Bakı küçələrinə silahlı mafiya nümayəndələrini kim buraxıb?

Bakı küçələrinə silahlı mafiya nümayəndələrini kim buraxıb?

“Bu məsələdə birbaşa günahkarlar - keçmiş MTRŞ sədri Nuşirəvan Məhərrəmli və Prezidentin sabiq köməkçisi Əli Həsənovdur”

 

Son illər Azərbaycan telekanallarında yayımlanan yerli seriallarda mafiya, “yeraltı aləm”, kriminal mövzulara tez-tez müraciət olunur. Lakin hamıya məlumdur ki, Azərbaycanda əlisilahlı dəstələrin bu seriallarda göstərildiyi kimi açıq-aşkar dolaşması və gündəlik törətdikləri mafiya cinayətləri həqiqətə uyğun deyil. Hüquq mühafizə orqanlarının bu sahədə olduqca ciddi əmək sərf etməsinə rəğmən, son illər çəkilən Azərbaycan serialları ölkədə mafiyaların tüğyan etdiyi göstərir.

 

Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparatının rəhbəri Fazil Novruzovun AYNA-ya dediyinə görə, Şuranın buna müdaxilə etmək ixtiyarı yoxdur: “Biz insanların yaradıcılığına və peşə fəaliyyətlərinə qarışa bilmərik. Əgər hər hansı qanun pozuntuları olarsa, yalnız o vaxt müdaxilə edə bilərik. Televiziyaların kontent cəhətdən nə verdiyi bizi maraqlandırmır. İstəyir, mafiya versin, istəyir, dövlət başçısından xəbər versin, istəyir də, uşaq verilişləri versin. Biz qanunvericiliyə əməl olunmasına nəzarət edirik, mövzunun necə olmasına dair heç nə deyə bilmərik”.

MTRŞ-dən 102.0 radio tezliyinin satışa çıxarılmasına MÜNASİBƏT

MTRŞ rəsmisi belə müdaxilənin senzura hesab olunduğunu deyib: “Əgər bu mövzular kimisə narahat edirsə, telekanalın özünə müraciət ünvanlaya bilər. Çünki bu tip şikayətlərə baxılması tamamilə telekanalın ixtiyarındadır. Bu mövzular sizi narahat edə bilər, amma başqasının maraq dairəsindədir. Əgər cinayət əməllərini, zorakılığı, qəddarlığı, narkotik maddə istifadəsini təbliğ edərlərsə, bu zaman MTRŞ müdaxilə edə bilər. Buna bizdə Monitorinq şöbəsi baxır və hər hansı qanun pozuntusu hələlik aşkar edilməyib”.

 

Hüquqşünas Nicat Gözəlov isə AYNA-ya şərhində bildirib ki, bu, cəmiyyəti uçuruma aparan məsələlərdəndir: “Bunlar qanunla tənzimlənmir. Qanunvericilikdə kino yaradıcılığı və digər yaradıcılıq növlərində bu məsələ ilə bağlı hər hansı bir norma yoxdur. Sadəcə, bu, cəmiyyət üçün təhlükədir və gənclərin də psixologiyasına da mənfi təsir edir. Bu, kriminal aləmə meyilliliyin artmasına gətirib çıxarır. Bunları nəzərə alıb xəbərdarlıq vermək olar ki, müəyyən səhnələrdə frazaların işlədilməsində, hansısa silahların və narkotik maddələrin göstərilməsində onların simvolik göstərilmə metodlarından istifadə edilsin. Ancaq təəssüflər olsun ki, bu məsələdə konkret qadağa qoyula bilməz”.

<img alt="Can alan biznes - “Təki qazancım olsun, yolda qalmayım" "="" data-cke-saved-src="https://iqtisadiyyat.az/uploads/images/nbm.jpg" src="https://iqtisadiyyat.az/uploads/images/nbm.jpg">

Hüquqşünasın sözlərinə görə, MTRŞ bununla bağlı tövsiyə xarakterli müraciət ünvanlaya bilər: “Şura bununla bağlı telekanallara və həmin serialların yaradıcı heyətinə tövsiyə xarakterli məktub göndərə bilər. Məktəblilərdə kriminal aləmə meyillilik daha çox görünür. Son dövrlərdə hərənin özü üçün “Polad Ələmdar dəstəsi”, “Çakır dəstəsi” düzəltməsi, Elina cinayətinin özü də buna bir misaldır. Bunlar hamısı televiziyada kriminal aləmin açıq-aşkar göstərilməsinin nəticəsidir. Mən özüm də bununla bağlı bir layihə hazırlamışam, lakin pandemiya məsələsi ilə əlaqədar bu layihənin həyata keçirilməsi yubanmaqdadır”.

 

“Bu məsələdə keçmiş MTRŞ sədri Nuşirəvan Məhərrəmli və Prezidentin keçmiş köməkçisi Əli Həsənov birbaşa günahkardırlar. İstənilən halda, belə mafiyalar varsa, amma biz görmürüksə, gənclər də görmürlər. Niyə qabardıb ortalığa çıxarırıq ki? Bu gün Azərbaycanın əleyhinə fəaliyyət göstərən mənbələrin maliyyələşdirdiyi telekanallar Azərbaycanı dünyaya üç sifətdə tanıdıb – Azərbaycan xalqının hamısı cinayətkardır, Azərbaycan xalqının hamısı xəstədir və Azərbaycan xalqının əksər hissəsi əxlaqsızlıqla məşğuldur. Nuşirəvan Məhərrəmli kimi “muşketyorların” və Əli Həsənov kimi “Dartanyan”ın dövründə bütün televiziyanın və informasiya vasitələrinin fəaliyyəti buna yönəlib. Təəssüf ki, vaxtında qarşısı alınmayıb, artıq o qatar yola düşüb və indi onu geri çəkmək üçün xeyli işlər görülməlidir”.

Müəllif: Bünyamin      12 May 2020 23:00
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin