Tofiq Zülfüqarov: “Qarabağ danışıqları ilə bağlı vəziyyət o qədər aydındır ki...”

Tofiq Zülfüqarov: “Qarabağ danışıqları ilə bağlı vəziyyət o qədər aydındır ki...”

“Nə erməni tərəfinin, nə də beynəlxalq ictimaiyyətin niyə ərazilərimizi hərbi yolla qaytarmamalı olduğumuzu izah edə biləcək heç bir dəlilləri yoxdur”

 

Son zamanlar istər diplomatik səviyyədə, istərsə də hərbi baxımdan Dağlıq Qarabağ münaqişəsi ətrafında kəskinləşmə müşahidə olunur. Prosesləri AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, indiyədək danışıqların sürətləndirilməsi cəhdləri heç bir nəticə verməyib.

 

“Danışıqlarla bağlı vəziyyət o qədər aydındır ki, artıq imitasiya etmək də mümkün deyil. Azərbaycan mövqeyində israrlıdır və hər hansı bəhanəni qəbuledilməz sayır. İndi belə bir mənzərə formalaşdırmaq istəyənlər var ki, gedişat Azərbaycanın öz ərazilərinin işğalı ilə barışdığını göstərir. Bu, Azərbaycan və onun siyasi elitası üçün qəbuledilməzdir”, - sabiq nazir deyib.

 

O, həmçinin əmindir ki, Rusiya hərbi əməliyyatların başlamasını istəmir və bu səbəbdən münaqişənin sülh yolu ilə nizamlanmasına, gərginliyin diplomatik üsullarla aradan qaldırılmasına üstünlük verəcək: “Lakin Ermənistan rəhbərliyinin anlaşmaz mövqeyi üzündən Azərbaycanın hərbi üsuldan başqa variantları qalmayıb. Belə vəziyyətdə nəsə söyləmək çətindir: Ya real diplomatik nailiyyət qazanıb, Azərbaycan ictimaiyyətini rahatlatmaq lazımdır, ya da hərbi əməliyyatların yenidən başlaması qaçılmazdır. Aydın məsələdir ki, Rusiya Ermənistana “radikal mövqeyiniz tərəfimizdən dəstəklənməyəcək” mesajını verib”.

 

Bununla yanaşı, Zülfüqarov hesab edir ki, Moskva ilə Yerevan arasındakı münasibətlərin pisləşməsinə baxmayaraq, Rusiya hələ də Azərbaycanın qarşısında yeganə maneədir: “Çünki tarix boyu Rusiya özünü ermənilərin müdafiəçisi elan edib. İndi ermənilər elə bir hərəkət etdilər ki, onları müdafiə etmək mənəvi formada da mümkün olmayan bir iş olacaq. İstənilən halda, Azərbaycanın işğal olunmuş ərazilərində ümumi etnik təmizləmə aparmalarına və 750 min insanı yurd-yuvasından qovmalarına göz yummaq mümkün deyil”.

 

“Ermənilərin uydurma “soyqırımı” iddiaları da mahiyyətini itirir. 1915-ci ilə dair “soyqırımı” iddiaları və ya başqa nə istəkləri barədə də heç bir əsaslandırmaları yoxdur. Nə erməni tərəfinin, nə də beynəlxalq ictimaiyyətin niyə ərazilərimizi hərbi yolla qaytarmamalı olduğumuzu izah edə biləcək heç bir dəlilləri yoxdur”, - müsahibimiz vurğulayıb.

Müəllif: Nicat Hacıyev      21 May 2020 16:33
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin