Hökuməti karantin tədbirlərini sərtləşdirməyə vadar etməyin!

Hökuməti karantin tədbirlərini sərtləşdirməyə vadar etməyin!

Azərbaycan Gürcüstandakı yaxşı nümunə ilə Ermənistandakı pis nümunə arasında var-gəl edir

 

Sosial məsafə, şəxsi gigiyena və özünü təcridetmə rejiminin davam etdirilməsi bu günə qədər koronavirusun yayılmasına qarşısının alınması üçün ən yaxşı vasitədir. Amma təəssüf ki, bəziləri bu barədə düşünmürlər və vətəndaşların bu məsələyə dırnaqarası yanaşması günbəgün artır.

 

Ermənistan koronavirusa yoluxmuş vətəndaşların sayına görə bölgəmizdə liderliyini qoruyub saxlamaqdadır. Mayın 4-nə olan məlumata görə, orada infeksiya daşıyıcılarının sayı 2507 nəfərə çatıb. Virus 39 nəfərin ölümünə səbəb olub.

 

Maraqlıdır ki, Gürcüstan və Azərbaycanda COVID-19 infeksiyası Ermənistandan daha əvvəl aşkar edilib. Lakin bununla eyni vaxtda (4 may) Gürcüstanda koronavirus xəstələrinin sayı 593 idi, 9 nəfər isə dünyasını dəyişmişdi. Azərbaycanda isə 1932 yoluxma faktı, pandemiyanın bütün dövrü ərzində isə 25 ölüm halı qeydə alınıb.

 

Ölkəsindəki vəziyyət Ermənistanın Səhiyyə nazirini kədərləndirib. Nazir Arsen Torosyan jurnalistlərə açıqlamasında deyib ki, mayın sonuna qədər koronavirusa yoluxanların sayı 10 min nəfərə çata bilər: “Vətəndaşları sosial məsafəni qorumağa və şəxsi gigiyenaya nəzarət etməyə davam etməyə çağırıram. Hətta, vəziyyət nəzarətdən çıxsa, Ermənistanda koronavirusa yoluxanların sayının 500 minə çatması, 10 mindən çox insanın xəstəxanalara yerləşdirilməsi və minlərlə insanın həyatını itirməsi mümkündür. İndiyə qədər xoşbəxtlikdən bu, baş verməyib, çünki virusun yayılmasının qarşısını ala bildik. Yoluxma hallarının artıb-artmayacağı vətəndaşların davranışlarından asılıdır”.

 

Ermənistanda infeksiyanın sürətinin indiki mərhələdə azalmayacağı düşünülür. Hazırda gündəlik artım müşahidə olunur. Gürcüstanda isə son günlərdə gündəlik artımların sayı 5-10 nəfər civarındadır – yaxşı nümunə. Gürcüstan necə davranır ki, yayılmanı zəiflədə bilir? Xüsusi karantin rejimində əlavə sərtləşdirmə yoxdur. Deməli, infeksiyanın yayılmasının qarşısını almağa imkan verən əsas səbəb vətəndaşların intizamlı davranışıdır.

 

Bəs, qonşuların fonunda Azərbaycanda vəziyyət necə görünür? Təəssüf ki, ürəkaçan cavab vermək mümkün deyil. Bizdə yoluxma sayı Gürcüstandan daha çox, Ermənistana isə xeyli yaxındır. Bu fakt bir çox mətləblərdən xəbər verir.

 

Əvvəlcə infeksiyaya yoluxma hallarının sürətli artımı və azsayda sağalma faktları hökuməti sərt tədbirlərə vadar etdi. Lakin statistika əksinə doğru çevriləndə Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini yumşaltmağa başladı. Və nədənsə xeyli sahədə sərbəst fəaliyyətə imkan verildi. Küçələrdə insanların sayı artdı, hətta tıxaclar meydana çıxdı. Üstəlik, nadir hallarda maska ​​və əlcəkdə kimisə görmək mümkündür, avtobusdakı oturacaqların hamısı tutulub, sosial məsafə gözlənilmir. Bu da yoluxma hallarının yenidın artmasına səbəb olur.

 

Bəs cəmiyyətin bu davranışı ikinci bir infeksiya dalğasına səbəb olarsa, nə etməli olacağıq? Məsuliyyətsiz insanların laqeyd davranışları hökuməti karantin tədbirlərini sərtləşdirmək məcburiyyətində buraxacaq. Bu, bizə lazımdır? Təbii ki, xeyr! O zaman, zəhmət çəkək, davranışlarımıza diqqət edək və hökuməti belə məcburiyyət qarşısında buraxmayaq!

Müəllif: Rauf Orucov      6 May 2020 20:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin