Bakıda silah üzü görməyənləri “müharibəyə” göndərirlər

Bakıda silah üzü görməyənləri “müharibəyə” göndərirlər

Heç bir təcrübəsi olmayan şəxsləri dezinfeksiya işlərinə cəlb etmək hansı məntiqin məhsuludur?

 

Bakı şəhərinin küçə-prospektlərinin dezinfeksiyası davam edir. Tələblərə əsasən, koronavirus infeksiyası ilə mübarizə çərçivəsində, hər 10 gündən bir Bakıda dezinfeksiya işləri aparılmalıdır.

 

15 may 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işsizlərə təklif olunan ictimai işlərin siyahısını açıqladı. Bu siyahıya dezinfeksiya işləri də daxildir.

 

Lakin sual yaranır: Heç bir xüsusi təlim keçməyən insanlar dezinfeksiya işləri ilə məşğul ola bilərmi? Orada istifadə olunan məhlulların zərərli təsirləri, ətrafa verilə biləcək zərər baxımından hər kəs bu işi bacararmı?

 

Azərbaycanın baş infeksionisti Cəlal İsayev AYNA-nın sualına cavab olaraq deyib ki, yalnız xüsusi hazırlıq keçmiş şəxslərin dezinfeksiya işləri aparmasına icazə verilməlidir: “Xüsusi təlim keçməyən insanları bu işə qəbul etmək təhlükəlidir”.

 

ƏƏSMN Nəsimi Rayon Məşğulluq Mərkəzinin əməkdaşı Elgün Quliyev isə baş infeksionistin fikirləri ilə razılaşmır. Deyir ki, ictimai işlərdə iştirak etmək üçün xüsusi hazırlığa ehtiyac yoxdur.

 

Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etdik. Lakin oradan dezinfeksiya işlərində iştirak etmədiklərini əsas gətirərək, mövzuya rəy bildirməkdən imtina etdilər.

 

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitar şöbəsinin müdiri Mübariz Hüseynov AYNA-ya açıqlamasında, bizə şöbənin rayon birlikləri ilə əlaqə yaratmağı məsləhət gördü: "Dezinfeksiya işləri rayon mənzil-kommunal təsərrüfatı birlikləri tərəfindən aparılır".

 

Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəhbərinin müavini Cahangir Cahangirovla əlaqə saxlaya bildik. O, dezinfeksiya işlərinə ictimai işlərdə iştirak edən şəxslərin cəlb olunduğunu təsdiqlədi: “Lakin onların həyatı üçün heç bir təhlükə yoxdur”.

 

Bu məsələni aydınlaşdırmaq üçün edilən sadə bir cəhd aşağıdakı maraqlı mənzərəni ortaya çıxardı: Görünür, Azərbaycanda mənzil-kommunal xidmət işçiləri dezinfeksiya işlərində ölkənin baş infeksionisti Cəlal İsaevdən daha məlumatlıdırlar. Onlar əmindirlər ki, xüsusi hazırlığı olmayan insanları dezinfeksiya işlərinə cəlb etməklə hansısa arzuolunmaz hadisə baş verə bilməz.

 

Xatırladaq ki, ictimai işlər anlayışı XIX əsrin ortalarında Fransada meydana gəlib. İşsizlərin sayını azaltmağa çalışan hökumət onları hərbi zavodlarda işləməyə göndərib. Belə zavodlarda təcrübəsi olmayan işçilər isə tez-tez qəzalara səbəb olur, ölüm və şikəst olma faktları üzə çıxırdı...

Müəllif: Rəşad Rüstəmov      22 May 2020 10:25
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin