Bakıda silahlı narkotacir saxlanılıb

Bakıda silahlı narkotacir saxlanılıb

Abdulraxmanov narkotik tərkibli bitkiləri əkdiyini etiraf edib

 

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Rauf Abdulraxmanov saxlanılıb.

 

Ona məxsus Binə qəsəbəsi “Bolluq” yaşayış massivində yerləşən evin həyətinə baxış zamanı kultivasiya yoli ilə yetişdirilən yaş halda çəkisi 97 kiloqram 680 qram olan 587 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bundan əlavə oradan 47 ədəd dibçəkdə yeni yetişdirilən çətənə bitkisi və 5 kiloqram 560 qram qurudulmuş marixuana da aşkar olunaraq götürülüb. Rauf Abdulraxmanov ifadəsində narkotik tərkibli bitkiləri aprelin əvvəlində əkdiyini və onlara xüsusi qulluq etdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

 

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq Rauf Abdulraxmanovun yaşadığı evdən gizlətdiyi odlu silah-sursat da aşkar edilib. Belə ki, mənzildən ona məxsus 1 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silah, həmin silaha aid 3 ədəd sandıqça və 38 ədəd döyüşə yararlı patron aşkar olunaraq götürülüb.

 

Faktla bağlı 3-cü Polis bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rauf Abdulraxmanovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      26 May 2020 14:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin