Bu gün QİÇS Qurbanlarının Dünya Xatirə Günü qeyd edilir

Bu gün QİÇS Qurbanlarının Dünya Xatirə Günü qeyd edilir

Xatirə günü ilk dəfə 1983-cü ildə Amerikanın San-Fransisko şəhərində qeyd edilib

 

Hər il may ayının üçüncü bazar günü dünyada QİÇS-dən vəfat edənlər xatırlanır. Bu, ictimaiyyətinin diqqətini QİÇS xəstələri və İİV infeksiyası daşıyıcılarının problemlərinə cəlb etmək, həmçinin dünyada bu problemin yayılmasının qarşısını almaq məqsədilə keçirilir. Bu gün HİV virusunun yayılmasına qarşı insanlara xəbərdarlıq etmək və onları bu təhlükədən uzaq olmağa çağırmaq məqsədilə mühazirələr oxunur, maarifləndirici, xatirə və xeyriyyə tədbirlərinin keçirilməsi təşkil edilir.

 

AYNA bildirir ki, QİÇS Qurbanlarının Dünya Xatirə Günü ilk dəfə 1983-cü ildə Amerikanın San-Fransisko şəhərində qeyd edilib. Bir neçə il sonra həmin xəstəliyə qarşı hərəkatın simvolu yaranıb. 1991-ci ildə rəssam Frenk Mur bu xəstəlik səbəbindən həyatdan gedənlərin xatirəsinə geyimə sancaqlanmış qırmızı lent, yaxud müxtəlif rəngli parçalardan yığılmış xüsusi nişan vurmağı təklif edib. Problemə biganə olmayanlar QİÇS Qurbanlarının Dünya Xatirə Günü hazırlanmış nişanları yaxalarına taxırlar.

 

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada immun çatmazlığı virusuna yoluxanların sayı hər gün 14–15 min nəfər artır. İmmun çatmazlığı virusuna yoluxanların əksəriyyəti 30 yaşınadək olan gənclərdir. Son 25 il ərzində təxminən 25 milyon nəfər QİÇS xəstəliyindən vəfat edib.

 

QİÇS-lə xəstələnənlərin təxminən üçdə ikisi Afrikada yaşayır. Bəzi alimlərin fikrincə, “qara qitədə” hər üç nəfərdən biri immun çatmazlığı virusuna yoluxub. Hətta elə ölkələr var ki, əhalisinin 90 faizindən çoxu həmin virusun daşıyıcısıdır.

 

Həkimlərin qənaətinə əsasən, QİÇS ilk dəfə Afrikada meydana çıxıb. Onun yaşıl meymunlardan insana yoluxduğu güman edilir. QİÇS haqqında ilk məlumatlar ötən əsrin 80-ci illərində aşkara çıxmağa başlayıb və sonralar onu “XX əsrin vəbası” adlandırıblar.

Müəllif: Ayna.az      17 May 2020 19:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin