Cəmiyyətin münasibəti dəyişir: Karantin koronavirusdan daha çox qıcığa səbəb olur

Cəmiyyətin münasibəti dəyişir: Karantin koronavirusdan daha çox qıcığa səbəb olur

Karantin rejiminin müddətinin uzadılması vətəndaşlar tərəfindən birmənalı qarşılanmır

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri təhlil edilərək, xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bununla yanaşı, bəzi yumşaldıcı qərarlar qəbul olundu, eyni zamanda, aradan qaldırılacağı gözlənilən bir sıra məhdudiyyətlə qüvvədə qaldı.

 

Operativ Qərargahın sözügedən qərarının mətni iki gündür mediada, sosial şəbəkədə tirajlandığı üçün, onu təkrar buraya kopyalayıb oxucunu yormaq istəmirik. Məqsəd bu qərara cəmiyyətin reaksiyasını öyrənməkdir. Elə bunun üçün AYNA əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:

 

Nurlan Cəfəri: “Karantin müddətinin uzadılmasının mənim üçün fərqi yoxdur. Çindəki o xala o pis yarasanı yeməmişdən qabaq da evdən yazı yazıb pul qazanırdım, indi də elədir”.

 

Rövşən Əsədov: “Xəbəri pis qarşıladım. Xalqın da durumu çətindir, işsizlik çoxalıb, iqtisadiyyata da külli miqdarda ziyan dəyib. Artıq virusu o qədər də ciddi təhlükə kimi qəbul etmirəm. Çünki bu virusu artıq kimlərinsə siyasi maraqları hesab edirəm. Məncə, müddətin uzadılması da həmin maraqlara xidmət edir”.

 

Nailə Babayeva: “İş yerlərində işçi qüvvəsi say etibarı ilə bərpa olunur, nə gözəl! Amma sərnişin daşımada məhdudiyyət qüvvədədir, metrosuz xaos olacaq, sərnişin daşınması məhduddur”.

 

Məhəmməd Türkmən: “Qərarı bəyənmədim. Karantinin adı var, özü yoxdur. Karantindirsə, o zaman şərtlər sərtləşdirilsin! Hamı işə çıxır, küçələr adamla doludur. Belə karantin olar?!”

 

Tural İsaqov: “Xalqın sağlamlığı hər şeydən vacibdir. Bizim xalq çox çətinliklərdən alnı açıq çıxıb. Maddi və digər sıxıntılar bizim xalqımızın iradəsini poza bilməz. Amma sevdiklərimizin sağlamlığı? Bax, bu, iradəmizi poza bilər. Xalqımızın sağlamlığı üçün atılan bütün addımları dəstəkləyirəm”.

 

Türkay Cəfərli: ““Möhtəşəm”. Vergilər Nazirliyi, mən vergi ödəyə-ödəyə, VÖEİN-imi dondurmuş kimi qeyd edib. Buna görə mənə yardım da verilmir. Yəni, karantinin uzadılmasını eşidəndə özümü bir vətəndaş kimi “möhtəşəm” hiss etdim”.

 

Nigar Həsənli: “Bəzi sahələrdə işsizlərin işsizlik müddəti daha da uzandı”.

 

Kənan Paşabəyli: “Küçəyə çıxanların 95%-i maska taxmır, hələ əlcəyi demirəm. Məsafə saxlamaq vərdişi, ümumiyyətlə yoxdur. Ona görə karantin rejimi də uzadılacaq”.

 

Alik Qasımov: “Mən öz ölkəmi qınamıram. Bu, dünya siyasətinin oyunudur, biz də məcbur bu oyuna getməliyik. Bir onu bilirəm ki, insanlar xəstəlikdən yox, aclıqdan öləcəklər. 2021-ci ilə kimi insanlar virusdan yox, əsəsbdən, psixi xəstəliklərdən, panikadan öləcəklər. Biz dünyaya etirazımızı bildirməsək, hələ çox bu oyunun qurbanı olacağıq”. 

 

Rahim Əliyev: “Əslində, karantin uzadılmayıb, axı. Qanunda çox yumaşltma oldu, daha xüsusi karantindən nə qadlı ki?!”

 

Tahir Tahirov: “Fikrimcə, bu qərar əsəbləri gərəcək. Təbii ki, bununla məşğul olanların maraq dairəsindədir. Necə ki, biz istəyirik, hər gün film çəkək. Yumşalma olmalı idi”.

 

Sabuhi Qafarov: “Gözlənilən idi. Birdən-birə xüsusi karantin rejiminin ləğv olunması səhv addım olardı. Mərhələ-mərhələ yumşaldılaraq tam ləğvetmə prosesinə gediləcək. Verilən qərarı doğru qiymətləndirirəm. Bir narahatedici məqam var - insanların sosial durumu, dolanışıq səviyyəsi. Bu vəziyyətə aidiyyəti orqanlar hələ də bir əlac edə bilməyib”.

 

İlqar Atayev: “Çox adamın işi-gücü yoxdur, 190 manat azdır, əksəriyyət ondan da məhrumdur. Evdə qal, sağlam öl? Yəni acından. Bu, nə qərarlardır, baş açmıram. Dövlət nə yardım edir ki, hələ evə qapayır?!”.

 

Aqşin Kazımoğlu: “Vətəndaş olaraq mənə pis təsir etdi. Kimlərsə evinə 300 manat maaş aparır, ağzı isti yerdədir. Amma işsiz insanları düsünmürlər. İnsanlar var ki, günlərlə ac-susuz qalırlar. Banklar da krediti olan vətəndaşları bir tərəfdən sıxır, vətəndaş deyəndə ki, “karantindir”, bank işçiləri “bizə nə?” cavabını verirlər. Özüm aprel ayında işsiz ola-ola, 300 manat kirayə, 70 manat kommunal ödəmişəm. Ailəmin heç bir üzvünə isə 190 manat verilmədi”.

 

Coşqun Nadirli: “İş olmasa, millət necə sağlam qala bilər? Bəzilərinin pulu var deyə oturub yeyir, bəziləri isə idmanla dolanır və ya özəl sektorda işləyir. Onlar bu ayları necə dolansınlar?!”

 

Dilarə Zamanova: “Mən düşünürəm ki, qaydalar bir qədər sərtləşdirilməlidir. Çünki bir çox inkişaf etmiş ölkələr koronavirusa görə böyük problemlərlə üzləşib. Hər gün dünyada çox sayda insan bu xəstəliyə yoluxur. Ona görə belə problemlərlə üzləşməmək üçün karantin qaydaları çox sərt olmalıdır”.

Müəllif: Təranə Xudabaxşiyeva      3 May 2020 11:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin