Saç ustası karantindən sonra: “Daimi müştərimi tanımadım”

Saç ustası karantindən sonra: “Daimi müştərimi tanımadım”

Gözəllik salonları fəaliyyətlərini bərpa etdikdən sonra müştərilər uzun növbələrə yazılıblar

 

Xüsusi karantin rejiminin tələbləri əsasında fəaliyyəti dayandırılan bərbərxana və gözəllik salonlarının mayın 4-dən etibarən yenidən açıldı. Uzun müddət belə məkanların bağlı qalması müştəriləri sıxıntıya salmaqla yanaşı, həmin obketlərdə çalışanların dolanışığına da ciddi mənfi təsir göstərdi.

 

Qadın saç ustası Gülşən Əliyevanın AYNA-ya dediyinə görə, fəaliyyət göstərmədikləri dövrdə müştəriləri ona tez-tez müraciət edirmiş: “Hər gün müxtəlif müştərilərim zəng edərək saç kəsmək, rəngləmək, düzləşdirmək üçün müraciət edirdilər. Mən isə məcburi imtina etməli olurdum. Hətta, müştərilər özləri evə gəlmək istəyirdilər, öncələr buna da razılaşmırdım, sonra məcbur qalıb, bəzilərini tək-tək qəbul etdim. Nə edim? Yardım düşmədi bizə, başqa yerdən gəlirimiz də yoxdur. Uşaqları nə ilə dolandıraq? İndi isə müştərilər çoxdur. Demək olar, bütün müştərilərimiz gözəlləşmək üçün gəlirlər”.

 

G.Əliyeva bir müştərisini bir ay sonra tanımadığını da qeyd edib: “Xanım o qədər baxımlı xanım idi ki, həftədə 2 dəfə salona gəlirdi. Bir ay salon bağlı olduğu üçün gələ bilmədi. İki gün öncə gələndə tanımadım onu. Saçı, qaşları çoxaldığından tanınmaz halda idi”.

 

O ki qaldı qiymətlərə, müsahibimiz qiymətlərin qalxmadığını, əvvəlki səviyyədə qaldığını vurğulayıb: “Karantin dövründə bizim kimi, müştərilərimiz də işlərini, gəlirlərini itiriblər, qazancsız evdə oturublar. Qiymət artırmaq insafsızlıq olar. Hər kəsi başa düşmək lazımıdır. Karantindən əvvəl hansı qiymətə işləyirdiksə, bu dün də o qiymətə işləyirik”.

 

Başqa bir saç ustası, Türkiyə vətəndaşı Doğuka Tanrısevər də AYNA-ya, karantin dövründə müştərilərin çox müraciət etdiklərini deyib: “Karantin müddəti uzun olduğu üçün müştərilərin çoxu ya öz evlərində, ya da mənim evimdə saçlarının kəsilməsini istəyirdilər. Təbii ki, biz qaydalara riayət edirdik və müştərilərdən karantinin bitməsini gözləmələrini xahiş edirdik”.

 

“Karantin müddətində əlavə gəlirimiz olmadı deyə, dar gün üçün yığdığımız puldan xərcləyərək dolandıq. İnşallah ki, pis günlər geridə qalar. Salonumuz açılan kimi müştərilərimiz növbəyə yazılıblar. Kifayət qədər çox müştərimiz var. Amma qiymətlərimiz dəyişməyib. Əvvəlki qiymətlərlə müştərilərin xidmətindəyik”, - deyə Tanrısevər əlavə edib.

Müəllif: Təranə Xudabaxşiyeva      8 May 2020 22:50
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin