“Qavaldaş” I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi keçirilib

“Qavaldaş” I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi keçirilib

Müsabiqənin iştirakçılarına peşəkar müəllimlər tərəfindən onlayn ustad dərsləri verilib

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və ilk dəfə olaraq I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi keçirilib. Bu barədə AYNA-ya mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Məlumatda festival-müsabiqənin keçirilməsində əsas məqsədin uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, nağara musiqi alətinin dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarət olduğu bildirilib: “30 aprel-03 may tarixlərində keçirilən müsabiqənin final mərhələsində Azərbaycanın rayonlarını və Bakı şəhərini, eyni zamanda Türkiyə, Malayziya, Rusiya, Belarusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistanı təmsil edən zərb çalğı alətləri  ifaçıları cıxış ediblər. Üç yaş qrupunda iki nominasiya üzrə 150 nəfərədək uşaq və gənc solo ifaları ilə tamaşaçılara milli zərb alətlərinin əsrarəngiz ritmlərini ustalıqla nümayiş ediblər. Festival iştirakçıları və münsiflər heyəti bu müsabiqənin dünyada ilk olduğunu qeyd ediblər”.

 

“Qavaldaş” Respublika festival-müsabiqəsinin final mərhələsi Bakı şəhərində onlayn platformada keçirilib. Üç günlük festival-müsabiqənin iştirakçılarına peşəkar müəllimlər tərəfindən onlayn ustad dərsləri keçirilib, müsabiqə təntənəli final mərhələsi ilə yekunlaşıb. Müsabiqənin münsiflər heyətində tanınmış zərb çalğı alətlərinin ifaçıları və nağara müəllimləri - Xayrullo Dadoboyev (Tacikistan), Efraim Zaltsman (İsveçrə), Denıs Vasılyev (Ukrayna), Vohobjon Tursunov (Özbəkistan), əməkdar artist Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, əməkdar artist İsgəndər Ələsgərov, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov və Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi Azər Məlikov təmsil olunub”-deyə bildirilib.

 

Layihənin müəllifi və müsabiqənin rəhbəri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə münsiflər heyəti ilə birgə iştirakçılara  müsabiqənin gedişatı haqqında  geniş məlumat verib: “Mayın 3-də bir ay ərzində keçirilən müsabiqənin yekunu olaraq üç günün sonunda onlayn müsabiqənin final mərhələsi 5 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar. Beynəlxalq münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib, müsabiqənin nəticələrinə əsasən, nağara nominasiyası üzrə Həvəskari Sadiq (Bakı, Azərbaycan) “Qran-pri” mükafatına, zərb çalğı alətləri nominasiyası üzrə isə Samuqjanov Nurilloh (Daşkənd, Özbəkistan) “Qran-pri” mükafatına layiq görülüb. 7-11 yaş üzrə nağara nominasiyasında Ağayev Kənan (Masallı, Azərbaycan) I yerə, Allahverdiyev Vaqif (Bakı, Azərbaycan) II yerə, Güləliyev Şükran (Ağdam, Azərbaycan), Həbibzadə Hüseyn (Bakı, Azərbaycan), Bağırov Səyyad (Masallı, Azərbaycan)  III yerə və Məlikov Qurban (Salyan, Azərbaycan) həvəsləndirici yerə layiq görülüb. 12-16 yaş üzrə nağara nominasiyasında Muradlı Aydın (Bakı, Azərbaycan) I yerə,  Əlizadə Rəşad (Bakı, Azərbaycan) II yerə, Emre İnanli və Kerem Saatçioğlu (İstanbul, Türkiyə), Baxşıyev Rüfət (Bakı, Azərbaycan), Rüstəmov Yusif (Bakı, Azərbaycan) III yerə və Abdullayev Şəmsi (Ağdam, Azərbaycan) həvəsləndirici yerə layiq görülüb. 17-21 yaş üzrə nağara nominasiyasında Cəfərzadə Əliağa (Bakı, Azərbaycan) I yerə, Mirsalahov Şükran (Bakı, Azərbaycan) II yerə, Sultanov Rəşad (Bakı, Azərbaycan) və Nağızadə Murad (Bakı, Azərbaycan) III yerə layiq görülüb. 7-11 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Parşik Oleksandr (Lvov, Ukrayna) I yerə, İvan Vetrov (Xarkov, Ukrayna) II yerə və Barilo İlya (Berezovka, Belarus) III yerə layiq görülüb. 12-16 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Aslanova Roksana (Daşkənd, Özbəkistan) I yerə, Hamza Taşaroğlu (İstanbul, Türkiyə) II yerə, Nasimcon Xoşimov (Xucand, Tacikistan) III yerə layiq görülüb. 17-21 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Hakimov Behzod və Hakimov Şohzod I yerə (Daşkənd, Özbəkistan), Dadoboyev Lutfullocon (Xucand,Tacikistan) II yerə, Hüseynzadə Kamil (Bakı, Azərbaycan) III yerə, Sonya Kuçerenko (Kiev, Ukrayna), Ömər Yiğit Kayacı (İstanbul, Türkiyə) həvəsləndirici yerə, Saqiyeva Dilnaz (Nursultan, Qazaxıstan) «Resm Jewelry» tərəfindən  Xüsusi Mükafata layiq görülüb. Qaliblər diplom və kubokla, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub”. Bu il Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Beynəlxalq onlayn müsabiqə üçün Mükafat Fondu yaradılıb və I maliyyə dəstəyi “Zeytun bağları” tərəfindən təsis edilib: “Qaliblərə hər Qran pri üçün  1000 manat mükafat və hər bir nominasiya üçün ayrılıqda I yer 300 manat, II yer 200 manat, III yer 100 manat mükafat verilib. Festival iştirakçıları müxtəlif milli və müasir zərb alətlərində (nağara, qoşa nağara, doyra, baraban, litavra, tambur, djembe, kahon, darbuka, ksilofon) öz istedadlarını canlı nümayiş etdiriblər”.

           

Qeyd edək ki, artıq üçüncü ildir Təhsil Nazirliyinin dəstəyi ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin festival-musabiqəsinin təşkilatçıları bu il COVİD-19 koronovirus pandemiya infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq müsabiqəni onlayn platformada “Evdə qal, ritmdən qalma” sloqanı ilə təşkil ediblər.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      4 May 2020 14:35
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin