Kreml Suriya böhranından bezib: Əsəd Putinin səbrini daşırır

Kreml Suriya böhranından bezib:         Əsəd Putinin səbrini daşırır

Əgər Moskva Əsədi dəstəkləməyə davam edərsə, SSRİ-nin Əfqanıstanda olduğu kimi, Rusiyanın da Suriyada “batmaq” riski var

 

Rusiya Prezidenti Vladimir Putin Suriyada getdikcə daha da uzanan vətəndaş müharibəsində ölkəsinin iştirakından bezib. AYNA xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Newsweek” nəşri çıxış edib. Nəşrin yazdığına görə, Suriya Moskvanın Yaxın Şərqdəki əsas müttəfiqi olaraq qalır, lakin ölkənin hazırkı prezidenti Bəşər Əsəd getdikcə Kremlin səbrini daşırdır. Çünki, Əsəd qüvvələri Rusiya hərbi aviasiyasının dəstəyinə baxmayaraq, İdlibdə üsyançıların və cihadçıların ələ keçirdikləri əraziləri tam nəzarətə ala bilmir. Bundan əlavə, Fərat çayının qərbində mövqelərini möhkəmləndirməyə başlayan İŞİD yaraqlıları da koronavirus pandemiyası fonunda yenidən güclənib.

 

"Newsweek" yazır ki, rusiyalı diplomatların son vaxtlar verdiyi açıqlamalar rəsmi Moskvanın Suriya məsələsində məyusluğunun artdığını göstərir. Belə ki, aprel ayında Rusiya Xarici İşlər Şurasının vitse-prezidenti, Rusiyanın Suriyadakı keçmiş səfiri Aleksandr Aksenenok Suriyadakı vəziyyətin humanitar fəlakətə bənzədiyini, rəsmi Dəməşqin isə müttəfiqlərinin və hərbi dəstəyinin ümidi ilə hər hansı bir çeviklik və uzaqgörənlikdən imtina etdiyini söyləyib.

 

Məqalə müəllifləri hesab edir ki, tərəflərin sayının artması və prioritet olması səbəbindən münaqişənin siyasi həlli getdikcə çətinləşir: “Rusiyadan bahalı silahlar alan Türkiyə də Əsəd əleyhinə olan üsyançılara dəstək verməkdədir. İran da öz növbəsində Suriyaya Livandakı “Hizbullah” qrupuna silah ötürülməsi üçün müttəfiq və bir növ körpü kimi baxır. Lakin ABŞ-ın yeni sanksiyaları Tehranı bu ölkədəki varlığını azaltmağa məcbur edə bilər”.

 

Nəşr onu da qeyd edib ki, bununla yanaşı, Rusiya əhalisi və ictimaiyyəti də ölkənin Suriya müharibəsində iştirakını dəstəkləmir. “Koronavirusla bağlı yaranan iqtisadi böhran fonunda, rusların Suriyada qarşıdurmaya marağı daha da azalacaq. Mövcud şərtlərdə Rusiya ehtimal ki, Suriya ilə bağlı Qərblə əməkdaşlıq qurmağa ehtiyac duyacaq”, - deyə qəzet yazıb.

 

"Newsweek"dəki məqalədə vurğulanıb ki, may ayının əvvəlindən Suriya müxalifətinin nümayəndələrinin də dediyi kimi, Əsədin istefası qaçılmaz görünür. “Rusiya Suriyadakı münaqişədə iştirakın, bir sıra hərbi uğurlara baxmayaraq, heç bir siyasi fayda vermədiyini anlamağa başlayıb. Əgər Moskva bu şərtlər altında Əsədi dəstəkləməyə davam edərsə, SSRİ-nin Əfqanıstanda olduğu kimi, Rusiyanın da Suriyada “batmaq” riski var”, - deyə məqalənin sonunda qeyd edilib.

Müəllif: Ayna.az      24 May 2020 18:56
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin