Niyə “Onları gördüyünüz yerdə öldürün”: Əmrdən əvvəlki və sonrakı mənzərə

Niyə “Onları gördüyünüz yerdə öldürün”:   Əmrdən əvvəlki və sonrakı mənzərə

Allah insanlığa xeyrin şərdən, mərhəmətin şiddətdən, sülhün müharibədən daha yaxşı olduğu mesajını verir

 

Zaman-zaman islamafoblar tərəfindən “Quran”ın bəzi ayələrinin mənası dəyişdirilərək qızğın mübahisələrə səbəb olub. Bu ayələrdən biri və ən çox müzakirə olunanı “Tövbə” surəsinin 5-ci ayəsidir. Belə ki, ayədə “kafirləri gördüyünüz yerdə öldürün” yazılması bu müzakirə və mübahisələrin qaynağına çevirilib. Lakin ayədə nə demək istənildiyi barədə həmişə məzmunun əhatə dairəsindən kənara çıxarılıb və İslamı günahlandırmaq üçün istifadə olunub.

 

Təbii ki, bu fikirdə olan, radikal mövqedə dayanan qərəzli şəxslər heç bir araşdırma aparmadan istədiklərinə çatmış kimi ayədən İslam və müsəlmanlara qarşı istifadə ediblər. Amma ayənin mənası və məzmununu araşdırsaq, görərik ki, bu ayə tamamilə müharibədən və döyüş meydanından bəhs edir. Belə ki, 1-ci ayədən 5-ci ayəyə qədər müsəlmanlar və məkkəli bütpərəstlər arasında sülh razılaşması imzalanmasından danışılır:

 

“Bu, Allah və onun elçisi adından sülh etdiyiniz müşriklərə bir xəbərdarlıqdır. Ona görə də razılaşma müddəti ərzində yer üzündə rahat gəzib, dolaşın. Bu, Allah və onun elçisi tərəfindən ən böyük bildirişdir. Əgər tövbə etsəniz, bu, sizin üçün xeyirli olar. Yox, əgər üz döndərsəniz, bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz. Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər isə istisnadır. Onlarla olan müqavilənizi müddəti bitənə qədər yerinə yetirin. Həqiqətən, Allah məsuliyyətli şəxsləri sevir”. (1-4)

 

 

Bu ayələrdən göründüyü kimi, Allah 5-ci ayəyə qədər müsəlmanlara onların düşmənləri ilə sülh imzalamağı və onlar sülhü pozmayana qədər müsəlmanların da sülhə sadiq qalmalarını istəyir və bundan sonra 5-ci ayənin mahiyyəti gəlir. Yəni, Allah sülhdən danışır və razılaşmanı qorumaq istəyirsə, nə üçün “kafirləri gördüyünüz yerdə öldürün” desin? Məhz məkkəli bütpərəstlər tərəfindən sülh sazişinin pozulması və müsəlmanları sülhə rəğmən öldürmək istəmələri 5-ci ayəni məqbul edib. Yəni Allah 5-ci ayəyə qədər müşriklərə xəbərdarlıq edir ki, sazişin qüvvəyə mindiyi dörd ay ərzində hər şeyi düzəltsinlər və xəyanət etməsinlər. Əks halda, müharibə başlaya bilər və müharibə meydanındakı müsəlmanlara “qorxmayın, döyüşün, onları gördüyünüz yerdə öldürün” deyir. Nəticədə də məkkəli müşriklər sülhü pozurlar.

 

“Öldürün” sözünə görə, yenə də fikrindən dönmək istəməyənlər ola bilər. Ona görə də ayənin mahiyyətini bir az da açaq. Təsəvür edin ki, iki əks qütb arsında müharibə başlayıb. Əlbəttə ki, belə olan halda istənilən ordu başçısı, lider qələbə qazanmaq üçün ordunu həvəsləndirməli və stimul verməlidir və təbii ki, “düşməni gödüyünüz yerdə öldürün” deyəcək. Əgər döyüş başlayrsa, hansı lider öz ordusuna “düşməni görən kimi onlar tərəfindən öldürülün” deyəcək? Yəni bu ayə tamamilə müharibə şəraitindən bəhs edir və ona görə də Allah “döyüş meydanında düşməndən qorxmayın, döyüşün və onları gördüyünüz yerdə öldürün” deyir.

 

Buna bənzər çox misallar vermək olar. Məsələn, deyək ki, bu gün Amerika və İran arasında uzun müddətdən bəri davam edən qarşıdurma, sözün əsl mənasında müharibəyə çevrilir. ABŞ rəhbərliyi ordunu həsəvsləndirmək və qələbə qazanmaq üçün “iranlıları harada görsəniz, öldürün” deyir. O zaman bu, məzmunun əhatə dairəsindədir. Amma mən ABŞ-a qarşı qərəzli olduğum və nifrət etdiyim üçün bu cümləni dəyişir, mahiyyətindən kənara çıxarır və “ABŞ Prezidenti Donald Tramp açıqlama verib ki, iranlıları gördüyünüz yerdə öldürün” desəm, Trampı quldur, terrorçu və cani kimi təqdim etmiş olacam. Çünki mən ətraflı deyil, qərəzli olaraq, həm araşdırmadan, mövzunun mahiyyətinə varmadan qərar verəcəm deyə, dolayısı ilə mənanı da təhrif edəcəm.

 

Digər tərəfdən, deyək ki, mən bir kitab oxuyuram və əsərdə yer alan baş obraz müsbət qəhrəmandır. Lakin kitabın 30-cu səhifəsində baş qəhraman yuxuda kimisə öldürdüyündən danışır. Mən isə öz istəyimə uyğun olaraq və əsəri oxuyub bitirməmiş həmin müsbət qəhrəmanın adam öldürdüyü üçün mənfi qəhrəman olduğuna qərar verirəm və hər kəsi də buna inandırmağa çalışıram.

 

Həmin İslam düşmənləri də bu ayədən sonra ya mövzunu yekunlaşdırır, ya da 6-cı ayəni oxumamış birbaşa 7-ci ayəyə keçirlər. Niyə? Çünki 5-ci ayənin cavabı və açıqlması 6-cı ayədə verilir. Ki, bu da onlara sərf etmir. Tövbə surəsinin 6-cı ayəsində Allah deyir: “Əgər, düşmən sizdən mərhəmət istəsə, onların getməsinə icazə verin, lakin icazə verməklə kifayətlənməyin, onları daha etibarlı yerə aparın ki, Allahın nə demək istədiyini bilsinlər”.

 

Bu gün heç bir əsgər, döyüşçü, lider “düşmən getmək istəyirsə, buraxın, çıxıb getsin” deməz. Amma “Quran”da Allah deyir ki, “Düşmən sülh istəyirsə, icazə verin getsin. Hətta, bununla qane olmayın, onları etibarlı yerə çatdırın”. Və “Quran”da müharibədən, şiddətdən bəhs edən bütün ayələrin davamında “sülh daha yaxşıdır” deyilir.

 

Hətta, “Quran”da gündüz ayələri gecə ayələrindən, mərhəmət ayələri şiddət ayələrindən, xeyir ayələri şər ayələrindən daha çox olmaqla, Allah bütün insanlığa xeyrin şərdən, mərhəmətin şiddətdən, sülhün müharibədən daha yaxşı olduğu mesajını verir. Çünki İslamın adı kimi mahiyyətində də sülh dayanır.

Müəllif: Mərahim Nəsib      31 May 2020 22:13
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin