Əxlaqsız (sandığın) qadının süd analığı…

Əxlaqsız (sandığın) qadının süd analığı…

Abdullah öləndən sonra Babəkin anası oğlunun on yaşına kimi xalqın uşaqlarına süd verərək muzd alırmış

 

Birinci yazı

 

İslam dünyasının ən nəhəng alimləri tərəfindən Məhəmməd peyğəmbər və İslam dini haqqında yazılan bir çox mənbəni birmənalı olaraq rədd edən, “Quran”ın və hədislərin tərcümə və təfsirində yalnışlığa yol verildiyini və bunun İslam dinini gözdən salmaq üçün bilərəkdən edildiyini iddia edən Elşad Miri Babək və Xürrəmilik hərəkatı haqqında düşmən mənbədən yazılmış məlumatları birmənalı olaraq doğru hesab edir.

 

İslam alimlərinin yazdıqlarına sonradan xələflərinin müdaxilə etdiyini (!) israrla qeyd edən Elşad Miri Babək və Xürrəmilik haqqında danışarkən, ona və hərəkata nifrət edən düşmən cəbhənin qələmə aldığı tarixə hansı əsasla güvənərək bu cür haqq qazandırır? Məntiqsizliyi ehtiva edən məntiqə E.Miri nə ad verir?

 

“Quran” ayələrinin tərcüməsində köklü surətdə yanlışa, nöqsana yol verildiyini israrla iddia edən ilahiyyatçı çox rahat şəkildə əxlaqsızlıqda günahlandırdığı Xürrəmilik dinini “ağ yuyub, qara sərir”.

 

Məşhur şərqşünas alim, professor Səid Nəfisi İranda “Babək” adlı araşdırma çap etdirib. Sovet dövründə dilimizə tərcümə olunan əsər haqqında Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun alimləri hesab edirlər ki, əsərdəki bir sıra qüsur və nöqsanlara baxmayaraq, rəngarəng Şərq mənbələri üzərində xeyli tədqiqat aparan müəllif bu qaynaqlardan Babək hərəkatına aid məlumatları böyük həvəslə seçib, özünəməxsus şərhlərlə əsərə daxil edib. Bu kitab 2011-ci ildə “Ərgünəş” nəşriyyatı tərəfindən yenidən çap olunub.

 

Xürrəmilik hərəkatı və Babək deyərkən, göz önünə Təbəri ismi gəlsə də, Səid Nəfisi tarixdə xürrəmilərdən ilk olaraq hicri 162-ci (778-779) ildə Nizam-əl-Mülkün “Siyasətnamə”sində bəhs edildiyini təsdiqləyir. Adı çəkilən müəllifdən üzü bu yana bütün tarixçilər, araşdırmaçılar birmənalı olaraq bir-birilərini təkrar etsələr də, hadisələri bəzəyir, faktları dəyişir, rəqəmləri  “helium qazıyla şarlara üfürərək” sələflərini təkzib edir, bununla da ortaya gülünc, xaos yaradan mənzərə çıxarırlar.

 

İbn-əl-Nədim “Kitab-əl-Fehrist” adlı əsərində Vaqid ibn-Təmimidən faydalanaraq Babəkin ailəsi haqqında məlumat verir: “Taygöz, səfil, əxlaqsız bir qadın varmış. Mədainli yağsatan bir kişi ilə kəbinsiz yaşayır və bir gün onunla dağ başında oturaraq şərab içirmiş”.

 

İndi özünü müsəlman hesab edən qadınların hərdən “qadın içkisi” hesab olunan mayelərdən dadması (arağın küpünə girməsini demirəm), rinoplastika (estetik burun əməliyyatı), mamoplastika (sinə böyüdülüb-kiçildilməsi) və hər növ plastika etdirməsi, namaz qılmaması, oruc tutmaması onların müsəlmanlığına bir sədəmə toxundurmasa da, o dövrdə müsəlman olmayan bir qadının şərab içməsi, sən demə, çox nadürüst bir hal imiş.

 

Nədimin yazdığından bu qənaətə gəlirik ki, bu, kənd qadınlarının qeyrət damarına toxunur və onlar cütlüyə hücum edirlər. Abdullah adlı bu kişi qoçaq tərpənib aradan çıxır, avara qadınınsa saçlarından sürüyərək işgəncə verir və rüsvay edirlər. Sonra qaçaq kişinin beynində nə baş verdiyini bilməsək də, o, qadının atasının yanına gələrək, onu istəyir. Atanın rizası ilə evlənirlər və bir oğulları dünyaya gəlir. Bu uşaq sonralar Babək adı ilə məşhurlaşır...

 

Babəkin atası Abdullah Savalan dağına səfərlərinin birində (nə üçün getdiyi barədə məlumat yoxdur - red.) bir kişinin hücumuna məruz qalaraq öldürülür. Amma Abdullah da (pis əməlindən qalmır – red.) həmin şəxsi yaralamağı bacarır və nəticədə kişi də dünyaya əlvida deyir.

 

Abdullah öləndən sonra Babəkin anası oğlunun on yaşına kimi xalqın uşaqlarına süd verərək muzd alırmış. Təmimi bu məlumatın detallarını nəzərə almadan digər informasiyaya keçir. Amma mən “nırx” deyib dayanıram, bu barədə bir az geniş düşünmək istəyirəm.

 

Süd vermək üçün qadının zahı olması lazımdır. Zahı qadınınsa uşaq doğması şərtdir. Doğmaq üçün ər-kişi lazımdır. On il süd vermək üçün bu müddət ərzində ən azından heç olmasa, üç uşaq dünyaya gətirəsən. Babəkin anasının dünyaya gətirdiyi uşaqlarsa onun bacı-qardaşları hesab olunmalıdırlar.

 

Təmimi onun bir ögey qardaşından başqa digərləri haqqında məlumat vermir. Qadın bu uşaqları kimdən, hansı nikahdan dünyaya gətirib? Doğduğu uşaqların aqibəti necə olub? Qadın uşaqları atıbmı?! Bu uşaqların atası var idimi? Tarixçilər bu qadın haqqında heç bir müsbət fikir səsləndirmirlər.

 

Kəbinsiz yaşadığı üçün ona hücum edən qeyrətli qadınlar övladlarının süd anası olmaq kimi şərəfli bir işi bu iyrənc hesab etdikləri qadına necə həvalə edirlər, anlamaqda zorluq çəkirəm. Yəqin ki, bu sualların cavabını bilsə-bilsə, Fazil Mustafa və Elşad Miri kimi “biliyə” və “inanca” sahib olan zatlar bilərlər.

Müəllif: Kəmalə Səlim Müslümqızı      20 May 2020 23:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin