Karantin rejimi çox evlər “yıxıb”

Karantin rejimi çox evlər “yıxıb”

Daşınmaz əmlak bazarında ölüm sükutu hökm sürür

 

Pandemiya səbəbindən tətbiq olunmuş xüsusi karantin rejimi Azərbaycanda əmlak bazarına ciddi mənfi təsir göstərib. Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının AYNA-ya dediyinə görə, hazırda bu sahədə vəziyyət kritikdir.

 

“Ümumi iqtisadi problemlər - makroiqtisadiyyatın stabilliyinin aşağı düşməsi, ölkəyə pul axınlarının azalması, hökumətin infrastruktur, tikinti, şəhərsalma layihələrinə ayırdığı vəsaitlərin həcminin azalması əmlak bazarına ciddi təsir edir. Nəticədə bu gün daşınmaz əmlak bazarında alqı-satqı sıfır həddinə düşüb. Eyni zamanda, son zamanlar pandemiya ilə əlaqədar olaraq müəyyən məhdudlaşmaların tətbiq edilməsi bu sahədə durğunluğun yaranmasına səbəb olur”, - Osmanlı bildirib.

 

Ekspertin sözlərinə görə, əmlak bazarının iştirakçısı olan bir sıra mühüm orqanların - İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və digər bu kimi digər qurumların fəaliyyətindəki məhdudiyyətlər ev alqı-satqısı əməliyyatlarını xeyli dərəcədə azaldıb: “Bu gün əmlak bazarında sözün hər mənasında kritik vəziyyətdir. 2015-ci ildə baş verən devalvasiya prossesində belə, biz belə kritik vəziyyət görməmişdik. Üstəlik hazırda manatın aqibəti ilə bağlı xoş olmayan proqnozlar, devalvasiya ehtimalı ev alıcılarını gözləməyə məcbur edir. Əllərində nağd pulu olanlar ev almaq əvəzinə, vəziyyətdən yararlanmaq üçün manatı dollara çevirib gözləməyə üstünlük verirlər”.

 

Mərkəz rəhbəri kirayə mənzil bazarından da danışıb: “Kirayə mənzil bazarında da vəziyyət ürəkaçan deyil. Karantin rejiminə görə müvəqqəti olaran bir çox insanlar rayonlara getdiyindən, boş olan kirayə evlər çoxalıb. Bu da kirayə bazarında təklif olunan ev həcmini artırır. Buna baxmayaraq kirayə bazarında qiymətlər stabil olaraq qalıb. Turistlərin axını zamanı günlük 70-10 manata kirayə verilən evlər indi 20-30 manata təklif olunur”.

 

Ümumi mənzərəni qiymətləndirən R.Osmanlı bildirib ki, ilkin mənzil bazarında qiymətlər stabil qalıb: “İnvestorlar qiyməti aşağı salmaq istəmirlər. Amma təkrar mənzil bazarında qiymətlərin 2-5 faiz ucuzlaşması müşahidə olunur. Yay mövsümündə daha çox qiymət dəyişikliyinə aydınlıq gələcək”.

 

Əmlak alqı-satqısı ilə məşğul olan (rieltor) Mülkədar Rüstəmov da AYNA-ya açıqlamasında əmlak bazarında ciddi durğunluq yaşandığını deyib: “Karantin dövrü başlayandan müştərilər çox azalıb. Heç kim ev almaq haqqında fikirləşmir. Mənzil satanların bəziləri isə “sabah dollar qalxar, pul itirərik” düşüncəsi ilə gözləyirlər. Borcu və ya təcili pula ehtiyacı olan mənzil sahibləri isə bəzən mənzilin dəyərindən daha aşağı qiymətə evlərini satırlar. Bəzi alıcılar çox xəsis və fürsətcil davranırlar. Təcili ev satılmasını gözləyirlər. Bu zaman evin qiymətini “öldürüb” alırlar. Əvvəllər ipoteka ilə ev alan müştərilər daha çox idi. İndi ipoteka ilə evlərin verilməsi də dayandığı üçün, demək olar, ev alan yoxdur”.

 

“Kirayə mənzil, obyekt bazarından da vəziyyət ürəkaçan deyil. İşləri müvəqqəti olaraq bağlanan insanlar kirayə pulu verə bilmədikləri üçün evləri tərk ediblər. Amma onu da deyim ki, ev sahiblərinin bəziləri müştərilərinə mövcud vəziyyət ilə əlaqədar olaraq 50 faiz endirim ediblər”, - deyə M.Rüstəmov əlavə edib.

Müəllif: Təranə Xudabaxşiyeva      6 May 2020 14:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin