Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan xalqının müqəddəratını dəyişən tarix - ALTINCI YAZI

Azərbaycan xalqının müqəddəratını dəyişən tarix -       ALTINCI YAZI

Bolşeviklərin beynəlxalq diplomatiyanı nəzərə almaq forması tarixə ziddiyyətli sənədlər bəxş etməli oldu

 

Bütün köməkçi vasitələrdən istifadə olunsa da məqsədin əsas təminatçısı XI ordunun yürüş planı idi. XI ordunun nəinki günlər, hətta saatınadək Bakı üzərinə hazırladığı hücum planı - 52 nömrəli əmr heç bir əlavə şərh olmadan açıq hərbi müdaxilə aktından, yerli əhalinin öz müqəddəratını hansı sərbəstliklə həll etmə imkanından xəbər verir: ‘‘...aprelin 27-si saat 4-də hücuma keçmək və əsas qüvvələrlə Qusar, Quba, aprelin 28-də Qızıl-Burun, aprelin 29-da Astraxanka və Şamaxı, Ağsunu tutmaq...». Ordu komandanı Levandovski və digər hərbçilər hərəkətlərində tam qətiyyətli, əminliklə yanaşı, qəti qənaətdə idilər: «Mən aprelin 27-dək Dərbənddə, 27-də Xudatda, 28-də Dəvəçidə, 29-da Giləzidə, aprelin 30-da Yaşmada, mayın 1-də Biləcəri-Bakıda olacağam». Belə dəqiq proqnozlaşdırma yalnız qüvvəyə güvənmə deyil, ərəfədə keçirilən kəşfiyyat məlumatının təhlilindən irəli gəlirdi. Rabitəçi İvan Bodanov 1924-cü ildə nəşr olunmuş xatirəsində göstərmişdir: «26-dan 27-nə keçən gecə Moskvaya belə radioteleqram göndərmək lazım idi ki, Bakıda çevriliş baş vermişdir və biz Qırmızı qoşunların Bakıya yeridilməsini xahiş edirik.


...Hələ Bakıda Müsavat hökuməti idi, Moskvaya radioteleqram pərvazlandı: «Hamıya, hamıya, Moskva, Leninə. Bakıda çevriliş baş vermişdir. Müsavat hökuməti devrilmişdir. Öz qüvvəmizlə əksinqilabın təzyiqini dayandırmaq imkanı olmadığından Qırmızı qoşunları yeritməyi xahiş edirik». Elə həmin gecə XI ordu hissələri Azərbaycana hərbi müdaxilə etdilər.


Əməliyyatın son dərəcə məxfiliyi, A.Mikoyanın rəhbərliyi altında türk dilini, məişətini, yerli şəraiti bilən qrupun (Q.Musabəyov, H.Cəbiyev və b.) bələdçi-yardımçı funksiyası, Azərbaycan hökumətinin əsas hərbi qüvvələrinin qərb sərhədində cəmləşməsi aprelin 27-nə keçən gecə Azərbaycan Cümhuriyyətinin dövlət sərhədlərinin pozulmasını və ərazisinin işğalını təmin etdi. Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan hərbçilərinin məğlubiyyəti ilə bitdi: «Üçə yaxın artilleriya diviziyasını itirdi, 600-700-dək əsir düşdü». Rus ordusu isə otuz nəfərədək itki verdi. «Üçüncü İnternasional» Biləcəri stansiyasına çatanda Azərbaycan hökuməti qoşunlarının məğlubiyyətindən xəbər tutdu.


Bolşeviklərin beynəlxalq diplomatiyanı nəzərə almaq forması tarixə ziddiyyətli sənədlər bəxş etməli oldu. Bakıdan göndərilən teleqram eyni gündə - aprelin 29-da həm Bakıda, həm də Moskvada dərc edilir. Hələ, iki gün əvvəl, Sovet Respublikası elan edilməmiş, mövcud beynəlxalq hüquq normalarına məhəl qoyulmadan rus ordusu nəinki sərhəddi keçmiş, gəlib Bakıda hökumət üzvlərini, xarici missiyaları həbs edərək qazamata göndərmişdir və İnqilabi Hərbi Şuraya təntənə ilə bildirmişdir: «25 aprel tarixli 52 №-li əmrlə qoyduğunuz vəzifə yerinə yetirilmişdir». Parlaq qələbədən ruhlanan orduya «bir qədər məhdudiyyətlə» yeni əmr verilir: «XI ordu qoşunları Azərbaycanın, keçmiş rus imperiyası hüdudlarında bütün ərazisinə yiyələnsin. Əsla İranın sərhədlərini keçməmək».


Azərbaycan milli hökuməti xarici yardım almaq imkanından məhrum idi: «Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım gəlirdi. Halbuki yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr Şərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə düşmən vəziyyətindədirlər...biz iki od arasında qalan bir adam vəziyyətində idik» (M.-Ə.Rəsulzadə).


Azərbaycan hökuməti müttəfiq dövlətlərin Tiflisdəki nümayəndələrinə aprelin 27-də müraciət edib, ərazisinin bolşevik işğalı ilə əlaqədar, yenidən hücum etməmələri üçün Ermənistan hökumətinə təsir göstərməyi xahiş etmişdi. İşğaldan xəbər tutan Azərbaycan nümayəndəliyi aprelin 28-də San-Remo konfransına nota təqdim etmişdi. Lakin nə bu, nə də sonrakı müraciətlərin əməli əhəmiyyəti olmadı.
Azərbaycan Cümhuriyyətinin devrilməsi RSFSR-in XI ordusunun «ildırım sürətli öldürücü» yürüşü nəticəsində həyata keçdi: «Əgər inqilab qansız keçibsə, Müsavat hakimiyyəti devrilibsə, bu o demək deyildir ki, bizim partiyamız güclü idi. Bu ona görə belə oldu ki, XI Qızıl ordu güclü idi».


Həmid Sultanov bir neçə ay sonra etiraf etmişdi: «Hakimiyyətin devrilməsində mən özüm şəxsən iştirak etmişəm. Mən çox yaxşı başa düşürdüm ki, arxamızda MK-dan olan hörmətli yoldaşlar deyil, Yalamada yerləşən qırmızı süngülər dayanır... MK-ya ümid etmirdim ki, o işi ləngidə bilərdi». XI ordu əksinə, «əgər sutkada 25 kmirəliləyirdisə, Azərbaycanda bu sürət sutkada 50 km oldu».


Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yeri olan Azərbaycan Cümhuriyyətinin süqutundan 71 il sonra «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı»nda (1991-ci il 18 oktyabr) bu tarixi təcavüzə siyasi qiymət verildi: «1920-ci il aprelin 27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin».
«Aprel çevrilişi»nin ən böyük dərsi xaricdən ixrac olunan ideologiyaların təntənəsi naminə dövlətin, millətin maraqlarını qurban verməməkdir: milli müqəddəratın hərraca qoyulmamasını, suverenliyin itirilməməsini, ərazilərin təcavüzə məruz qalmamasını təmin etməkdir.

 

Firdovsiyyə Əhmədova

Tarix üzrə fəlsəfə doktoru, dosent

Müəllif: Ayna.az      29 Aprel 2020 01:28
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin