Sabiq nazir: “Büdcədə neft gəlirlərini bu qədər şişirtmək olmazdı”

Sabiq nazir: “Büdcədə neft gəlirlərini bu qədər şişirtmək olmazdı”

“Təkliflərimiz məmur ordusu tərəfindən boykot edildi, bəs, özləri vəziyyətin indiki həddə gəlib çatacağını proqnozlaşdıra bilmirdilər?"

 

Neft bazarı o qədər alt-üst oldu ki, “qara qızıl”ın dəyəri 1999-cu ildəki vəziyyətinə qayıtdı. Hazırda Azərbaycan nefti də daxil, bütün neft markaları son 20 ildə ən ucuz qiymətə satılır.

 

Baş verənləri AYNA-ya şərh edən sabiq Maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, hazırda bəzi çağırışlar səslənir: “Bunlar bir neçə il əvvəl xərclərə maksimum qənaət etmək, dövlət büdcəsində artıqlığın qarşısını almaq və büdcədə yüksək neft qiyməti riskləri ilə bağlı edilən çağırışlardır. Təəssüf ki, bu məsələlərə dair təkliflərimiz məmurlar ordusu tərəfindən boykot edildi. Bəs, onlar hər bir vəziyyətdə problemsiz keçinə biləcəklərini elan edərək, bu günü öncədən proqnozlaşdıra bilməzdilər? Bunu iqtisadçılar qabaqcadan söylədilər və bununla bağlı təkliflər verildi. Bu illər ərzində biz fors-major vəziyyətin hesablanması yollarından danışdıq”.

 

Ekspert deyib ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasına yönəlmiş bir sıra təkliflər var: "İnvestisiya layihələri büdcəyə daxil olmadan birbaşa Dövlət Neft Fondundan maliyyələşdirilə bilər. Bu gün Neft Fondunun özü bir sıra iri layihələri maliyyələşdirir. Yeri gəlmişkən, bir çox neft istehsal edən ölkələrin investisiya xərclərinin birbaşa Neft Fondundan maliyyələşdirilməsi təcrübəsi var və bu təcrübə özünü doğruldur. Bu vəziyyətdə büdcənin neft gəlirlərindən asılılığını 25-30%-ə endirmək mümkündür”.

Fikrət Yusifov: “Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək”

“Neftin qiymətinin əvvəllər də azaldığını nəzərə alaraq, iqtisadi yenidənqurma fonunda, 2018-ci ilin büdcə strukturunda neft gəlirlərinin payını 51%-ə qaldırmaq lazım deyildi. Heç kim neft qiymətlərinin yaxın gələcəkdə necə olacağına zəmanət verə bilmədiyi üçün, bunu etmək olmazdı. 2014-cü ildə olduğu kimi, heç kəs birdən-birə qiymətin kəskin şəkildə aşağı düşəcəyini proqnozlaşdıra bilmədi. Neft qiymətlərinin necə dəyişəcəyi öncədən məlum deyil, çünki kotirovkalar dünya siyasi arenasında baş verən proseslərdən çox asılıdır və alternativ enerji mənbələrinin sürətli inkişafı ilə əlaqədardır. Bundan əvvəl neft qiymətlərinin kəskin enməsinin miqyasını artıq yaşamışıq. Bu, təkcə bir il ərzində milli valyutanın iki dəfə kəskin devalvasiyasından sonra bütün iqtisadi və sosial göstəricilərin pisləşməsinə səbəb olmuşdu. Yenidən neftin qiymətinə ümid etmək nə dərəcədə düzgündür?”, - sabiq nazir bildirib.

 

Yusifovun fikrincə, 2018-ci ildən başlayaraq büdcə strukturunda neft gəlirlərinin payının artılması riskli addım idi: “Çünki karbohidrogenlərin indiki qiymətinə etibar edə bilməzsiniz. Neft qiymətlərinin dəyişkənliyi, neftin qiymətinin artmasından ruhlanıb, büdcə gəlirlərinin və xərclərinin artırılmasının doğru olmadığını göstərir. 2018-ci ilin büdcəsinə daxilolmalar əvvəlki ilə nisbətən dərhal 20% və ya 3 milyard 361 milyon manat artırıldı və bu, çox ciddi artım oldu. Ən əsası da odur ki, hadisə "qara qızıl"ın kotirovkaları ciddi şəkildə dağıldıqdan, 2016-cı ildəki iqtisadi böhrandan sonra baş verdi”.

Müəllif: Tanya Samsonova      28 Aprel 2020 14:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin