“Son açıqlanan rəqəmlər yeni yoluxmalar deyil”

“Son açıqlanan rəqəmlər yeni yoluxmalar deyil”

Karantin yumşaldılır, yoluxma halları artır: Niyə?

 

Karantin rejiminin daha sərt vaxtlarında ölkədə yoluxma və ölüm halları indikindən az idi. Maraqlıdır ki, karantin tələbləri yumşaldıqca, koronavirusa yoluxanların sayı da artmaqda davam edir. Və bunlar Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik rəsmi məlumatlarında əksini tapır.

 

Sözügedən ziddiyyətli məqamla bağlı AYNA-ya danışan həkim-infeksionist Vüsalə Yaşarın sözlərinə görə, karantinin tətbiq olunmasının əsas bir məqsədi var - yarana biləcək kütləvi yoluxmanın qarşısını almaq: “Məhdudiyyətlər mütləqdir. Əks halda yoluxmada artım olsaydı, səhiyyə sistemi buna hazır ola bilməzdi, həkim, tibbi avadanlıq qıtlığı yaşanardı, xəstəxalardakı çarpayı sayı yetərsiz olardı. Bu səbəbdən karantin bu səviyyədə saxlanıldı”.

 

“Karantinin yumşaldılması o demək deyil ki, tədbirlər bitdi, qaydalar ləğv edildi. Təhlükəsizlik tədbirləri, vətəndaşların məsuliyyətli davranışları yenə də davam etməlidir. Karantin uzun müddət sərt tədbirlərlə davam edə bilməz, çünki burada iqtisadi faktor var”, - Yaşar deyib.

 

Digər həkim-infeksionist Nazilə Orucova da AYNA-ya açıqlamasında həmkarının fikirlərini təsdiqləyərək əlavə edib ki, karantin Ümumdünya Səhiyyə Təşkilatının göstəriş və tövsiyələrinə əsasən elan edilib: “Gec davranan, tövsiyələrə uymayan bəzi dövlətlərdəki kütləvi yoluxma, ölüm saylarının artımına şahid olduq. İnfeksion xəstəliklər yayılmağa meyllidir, hər zaman yayılan belə xəstəliklərə qarşı lokal səviyyədə karantinlər olub, təcrübəmizdə görümüşük. COVID-19 isə bizi hazırlıqsız yaxaladı, onun da tək çarəsi karantin idi. Amma dünya karantin müddətinə daxil olmaqla yoluxma zəncirini nisbətən qıra bildi, virusun sonunu gətirmək yenə də əhalinin qaydalara əməl etməsindən asılıdır”.

 

“Karantin yumşaldıqdan sonra yoluxma sayında artım nə ilə bağlıdır” sualını cavablandıran Orucovanın dediyinə görə, bu, əvvəlki günlərin yoluxma göstəricisidir, inkubasiya müddəti nəzərə alınmalıdır: “Bir də, axı bildiyimə görə, ölkəyə xaricdən vətəndaşlarımız təxliyyə olunur, onlar arasındakı yoluxmalar da nəzərə alınmalıdır”.

Müəllif: Raminə Eyvazqızı      21 May 2020 10:25
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin