Əsas səhifə Haqqımızda Xəbər lenti

“Üç kəndimiz su altında qalacaqsa, bunun bizə nə xeyri var?!”

“Üç kəndimiz su altında qalacaqsa, bunun bizə nə xeyri var?!”

Ərəstun Oruclu: “İran Azərbaycana yönəlik siyasətdə və Ermənistanla bağlı mövqeyində həmişə qeyri-səmimi olub”

 

Artıq bir həftədir ki, ölkənin siyasi gündəminin əsas müzakirə mövzusu İranla Dağlıq Qarabağı birləşdirən körpü və bu körpü vasitəsi ilə ermənilərə İrandan dəstək verilməsi məsələsidir. Ortaya çıxan videogörüntülərdən aydın olur ki, İran Azərbaycanın işğal atında olan Cəbrayıl rayonuna sərhəd ərazidə “Xudafərin” və “Qız Qalası” adlı su anbarları inşa edir. Araşdırma nəticəsində məlum olur ki, su anbarları Azərbaycanın Cəbrayıl rayonunun 3 kəndinin su altında qalması bahasına başa oturub.

 

Bu məsələnin bir tərəfi olsa da, digər ilginc yanı da odur ki, hidroqovşaq ətrafından Dağlıq Qarabağ ərazisinə Araz çayı üzərindən körpü salınıb, yol çəkilib. Bu isə onu deməyə əsas verir ki, İran tərəfdən Qarabağ separatçılarına yardım aparılır, gediş-gəliş təmin edilir. Bu günlərdə Qarabağ ermənilərindən birinin “YouTube” sosial şəbəkəsində yaydığı video da bunu deməyə əsas verir. Belə ki, videoda bir erməni İrandan Azərbaycanın işğaldakı ərazisi Xankəndinə gedən TIR-lardan şikayət edir və deyir ki, koronavirusun ən çox yayıldığı ölkədən gələn yüklər Qarabağ əhalisini yoluxdurur. Buradan aydın olur ki, İrandan erməni terrorçularına yardım edilir.

 

İran tərəfi təbii ki, hər zaman olduğu kimi, bu dəfə də Qarabağ separatçılarına yardım məsələsini inkar edir və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Rəsmi Tehran onu da qeyd edir ki, “körpülər su anbarları üçün inşa edilib, su anbarları isə Azərbaycan tərəfi ilə razılaşdırılıb”.

 

Elə bu razılaşma məsələsinin ortaya çıxması Azərbaycanda “bomba” effekti yaratdı. Aydın oldu ki, həqiqətən də məsələ ilə bağlı rəsmi anlaşma var. Hidroqovşağın tikintisi və körpünün işğal altındakı Cəbrayıldan salınmasına, məhz 2016-cı ilin 26 fevralında Azərbaycan hökuməti razılıq verib. Bu layihənin sazişi Milli Məclisdə təsdiq edilib, keçmiş İqtisadiyyat naziri, indiki Baş Nazirin müavini Şahin Mustafayev isə müqaviləyə imza atıb.

 

Ortada bir çox suallar, qaranlıq məqamlar var ki, ona aydınlıq gəlməyib. Belə bir müqaviləyə imza atmaqla, Azərbaycan dolayısı ilə Ermənistana və Qarabağ separatçılarına bilərəkdən ya bilməyərəkdən köməkmi edir? Rəsmi Bakı suala ümumi cavab verib. Xarici İşlər nazirinin müavini Xələf Xələfov yerli KİV-ə deyib ki, burada söhbət Ermənistana və ya Qarabağ separatçılarına dəstəkdən getmir. Məsələ rəsmi şəkildə belə izah edilir ki, bu sazişdən irali gələn layihəyə Azərbaycan torpaqları azad olunanadək İranın istifadəsi, daha sonra müştərək istifadə üçün razılıq verib. Yəni ki, Qarabağ işğaldan təmizləndikdən, ərazilərimiz geri qaytarıldıqdan sonra, Azərbaycan İranla hidroqovşaqlardan istifadə edəcək, mənfəət götürəcək. Milli Məclisin bir neçə deputatı da ratifikasiya olunan sənəddə bu maddələrin yer aldığını söyləyirlər. Amma, müstəqil ekspertlər, politoloqlar əksini iddia edirlər.

Arastun Orujlu adlı şəxsin şəkli.

Mövzunu AYNA-ya şərh edən “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun fikrincə, hökumət bunu bilərəkdən gizlədib, gizli şəkildə də Milli Məclisdə ratifikasiya olunub: “Bu müqavilə həm Dağlıq Qarabağdakı separatçı rejimin əl-ayağını açır, həm İran-Ermənistan kommunikasiyalarını gücləndirir. Məsələ burasındadır ki, İranla Ermənistan arasındakı ərazilər faktiki olaraq keçilməzdir. Orada böyük yollar, nəqliyyat qovşaqları yaratmaq texniki baxımdan çətindir. Bəzi yerlərdə isə ümumiyyətlə qeyri-mümkündür. Ona görə də, Qarabağla İran arasında körpü salınması, həm də İrandan Ermənistana rahat çıxış deməkdir. Orada tikilən su anbarı, Azərbaycanın işğalda olan Cəbrayıl rayonunun bir neçə kəndini, təxminən 8 min hektara yaxın ərazisini su altında qoyur. Gec-tez torpaqlar işğaldan azad ediləcək, ərazilər Azərbaycana qayıdacaq. O zaman həmin su altında qalan kəndlərin aqibəti necə olacaq?”.

 

Analitik hesab edir ki, Azərbaycanın o körpünün inşasına, su anbarılarının tikilməsinə razılıq verməsində Rusiyanın təsiri də var: “Moskva Qarabağ separatçılarını da, Ermənistan hökumətini də, Ermənistandakı vəziyyəti də tam nəzarətdə saxlayır. Rusiya istəməsəydi, İran nə Ermənistanla, nə də Azərbaycanla anlaşıb, bu kommunikasiyaları, su qovşaqlarını yarada bilərdi. Görünür, Rusiya ilə İran ortaq maraqları əsas götürərək, müəyyən anlaşma əldə ediblər. Moskva tərəfindən də Bakıya təzyiq göstərilib, müqavilə imzalanıb. İran da bildiyimiz kimi hər zaman Ermənistanı dəstəkləyib. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistanla müttəfiqlik edib. Bu gün isə açıq şəkildə Dağlıq Qarabağdakı separatçılara dəstək göstərir”.

 

İranın Azərbaycandakı səfirliyinin açıqlamasına toxunan Ə.Oruclu vurğulayıb ki, rəsmi Tehrandan başqa cavab gözləməyə dəyməz: “İran elə bu cür də deməli idi. İranın Bakıdakı səfirliyi, hətta qapısına “İranın Azərbaycandakı səfirliyi” yazısı olan lövhəni vurmağı özünə sığışdırmır, “Bakıdakı səfirlik” yazılır. Bu ölkə hər zaman Azərbaycana qarşı belə mövqedə olub, bu gün də həmin mövqedə qalmaqdadır. Ümumiyyətlə, İran daim ağ yalan danışan bir dövlətdir. Təbii ki, bütün dövlətlər yalan danışır. Amma İranın yalanı müstəsna yalandır. Xüsusən də Azərbaycana yönəlik siyasətdə, Ermənistanla bağlı mövqeyində həmişə qeyri-səmimi olub”.

 

“Mən Qarabağ separatçılarına yardım daşıyan İran TIR-larının videolarını görmüşəm. İndi sual olunur ki, əgər körpü Qarabağa işləmirsə, o zaman həmin TIR-lar necə getdi, o yardımlar necə aparıldı? Burada söhbət təkcə Qarabağ yox, Ermənistanın blokadadan çıxmasından gedir. Görünür, Azərbaycan tərəfinin bütün bunlara görə Tehrana sərt irad bildirmək imkanı yoxdur. 1998-ci ildə də bu məsələ gündəmdə idi. İran su anbarı tikintisində çox israr edirdi. O zaman Heydər Əliyev qəti şəkildə rədd cavabı verdi. “İranın su anbarı nəyinə lazımdır”, - sualına cavab tapmaq çətindir. Bu dövlətin həmin bölgədəki infrastrukturu haqqında tam məlumatlı deyiləm. Amma bunun Azərbaycana heç bir xeyri ola bilməz. Ölkənin 3 kəndi məzarlığı ilə, evləri ilə birlikdə su altında qalırsa, 8 min hektar ərazi yararsız hala düşürsə, burada heç bir xeyirdən danışmaq olmaz. Üstəlik də bunlardan mənfəət götürən Azərbaycan yox, İrandır. Həmçinin də, ərazilərimizi işğal etmiş Ermənistan və Qarabağ separatçılarıdır”, - politoloq əlavə edib.

Müəllif: Anar Bayramoğlu      11 May 2020 14:32
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin