"Azərbaycan dilini qoruyub saxlamaq mümkün deyil"

"Azərbaycan dilini qoruyub saxlamaq mümkün deyil"

Dilin inkişaf qanunauyğunluqları

 

"Tez-tez müzakirə olunan məsələlərdən biri də dilimizin qorunub saxlanılması ilə bağlıdır. Çoxları bunu belə başa düşürlər ki, dilimizin indiki vəziyyəti ən mükəmməl formadadır və hər vəchlə bunu qoruyub saxlamaq lazımdır. Ancaq bu mümkün deyil, çünki dil də canlı orqanizmlər kimi daima inkişaf edərək dəyişilir". AYNA xəbər verir ki, bu fikirləri filologiya elmləri doktoru, professor Kamil Allahyarov özünün "Facebook" hesabında paylaşıb. 

 

Professorun sözlərinə görə: "Həm də belə dəyişikliklər təkcə leksikanı deyil, fonetikadan üslubiyyata qədər bütün sahələri əhatə edir. Həmçinin dil özündə xalqın tarixini də əks etdirir. Yaxşı ki, bunu görmək üçün bizim əlimizdə çoxsaylı materiallar vardır: ədəbi dilə aid çoxsaylı klassik əsərlər, danışıq dilinə aid isə oğuznamələr, atalar sözləri və s. Bütün bunlar aydın göstərir ki, son min il ərzində bizim dilimiz nə qədər dəyişilibdir. İndi də hər gün dildə dəyişiklər baş verir, ancaq onların cüzi olmasına və müxtəlif sahələrdə baş verməsinə görə biz onları hiss etmirik".

 

Filoloq onu da qeyd edib ki, dəyişikliklər bütün dillərdə baş verir və bu, təbiidir: "Belə dəyişiklər yığıla-yığıla gedərək, təxminən yüz ildən sonra artıq aşkar şəkildə hiss olunmağa başlayırlar. 500 il ərzində yığılan fərqlər təxminən bugünki dilimizlə "Qorqud kitabı"nın Drezden nüsxəsinin mətni, 1000 il ərzində toplanan fərqlər isə bügünki dilimizlə Mahmud Kaşğari lüğətindəki mətnlər arasındakı fərqlər səviyyəsinə yüksəlir. Min il ərzindəki fərqlər o qədər çox olur ki, artıq bu müddətin əvvəlində və sonunda olan dilləri eyni dil hesab etmək mümkün olmur: onlar qohum, ancaq başqa dillərə çevrilirlər. Belə inkişaf qanunauyğunluqları bütün dillərə aiddir".

 

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve yakın çekim

Müəllif: Ayna.az      21 İyul 2019 12:13
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin