki, öz marketinqlərini normal qursunlar və qaçaqmalçılığa təslim olmasınlar”, - Hüseynov vurğulayıb.

Müəllif: Elya Belskaya      31 May 2020 19:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin