Bakıda sabiq Baş Nazirə qadın hücum edib: Gecə saat 23 radələrində…

Bakıda sabiq Baş Nazirə qadın hücum edib:       Gecə saat 23 radələrində…

Pənah Hüseyn: “Hamı bilir ki, mən ümumiyyətlə heç vaxt spirtli içki içmirəm”

 

Azərbaycan Xalq Partiyasının lideri, keçmiş Baş Nazir və deputat Pənah Hüseynə Bakıda hücum olub. AYNA bildirir ki, bu barədə jurnalist Əvəz Zeynallı social şəbəkədə məlumat yayıb. Jurnalist qeyd edib ki, P.Hüseyn ofis kimi istifadə etdiyi AXP qərargahında bir qonşu qadının təxribatı ilə üz-üzə qalıb.

 

Onun sözlərinə görə, axşamtərəfi ofisə gələn Pənah Hüseynlə AĞ Partiyanın başqanı Tural Abbaslı, özünü qonşu kimi təqdim edən bir qadının hücumuna məruz qalıblar.

 

“Xeyli sual verən "qonşu" az keçməyib ki, Marqaret Tetçerdən, Pənah Hüseyngilin komandasının xalqı bu günlərə necə salmasından danışıb və əlavə edib ki, onlar burada nə işlə məşğul olurlar, niyə buraya 100-lərlə adam gəlir?”, - deyə Ə.Zeynallı bildirib.

 

Jurnalist onu da vurğulayıb ki, 9 aydır AXP-nin qərargahı kimi istifadə olunan ofisə heç vaxt 100-lərlə adam gəlməyib və heç bir zaman kimsə etiraz etməyib: “Məsələnin rənginin siyasi çalarlı olduğunu düşünən siyasi partiya rəhbərləri dərhal 102-yə məlumat veriblər və polis bir müddətdən sonra əlaqə saxlayaraq bu gün Pənah Hüseyni 5-ci bölməyə dəvət edib. O ayrı məsələdir ki, Vilayət Eyvazov polisin 102 xidmətinə zəng edən vətəndaşı bölməyə çağırma səlahiyyətinin olmadığı haqqında sərəncam verib”.

 

“Maraqlıdır, ölkədə doğrudan da nələr baş verir? Həm Pənah Hüseyn, həm də Tural Abbaslı Prezident İlham Əliyevin də dəstəklədiyi dialoq mühitinin içində yer alırlar. Onlar Ədalət Vəliyevlə görüşüblər və ölkədə siyasi qüvvələr arasında dialoq olması üçün ilkin söhbətlər aparıblar. İndi ortaya çıxan bu "qonşu" qadın isə görünür ki, kimlərsə tərəfindən öyrədilib? Sual yaranır - kimlər?!”, - deyə Ə.Zeynallı fikrini tamamlayıb.

 

 

AYNA bildirir ki, məsələ ilə bağlı P.Hüseynin özü də açıqlama yayıb. Sabiq Baş Nazir bildirib ki, başqa şəraitdə olsaydı buna fikir verməmək də, rəsmiləşdirməmək də olardı: “Ancaq buradan sədri olduğum siyasi partiyanın ofisi kimi də istifadə edirəm. İki gün əvvəl də burda 9 siyasi partiya sədrinin toplantısı barədə məlumat KİV-də getmişdi. Gecə saat 11 radələrində iki nəfərlə səs-səmirsiz qapını açıb otağına girmək istəyirsən, bir qadın, yanında da bir iki nəfər səni saxlayır, sonra da həyətə çıxıb qışqırıq salır ki, burda içki məclisləri düzəldilir. Hamı bilir ki, mən ümumiyyətlə heç vaxt spirtli içki içmirəm, üstəlik Ramazandır bu gün də Ramazan Bayramıdır. Qadın Tural Abbaslını ona və yanındakılara fiziki hücumda ittiham edir və keçir “siyasətə”... Elə ifadələr işlədir, təhrik edir ki, sən də cavab verəsən. İstər-istəməz, ola bilsin təşkil olunmuş bir fitnəkarlığın yaşandığı təəssüratı yaratdı və mənim 102- yə müraciətimin də səbəbi bu olub”.

 

“Ümumiyətlə isə biz belə şeylərlə çox rastlaşmışıq və narahat olanlara təşəkkür edərək işimizə davam edirik. Mən həmişə çalışmışam ki, olduğum yerdə fəaliyyətimizdən kimsəyə rahatsızlıq gəlməsin, olmasın, olmayıb və bundan sonra da olmaz. “İnsident”i isə aydınlaşdırarıq”, - deyə P.Hüseyn sonda əlavə edib.

Müəllif: Ayna.az      25 May 2020 12:29
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin