Azərbaycanda 4 bank bağlandı?

Azərbaycanda 4 bank bağlandı?

Mərkəzi Bankın bəzi banklara müvәqqәti inzibatçılar təyin etməsi nələrə səbəb olacaq?

 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.  Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçılara keçib.

 

Bəs, bu, nə deməkdir? Bankların bağlanması demək olarmı?

 

AYNA xəbər verir ki, məsələni şərh edən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, “Banklar haqqında” Qanunun 57-ci maddəsi ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi ilə bağlıdır: “Bu maddədə banka müvəqqəti inzibatçının təyin edilməsi şərtləri və müvəqqəti inzibatçının verəcəyi mümkün qərarlar nəzərə tutulub. Qanuna görə, Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul etdiyi gün öz işçiləri sırasından və ya kənar şəxslərdən banka müvəqqəti inzibatçı təyin edir və həmin gündən bankın rezolyusiyası prosesinə başlayır. Bununla da bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri dayandırılır və səlahiyyətlər müvəqqəti inzibatçıya keçir. Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddətdə AMB ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirir”.

 

İqtisadçının dediyinə görə, burada qərar 5 istiqamətdə ola bilər:

 

- ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulması;

- ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsi;

- körpü bankın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsi və körpü bankın investora satılması;

- ödəmə qabiliyyətini itirmiş bankın investora satılması;

- ödəmə qabiliyyətini itirmiş bankın ləğvi.

 

“Göründüyü kimi, 4 bankın bağlanması barədə fikir bildirmək tezdir. Ola bilsin, hansısa bank bağlansın, hansısa sağlamlaşdırılıb başqa banka birləşdirilsin və ya satılsın. Qanuna görə, müvəqqəti inzibatçı bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə AMB-nin ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edilə) bilər”, - S.Əliyev bildirib.

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, sözügedən hər 4 bankın uzun aylardır ciddi problemləri var idi: “Son aylar, hətta vətəndaşlar depozitlərini də bu banklardan geri çəkə bilmirdilər. Əslində, “çürük” bankların bazardan çıxarılması gecikdirilirdi, daha əvvəl verilməli qərar idi. Bu gün alınan qərarla hər 4 banka müvəqqəti inzibatçılar təyin olunub. Qanuna görə, müvəqqəti inzibatçı – maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş banklar üçün nəzərdə tutub. Deməli, hər 4 bank artıq ödəmə qabiliyyətini itirib və 30 təqvim günü ərzində müvəqqəti inzibatçılar bankların ləğvedilmə planını təqdim etməli, aktiv və passivlərini hesablamalıdırlar”.

 

“30 gündən sonra banklarla bağlı növbəti qərar olacaq. Çox güman, depozitlər Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə ödəniləcək, ilk olaraq fiziki şəxslərin depozitləri qaytarılacaq. Amma problem budur ki, Əmanətlərin Sığortalanması Fondunda indi vəsait sıfıra yaxındır, çox güman, Mərkəzi Bank Fonda kredit xətti açacaq – 4 bankda depozitlərin qaytarılmasına, təqribən, 800 mln. manat lazım olacaq, yəni Mərkəzi Bank o 800 mln. manatı versə də, geri ala bilməyəcək. Necə ki, Mərkəzi Bank Fonda əvvəl də 500 mln. manat vermişdi, o pul da batdı-getdi. Hüquqi şəxslərin depozit və cari hesablarında olan vəsaitlərin qaytarılması daha uzun çəkəcək. Hökumət həmişə qərar verməkdə gecikir, sonra problemləri daha baha qiymətə həll etməyə məcbur olur”, - N.Cəfərli vurğulayıb.

Müəllif: Ayna.az      27 Aprel 2020 14:59
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin