Beynimizin amputasiyasından öncə: 9 May, Levitan və babam

Beynimizin amputasiyasından öncə: 9 May, Levitan və babam

Azərbaycan bu günü böyük coşqu ilə qeyd edərdi, ta ki, növbəti yaranı alanadək...

 

Bu gün Qələbə Günü - Böyük Vətən müharibəsinin başa çatdığı gündür. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzaladı və bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə sonlandı. Azərbaycan da postsovet məkanına daxil olan digər dövlətlər kimi hər zaman bu günü böyük coşqu ilə qeyd edərdi. Ermənilər 1992-ci il may ayının 8-də bu özəl günə bir neçə saat qalmış Azərbaycana növbəti yaranı vurana qədər. O gündən bayram sevinci bizim üçün “dəfn edildi”. Xalq olaraq bir daha qəddimiz əyildi, başımız sinəmizə endi. Əsası 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulan Şuşa işğal edildi. “Kiçik Paris”, “Zaqafqaziyanın konservatoriyası” adlandırılan qala şəhərimizi, mədəniyyət mərkəzimizi, musiqi beşiyimizi itirdik.

 

Tomas de Val 2003-cü ildə Nyu-York Universitetində ingilis dilində nəşr etdirdiyi “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Thomas de Wall - Black Garden: Armenia and Azerbaijan Throug Peace and War) əsərində Şuşanın üç dəfə tamamilə yandırıldığını qeyd edir: 1905, 1920, 1992-ci illər. Hər dəfə bərpa olunan, dirçələn Şuşa sonuncu dəfə Azərbaycandan birdəfəlik qoparıldı. Şuşanın işğalı maddi-mənəvi abidələrin, şərəfli tarixin izlərinin məhv edilməsi idi. Həmin gün Azərbaycanın beyni amputasiya edildi. Bu əsər 2008-ci ildə Azərbaycancaya, 2014-cü ildə ermənicəyə tərcümə edilib.

Bu gecə yuxuma girmişdi Şuşa... -     VİDEO

İkinci Dünya müharibəsinin tərkib hissəsi olan, bizim üçün Böyük Vətən Müharibəsi statusu alan hərbin miqyası, əhatə etdiyi coğrafi ərazi çox böyük idi. Sərhəddə yerləşən Belarus isə demək olar ki, hazırlıqsız yaxalanmışdı. Partizanların və gizli fəaliyyət göstərən dəstələrin həmlələrindən çox böyük itki verən fürerçilər bunun heyfini mülki əhalidən alırdılar.

 

Xatın kəndinin partizanlara yardım etdiyi güman edilən 149 sakinini güllələyən, diri-diri yandıran faşizmin məğlubiyyətini bayram etmək Belarusun doğal haqqıdır. O, mülki əhali və döyüşçüsü ilə yanaşı, kəndlərini də şəhid verdi. Onlardan biri - Xatın başdan-başa yandıralaraq xarabaya çevrildi. 1969-cu ildə kəndin yerində dinc əhalinin kütləvi şəkildə məhv edilməsinə, düşmənə qarşı xalqın göstərdiyi dirəniş, dəyanət və əyilməzliyə görə memorial kompleks açıldı. Xatın Belarus xalqının faciəsinin rəmzinə, Böyük Vətən müharibəsi tarixinin ən kədərli səhifələrindən birinə çevrildi. Müharibə dövründə baş verən bu soyqırımın bənzərini Xocalı şəhərinin timsalında, atəşkəs şəraitində yaşasaq da, sədasını Xatın qədər duyura bilmədik. Biz Xatından çox danışmalıydıq. Danışmalıydıq ki, Xocalıdan bəhs etmək şansımız olsun. Bizi hər sahədə sıxışdıranlardan haqqımızı ağıllı manevrlər vasitəsilə ala bilərdik.

 

Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan xalqları – müsəlman monqoloidləri “dağıdıcı qüvvə” hesab edən Hitler “Mənim mübarizəm” kitabında yazırdı ki, “onlar ali irqin qullarına çevrilməlidirlər”. Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək arzusunda idi.

 

Azərbaycan da “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarına qoşulub alman faşizminə qarşı müharibəyə qalxdı. 1941-ci ilin iyunun 22-də Bakıda qəsbkarlara qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində müharibənin ilk günlərində 40 min nəfər, o cümlədən 1000 nəfərə qədər qız könüllü olaraq cəbhəyə getmək üçün respublika Hərbi Komissarlığına müraciət etdi. 1943-cü il yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olunmuşdu. Onların arasında 11 mindən çox qadın var idi... Rus dilini bilməmək müharibənin ilk aylarında azərbaycanlı döyüşçülər üçün ciddi çətinliklər törədirdi. Bundan istifadə edən bəzi şovinist zabitlər onlarla təhqiramiz, kobud rəftar edirdilər...

 

“Azərbaycanda tankların keçə bilməməsi üçün 16841 maneə yaradıldı, 91 km uzunluğunda dərin xəndəklər qazıldı. Atəş nöqtələri ilə arxanı birləşdirən 535 km uzunluqda gizli əlaqə yolu çəkildi. 1 milyon 800 min kv.m torpaq işi görüldü. Müdafiə xəttinin tikintisində kişilərlə birlikdə qadınlar da iştirak edirdilər. Tikintidə təkcə Bakı şəhərinin 17 rayonundan 16721 kişi, 23906 qadın iştirak etmişdi”. (AMEA A.Bakıxanov adına Tarix İnstitutu, “Azərbaycan Tarixi 1941-2002-ci illər”, VII cild, Bakı, ELM, 2008).

 

Bu, müharibə başlanan andan cəbhəyə xidmət, arxa cəbhədə qüvvələri səfərbər etmək sahəsində xalqımızın gördüyü işlərdən biri idi. Biz o illərdə fədakarlıq, mətinlik, dözümlülük nümayiş etdirməkdə heç bir xalqdan geri qalmırdıq. Amma nabələd biri ermənilərin müharibə tarixinə nəzər salsa, ən böyük pay sahiblərindən birini onlar hesab edər...

 

Müharibədə Sovet İttifaqı xalqları 27 milyon nəfərdən artıq şəhid verdi. Onlardan 300 000 min nəfərdən çoxu Azərbaycanın payına düşdü. Bu, cəbhəyə yollanmış hər iki əsgərdən birinin həlak olması demək idi. “Bu, bizim qələbəmiz, bizim bayramımız deyil” deyənləri (dedirtənlər məlum!) anlaya bilmirəm. Rejimlərin dəyişilməsi, hakimiyyətlərin əvəzlənməsi cəbhədə həlak olmuş, itkin düşmüş əsgərimizin, minlərcə şikəst olmuş veteranımızın şərəfi ilə oynamaq anlamınamı gəlməlidir? Arxa cəbhədə fədakarlıq edən, hər şeyi ön cəbhəyə göndərən, acından, soyuqdan dünyasını dəyişən xalqımızın dörd illik rəşadətinə kölgə salmağa ixtiyarınız varmı?!

 

Bakı Leninqrad, Brest kimi “qəhrəman şəhər” statusu almadı, vermədilər. Hər beş təyyarədən, hər beş tankdan, hər beş avtomobildən dördünün Bakı yanacağı ilə işlədiyi Böyük Vətən Müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq payı canı, qanı bahasına başa gəldi. Hitlerin hərisliklə arzuladığı neftimiz olmasaydı, bu qələbə qazanılacaqdımı? Ən azından bu, dörd ildən tez baş verəcəkdimi? 70 illik birgə yaşam zamanında Moskvadan bunu - paytaxtımızın tarixi adının verilməsini tələb etməliydik, əslində. “Biz bu müharibədə iştirak etməməliydik” sloqanıyla Bakının əziyyətini yerə vurmağa haqqının çatdığını zənn edənləri sadəcə qınayıram!

Biz necə döyüşmüşük –

Respublikamızda yaradılan 77, 223, 271, 402, 416-cı milli diviziyalarda tarix yazan həmvətənlərimizin ruhu qarşısında baş əyirəm. Silah-sursat fondu üçün 30 min rubl vəsaitini köçürən, 90 yaşlı Ağdam kolxozçusu Səadət Nəcəf qızının qarşısında baş əyirəm. Bu günə qədər qəhrəmanlığı layiqincə qiymətləndirilməyən və bunun sözünü etməyən xalqımın özünə olan biganəliyinə görə təəssüf hissi keçirir və yenə də önündə sayğıyla əyilirəm.

 

Sovet İttifaqı Qəhrəmanı (rus. Герой Советского Союза) SSRİ-nin təsis etdiyi ən titullu, ən yüksək qəhrəmanlıq medalı hesab olunur. Böyük Vətən müharibəsində iştirak edənlərdən 12 min 777 nəfəri bu ada layiq görülüb. Sovet İttifaqı Qəhrəmanı adı alanlar arasında ilk sırada ruslar qərarlaşıb, 8 min 160 rusa Sovet İttifaqı Qəhrəmanı adı verilib. Əhalinin ümumi sayına görə hesablandığı zaman isə ilk sırada fransızlar qərarlaşıb. 1939-cu ildə SSRİ-də həyata keçirilən siyahıya almaya görə İttifaq ərazisində 1637 fransız yaşayıb. 4 nəfər fransıza Sovet İttifaqı Qəhrəmanı adının verilməsi o deməkdir ki, hər 409 fransıza 1 Sovet İttifaqı Qəhrəmanı düşüb. 1939-cu ildə əhalinin siyahıya alınmasına görə keçmiş SSRİ ərazisində yaşayan azərbaycanlıların sayı 2 milyon 275 min 678 nəfər göstərilib. Bu isə o deməkdir ki, hər 52 min 922 nəfər azərbaycanlıya 1 nəfər Sovet İttifaqı Qəhrəmanı düşüb.

 

Əhalinin ümumi sayına düşən Sovet İttifaqı Qəhrəmanları siyahısında ruslar 9, ukraynalılar 10, belaruslar 12, ermənilər 13, yəhudilər 14, gürcülər 18, tatarlar 20, qazaxlar 23, azərbaycanlılar isə 28-ci sırada yer alıb. Azərbaycandan 54, Ermənistandan isə 107 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bir məsələni qeyd edim ki, bu qəhrəmanların tərkibi müxtəlifdir, Qafqazda yaşayan xalqların nümayəndələri yaşadıqları respublikanın qəhrəmanı siyahısında təmsil olunublar. Ən maraqlısı isə Ermənistanın qəhrəmanlarının əksəriyyətinin (bu siyahıda) gürcü əsilli olmasıdır. 

 

İkiqat Sovet İttifaqı qəhrəmanı (rus. Дважды Герои Советского Союза) adı verilən şəxslərə ikinci dəfə "Qızıl Ulduz" medalı verilir, ona vətənində bürünc büst qoyulurdu. SSRİ-də ümumilikdə bu fəxri ada 154 nəfər, Azərbaycanda isə general-mayor Həzi Əhəd oğlu Aslanov layiq görüldü - 22 dekabr 1942-ci ildə. Burda da ermənilər bizdən öndə oldular. İvan Baqramyan və Nelson Stepanyan iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Hərbi Hava Qüvvələrinin zabitləri, tank qoşunları, artilleriya, hərbi akademiyaların tələbələri sırasındakı ermənilər rəşadətlərinə görə SSRİ-də dördüncü yerdə qərarlaşdılar.

General Həzi Aslanovun doğum günüdür

Bunları nəzərə çatdırmaqla bu xalqın nümayəndələrinin döyüşmədən bu titullara sahib olduğunu söyləmək fikrindən uzağam. Amma qəhrəmanlıq paylarının şişirdilməsi, ermənilərin digər xalqlardan gözgörəsi üstün təqdim edilməsi onların yürütdüyü ağıllı, uzaqgörən siyasətin nəticəsidir. Bizim kişilər onların qadınlarıyla eşq macərası yaşayanda onlar sərhədlərini böyütmək, böyütdükcə möhkəmləndirmək taktikasını cızırdılar. Həyatı boyu hərbi sahədə işləyən atam hər zaman deyərdi ki, Həzi Aslanov Üçqat Sovet İttifaqı Qəhrəmanı (rus. Трижды Герои Советского Союза) adını almağa layiqdir. Onun keçdiyi döyüş yolu bunu təmin edib. Tədbirlərdə, paradlarda, verilişlərdə Həzi Aslanovun ikiqat qəhrəmanlığını söyləyib qürurlananda o, həmişə əzab çəkirdi. “Qəribə xalqıq, bizə nə sunurlarsa, onunla da kifayətlənirik. Respublika adına tələb edib layiq olduğu fəxri adı almaq yerinə necə də fərəhlənirik”. Bu fəxri ad 3 nəfərə - Budyonnı Semyon Mixayloviç, Kojedub İvan Nikitoviç, Pokrışkin Aleksandr İvanoviçə təqdim edildi.

 

Dördüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə dörd dəfə "Qızıl Ulduz" medalı verilir. SSRİ-nin qəhrəmanlıq medalı Dördqat Sovet İttifaqı Qəhrəmanı (rus. Четырежды Герои Советского Союза) adı iki nəfərə təqdim edilib: Jukov Georgi Konstantinoviç və Brejnev Leonid İliçə. Birinci bu adlara 1939, 1944, 1945 və 1956-ci illərdə layiq görüldüyü halda, ikinci 1966, 1976, 1978 və 1981-ci illərdə sahiblənib. Yüksək adlara olan bu yanaşma tərzi bəzi xalqların keçdiyi döyüş yolunun kölgədə qoyulub, bəzilərinin gördüyü işin həddindən artıq şişirdilməsinin bariz nümunəsidir.

 

Sovet İttifaqı Qəhrəmanı olan erməni qəhrəmanların ikisinin taleyindən bəhs edən, sovet dövründə istehsal olunan, çəkilişlərinin bir qisminin Bakıda aparıldığı filmin kadrarxası məqamlarından “Bir filmin izi ilə” seriyasından hazırladığım növbəti yazını da oxuculara təqdim edəcəm. Bu haqda Azərbaycan kinematoqrafiyasının niyə susduğunu, tamaşaçılara məlumat vermədiyini isə anlamıram.  

 

Böyük Vətən müharibəsindən danışıb Levitanı xatırlamamaq mümkün deyi. “Qovorit Moskva” cümləsi bir neçə diktorun ifasında səslənib. Ancaq hər dəfə onu eşidəndə yadımıza bir isim gəlir - Ümumittifaq Radiosunun aparıcısı Yuri Borisoviç Levitan. Çox qəribədir ki, SSRİ-nin səsi olan, Hitlerin nifrət etdiyi bu diktor yəhudi idi. Uşaqlı-böyüklü amansızcasına qətl edilən bir xalqın intiqamını faşist diktaturasından və onun sərsəm liderindən hər gün öz səsiylə alırdı. Stalinin göstərişi ilə onu Moskvada gözbəbəyi kimi qoruyurdular. Hitler onu öldürtmək istəyirdi. Böyük Vətən müharibəsində hamının qulağı Levitanın səsləndirdiyi mətndə idi. Onun məhv edilən düşmən texnikası, öldürülən faşist sayı haqda verdiyi hər bir məlumat xalqı qələbəyə səsləyirdi. Çox milyonlu sovet xalqının talismanıydı Levitan. Ordunu irəli aparan sərkərdəydi. İdeoloji güc, sarsılmaz əqidəydi. Onu adi aparıcı kimi qəbul etmirdilər. Hər şey o səsdən asılıydı. Səsin sehri, gücü ikinci bir orduydu, arxa cəbhənin zirehi idi. Hitlerin yuxusunu ərşə çəkən, ən nifrət etdiyi şəxslərdən biri idi Levitan. Valideynlərim danışırdı ki, onun dediklərini anlamasaq da, nəfəsimizi içimizə çəkib dinləyirdik. Sövq təbii hiss edirdik ki, bu əzəmətli, möcüzəli səs nəsə mühüm hadisə baş verdiyini çatdırır. Rus dilini bilənlərdən biri sonra camaata tərcümə edərmiş Levitanın dediklərini. Düşmənə dəymiş zərbə onun səsində daha əsrarəngiz görünürdü.

 

Teatr texnikumuna qəbul olmaq istəyən Levitan imtahandan kəsilir. Səbəbsə əyalət ləhcəsi və nə qədər qəribə görünsə də, cır səsə malik olması idi. Taleyin qisməti onu diktorluq peşəsinə yönəldir və o, gündə on saat diksiyası üzərində işləyərək onu mükəmməlləşdirir. Bir gün Stalin onun səsini eşidir və valeh olur. O gündən sonra Stalinin bütün fikirlərinin, eləcə də Dövlət əhəmiyyətli bütün qərarların çatdırılması Levitana həvalə olunur. 22 iyun 1941-ci il saat 12:00-da Levitan Alman xəbər agentliyinə istinadən Ervin Rommelin Şimali Afrikadakı müvəffəqiyyətləri haqda xəbər oxuyurdu. On beş dəqiqə sonra Molotov sovet hökumətinin başçısı Stalin tərəfindən tapşırılmış, elan olunmamış müharibənin başlandığını xəbər verən mətni oxuyur. Ancaq Stalin narazı qalaraq xəbərin yenidən, bu dəfə Levitan tərəfindən oxunması tapşırığını verir.

 

Dəfələrlə onun ölüm xəbəri yayılır. Hər dəfəsində onun səsini eşidən Hitler öldürülməsi üçün başına qoyduğu yüksək məbləğdə pul mükafatını artırırdı. Onun “Nasistləri yer üzündən siləcəyik!” şüarı, ordunu qələbəyə səsləyən nitqi füreri özündən çıxarır, dəli edirdi. O, “Sovetləri bu səsə güvəndikləri üçün məğlub edə bilmirəm” deyirdi. Diktorun siması gizli saxlanılır, bir neçə nəfərdən başqa onu heç kim tanımır, qaldığı yer gizlin tutulurdu.

 

Rayon əhalisinin əksəriyyəti cəbhədən xəbər almaq imkanından məhrum idi. Sov.İKP(b)-nin rayon komitələri Mərkəzi Komitənin (MK) təbliğat şöbəsinə etdikləri müraciətlərdə yazırdılar: “Müharibənin ilk aylarının təcrübəsi göstərdi ki, radio qovşaqları və yayım şəbəkələri siyasi, iqtisadi hadisələr və əhalini hava müdafiəsinə hazırlamaq üçün yeganə vasitədir”.

Yuri Levitan - Hitleri dəli edən “sovetin dəmir səsi” - MARAQLI ...

Qələbə xəbərini çatdırmaq üçün tələsən (üzdən demək olar ki, tanınmırdı) Yuri izdihamı yarıb keçməli olur. Camaat onu itələyir, “Hara soxulursan, indi Levitan danışacaq, eşidəcəksən, yerində qal və s.” itələmələrlə onun iş yerinə çatmağına mane olurdular. Bu səbəbdən o, bir neçə dəqiqə gecikir və onu gözləyən izdihama, bütün SSRi-yə qələbə müjdəsini təyin olunmuş vaxtdan gec çatdırmalı olur.

 

Hər bir xalqın haqq müharibəsində öz Levitanı olmalıdır, düşünürəm. 

 

Babam 1941-ci ildə orduya çağırılanda anam nənəmin qucağında çağa olub. 1942-ci ildə babamın "qara kağız"ı gəlib. Bir müddətdən sonra nənəm ərindən məktub alıb. Onunla döyüşən həmyerli cəbhə dostları da Səlimin (ana babam) sağ olduğunu yazıblar ailələrinə. Döyüşlərin birində öldürülən (bəlkə də yaralanan) bayraqdarın yıxıldığını görən babam bayrağı götürüb irəliyə şığıyıb. Sonrakı döyüşlərin birində (bayraqdar olub) hava hücumu zamanı baş verən partlayışdan sonra onun yıxıldığını görüblər cəbhə yoldaşları. Bundan sonrası haqda heç bir məlumat olmayıb.

 

Anam əli çatan hər yerə məktublar yazardı. O məktublar göz yaşı ilə yazılardı. Azərbaycan Televiziyasında yayımlanan “Hünər” verilişi ömürlük tənha qalan nənəmin evinə gəlib çəkiliş etmişdi. Babamdan gələn üçkünc məktubları o vaxt televizorda görmüşdüm. Proqramın aparıcısı Ramiz Duyğun “Gülsənəm Rzayevanın cəbhədən, həyat yoldaşından aldığı məktublar” deyərək şəklini tamaşaçılara göstərmiş, bəlkə tanıyan oldu deyə müharibə veteranlarına səslənmişdi...

 

Anam Böyük Vətən müharibəsinə həsr olunmuş filmlərə tamaşa edəndə hər dəfə ağlayardı. Kadrda yaralanmış, hələk olmuş sovet əsgəri göstəriləndə anamın mütləq ağalayacağına əmin olduğumuz üçün hamımız həyəcan keçirər, ürkək-ürkək onu müşayiət edərdik. Anam bu dünyaya gözlərini yumana qədər atasının sağ olduğuna, tapılacağına ümidini itirmədi...

Müəllif: Kəmalə Səlim Müslümqızı      9 May 2020 18:59
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin