“Paşinyan sözünün ağası deyil”

“Paşinyan sözünün ağası deyil”

Politoloq: “Mövcud vəziyyət təkcə Bakını deyil, Moskvanı da qıcıqlandırır”

 

“Ermənistanda hakimiyyətə müxtəlif komandalar gəldi, amma hələ indiyə kimi belə bir liderləri olmamışdı. Ermənistanın xarici siyasətində baş verən qarışıqlıqlar, eyni ilə ölkənin daxilində də baş verir. Hətta, erməni siyasətçilərinin özləri də Paşinyanın hərəkətləri qarşısında çaş-baş qalıblar”.

 

Politoloq İlqar Vəlizadə AYNA-ya açıqlamasında belə deyib. O, Ermənistanda hələ belə bir ziddiyyətli hakimiyyətin olmadığını bildirib.

 

“Paşinyan, nəinki Ermənistanın xarici siyasətinə qarışıqlıq gətirən, hətta bəzi tərəfdaşlarının onun bu mətniqsizliyi üzündən ondan üz çevirdiyi bir şəxsdir. O, hətta hakimiyyətə gəldiyi komandasını parçalamağı da bacardı”, - siyasi şərhçi qeyd edib.

Qarabağ münaqişəsinin nizamlanması barədə danışan Vəlizadə bu istiqamətdə ümidverici nəsə görmür: “Vəziyyət çox üzücüdür. Çünki Yerevanda hakimiyyətə gələn adam öz hərəkətləri və sözləri ilə heç bir hesabat vermir. Paşinyan sözünün ağası deyil. Deyir ki, “Qarabağ məsələsində son qərar separatçılara məxsusdur” və bununla da danışıqlar prosesinin gedişatı və nəticəsi üçün məsuliyyətdən boyun qaçırır. Biz separatçılarla deyil, Ermənistan hakimiyyəti ilə danışıqlar aparırıq və qərarı da separatçılar deyil, Yerevan verməlidir. Amma Paşinyan məsuliyyəti öz üzərinə götürmək istəmir. Belə bir vəziyyət təkcə Bakını deyil, Moskvanı da qıcıqlandırır”.

 

Politoloqun fikrincə, mövcud durumdan Moskva daha çox narazıdır: “Buna görə də Rusiyanın Xarici İşlər naziri Lavrov açıq bəyanatlar verir. Əslində, Lavrovun bəyanatlarına Yerevanın mövqeyini müəyyənləşdirməsi baxımından yanaşılmalıdır. Bu, təkcə Qarabağ münaqişəsinə deyil, həm də öz gündəliyinə aid bir sıra məsələlərə də aiddir. İndi top Paşinyanın əlindədir, amma görünür, o, manevr etməyə və konkret qərarlardan yayınmağa çalışır. Bütün bunların son nəticədə nəyə səbəb olacağı bəlli deyil”.

Müəllif: Nicat Hacıyev      21 May 2020 18:46
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin