Əsas səhifə Haqqımızda Xəbər lenti

İranın Azərbaycan “qardaşlığı” və Ermənistan sevgisinin “sirri”

İranın Azərbaycan “qardaşlığı” və Ermənistan sevgisinin “sirri”

Rəsmi Tehran Azərbaycana qarşı ikibaşlı oynamağa davam edir

 

İranın Ermənistana davamlı dəstəyini Azərbaycan ictimaiyyəti daim narahatlıq və narazılıqla qarşılayıb. Cənub qonşumuz - dini bir və əhalisinin yarısını Azərbaycan türklərinin təşkil etdiyi ölkənin düşmənimizə isti münasibəti tərəfimizdən qəzəblə qarşılanır. Təbii ki, Tehran rəsmiləri erməni tərəfinə, o cümlədən Qarabağ separatçılarına etdikləri yardımları ya təkzib edir, ya da pərdələməyə çalışırlar. Lakin faktlar faktlığında qalır.

 

Məsələn, ötən həftə erməni mətbuatının işğal altında olan torpaqlarımıza yardım gətirən İran yük maşınlarının şəkillərini paylaşdı. Rəsmi Tehranın bunu “aramızı vurmağa çalışanların oyunu” kimi əsaslandırmağa çalışsa da, əksini isbat edəcək dəlillər təqdim etmədi. Bu faktın Azərbaycan mediasında yayılmasından sonra Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovla İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Araqçı arasında telefon danışığı baş tutdu. Araqçı videonun saxta olduğunu, ermənilər tərəfindən Azərbaycan və İran arasında düşmənçilik yaratmaq üçün ortaya atıldığını iddia etdi. Amma dediyimiz kimi, hadisənin yalan olduğuna dair ciddi arqument ortaya qoyulmadı.

 

İran niyə belə davranır? Niyə Azərbaycanın 20 faiz ərazisini işğalda saxlayan bir dövlətin ayaqda qalmasına yardım edir? Bütün bu ikibaşlı oyunu niyə oynayır?

 

Mövzu ilə əlaqədar olaraq AYNA-ya danışan “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, İranın Qarabağda separatçılarla bağlı fəaliyyəti, onlara yardım göndərməsi, yaxud orada İran vətəndaşlarının tədbirlər keçirmələri, Qarabağdan olan erməni idmançıların İranda müxtəlif idman yarışlarında çıxış etmələri ilk hadisə deyil: “Bundan başqa, Paşinyan Baş Nazir olandan sonra Tehrandakı ilk çıxışlarının birində Qarabağla bağlı verdiyi bəyanat və Qarabağın müstəqilliyi istiqamətində səsləndirdiyi fikirlər İranın Ermənistanla münasibətinə fərqli yanaşdığını göstərdi. Ermənistanın mövcud olmasında əsas rolu İran oynayır. Bunu Ermənistanın indiki və keçmiş birinci şəxsləri də bildirirlər”.

Sədrəddin Soltan: “Baş verənlər İran iqtisadiyyatının ciddi ...

“Heç kimə sirr deyil ki, Ermənistan İran üçün böyük bazar deyil. Yəni İran Ermənistan bazarından elə də böyük pul qazanmır. Amma Ermənistan vasitəsilə İran Azərbaycana təzyiqlər edir və bölgədə öz varlığını nümayiş etdirir. Məlumdur ki, Ermənistanın indiki və keçmiş rəhbərləri həmişə ikibaşlı oyunlar həyata keçiriblər. Yəni həm Qərblə oynayıblar, həm də Rusiya ilə. Digər tərəfdən, Ermənistan həm ABŞ-la oynayıb, həm NATO ilə münasibətlər saxlayır, həm də Avropa İttifaqı ilə. İsraildə də bu yaxınlarda səfirliklərini açdılar. İranın isə ABŞ, NATO və İsraillə münasibətləri yoxdur. Bu da o deməkdir ki, İran adlarını sadaladığım beynəlxalq təşkilatlarla və İsraillə Ermənistan vasitəsilə təmas qurur və özünün Ermənistanda varlığını göstərməklə bu ölkələrin siyasətinə təsir edə bilir”, - müsahibimiz deyib.

 

S.Soltan hesab edir, ABŞ Ermənistanla İran arasında iqtsadi-ticari əlaqələrin fərqli olduğu qənaətindədir: “Amerika Birləşmiş Ştatlarının rəsmi nümayəndəsinə Ermənistanla İran arasındakı ticarət əlaqəsinin sanksiyaya düşə biləcəyi ilə bağlı sual verilmişdi. Nümayəndə isə onların münasibətinin ticarət münasibətindən daha çox dostluq münasibəti olduğunu bildirmişdi. Yəni Ermənistan-İran münasibətlərinə ABŞ müdaxilə etmir. Çünki Ermənistan həm də ABŞ-ın bölgədə maraq dairəsində olan ölkələrdən biridir. Ona görə ki, burada Rusiya-Ermənistan münasibətləri də mühüm rol oynayır. Ermənistanla Rusiya arasında olan müansibətlərə görə, ABŞ İran-Ermənistan münasibətlərinə göz yumur. Digər tərəfdən, Ermənistan Rusiya ilə müqayisədə İranı alternativ kimi görür. Yəni Ermənistan Rusiyadan qaz idxal edir. Rusiyadan qaz kəsiləcəyi halda İrandan aldığı qazı bununla kompensasiya etmək fikrindədir. Buna görə də Ermənistan çalışır ki, İran tərəfi ilə qazın kub metri ilə bağlı qiymətdə razılaşsın və qiyməti aşağı salsın. Hələlik, Ermənistanın bu istiqamətdə addımlarının heç biri uğurlu deyil”.

 

“Amma İranda Ermənistanın çox güclü lobbisi və diasporu var. Bu diaspor davamlı olaraq həm Ermənistana, həm də Qarabağdakı erməni separatçılarına yardım edir. Ermənistan bölgədə əhalisinin sayına görə, koronavirusa ən çox yoluxan və koronavirusdan ən çox ölüm halı olan ölkədir. Çünki Ermənistan əhalisin böyük bir hissəsinin İranla iqtisadi əlaqələri var. İran rəhbərliyi iddia edir ki, Qarabağa gələn neft tankerlərindən xəbərləri yoxdur. Amma Ermənistan tərəfi bəyan edir ki, İrandan gələn bütün avtomobillərin hamısı polisin müşayiəti altında Ermənistana daxil olur, deməli oradan da Qarabağa keçir. Qarabağdakı ermənilər isə İrandan gələn avtomobillərə etiraz edirlər. Deyirlər ki, onlar əraziyə koronavirus yayırlar. Qarabağdakı separatçı rejim də əhalidən koronavirusa yoluxanların sayını gizlədir”, - Mərkəz rəhbəri bildirib.

 

Ekspertin fikrincə, bütövlükdə bu mənzərə onu deməyə əsas verir ki, İran böyük pul qazanmadığı halda, Ermənistanla əlaqələrini bir neçə hədəf baxımından sıxlaşdırır: “Tehran çalışır ki, həm Azrbayacana müxtəlif formada təzyiq göstərsin, həm Ermənistandakı, həm də Avropdakı ermənilərin könlünü alsın, onların yanında özünü yaxşı tərəfdən göstərsin, həm geopilitik vəziyyətdə üstün mövqelərdən birinə nail olsun, həm də Qərbin bölgədə yeritdiyi siyasəti Ermənistandan izləsin. Bütün bunların hamısı İranın Ermənistanda aktiv fəaliyyət göstərdiyinin bariz nümunəsidir. Qarabağ münaqişəsinin həllini tapması üçün İran dəfələrlə vasitəçi olmaq istədiyini bildirib. Amma İranın vasitəçiliyinə Avropa və Amerika icazə verməyib. Eləcə də Azərbaycan tərəfini də İranın bu məsələdə iştirak etməsi qane etmir”.

 

S.Soltan onu da əlavə edib ki, İranın planı əsasında Ermənistana xüsusi güzəştlər edilir: “24 aprel dünyanın heç bir yerində açıq şəkildə qeyd olunmadı. Amma Tehranda erməni kilsəsinin qarşısında kütləvi tədbir keçirildi. Bu, guya ki, İranın dini azlıqlara göstərdiyi hörmətin nişanəsi idi. İran özünü dünyada dini azlıqlara hörmət edən və qonşuları ilə xoş münasibət saxlayan rejim kimi göstərməyə çalışır. Bütün bunlar da İranın saxtakar rejim olduğunu göstərir. Çünki İran BMT-nin Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməyə, Azərbaycanın ərazi bütövlüyünə, həm də İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi çoxsaylı qətnamələrə qarşı çıxır. Bu saxtkarlıqların nəticəsi də Azərbayacana zərbə vurur”.

Müəllif: Mərahim Nəsib      29 Aprel 2020 22:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin