İlahiyyatçı ilə şair arasında qalmaqal yenidən alovlandı: "Dünyagörüşü yoxsul bir şairə..."

İlahiyyatçı ilə şair arasında qalmaqal yenidən alovlandı:    "Dünyagörüşü yoxsul bir şairə..."

"Aqşin bəy hələ də verilişin təsirindən çıxa bilməyib"

 

Son günlər şair Aqşin Yeniseyin "Facebook" profilində ilahiyyatçı-alim Elşad Miri barədə yazdığı status sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. AYNA xəbər verir ki, həmin statusda A.Yenisey ilahiyyatçını insanların başını “dinlə yumaqda” günahlandırıb.

 

Aqşin Yenisey: “Dostumuz Elşad Miri ilə ANS-dəki debatımız yəqin ki, çoxlarının yadındadır. Mən deyəndə ki, Səudiyyə Ərəbistanında universitet yoxdur, dindar qardaşımız az qaldı studiyanı partlatsın. Bayaq bir dostumuz E.Mirinin övladını ABŞ universitetlərinin birinə yola salarkən çəkdirdiyi şəkli atıb mənə ki, bu da o debatın axırı. Gənc tələbəyə uğurlar arzu edib, demək istəyirəm ki, düzgün seçim edib. Son 500 ildə islam dünyası heç bir yeni ideyaya imza atmayıb. Bele görünür, heç 500 il bundan sonra da atmayacaq. Sadəcə öz övladımızı ABŞ-a oxumağa göndərib, başqalarının övladının beynini dinlə yumağa, ən azı, ata olaraq heç birimizin haqqı yoxdur”.

 

İlahiyyatçı Elşad Miri də cavabsız qalmayıb. Belə ki, o sosial şəbəkələrdə onu ittiham edən ateistlərə və qızı haqqında nalayiq sözlər yazan dindarlara video-müraciətlə olduqca sərt reaksiya verib və ailəsinə dil uzadanların əsl İslamla əlaqələrinin olmadığını bildirib. Elşad Miri  şair Aqşin Yeniseyə də sərt sözlər ünvanlayıb:  "2012-ci ildə ANS-də mənimlə debata çıxmış Aqşin Yenisey məlum statusu paylaşdı. Debatın üstündən 7 il keçməsinə baxmayaraq, Aqşin bəy hələ də verilişin təsirindən çıxa bilməyib. Mən həmin debatda uşaqlarımızın Səudiyyə Ərəbistandakı universitetlərə göndərilməsini söyləməmişəm. Sadəcə Ərəbistanda universitet olmadığını iddia edən, dünyagörüşü yoxsul bir şairə bunun yanlış olduğunu isbat etmişəm”.

 

 

Müəllif: Ayna.az      18 İyul 2019 21:15
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin